"Qarabağ"a da çətin olacaq, bizə də"

"Qarabağ"a da çətin olacaq, bizə də"
XƏBƏR 23 Yanvar 2023 / 15:36 4232
-  A +

"Əsas odur ki, təlim-məşq toplanışını zədəsiz başa vurduq. Həmişə çempionatımızda fasilə çox olurdu, sonra vaxt qalırdı. İndi isə fasilə az oldu".

Bu sözləri Qol.az saytına açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib. O, komandanın qış fasiləsindəki təlim-məşq toplanışı, yeni transferləri və başqa mövzular haqqında danışıb.

Abbasov hazırlıq prosesinin yaxşı keçdiyini dilə gətirib:"Yoxlama matçları keçirdik. Bu oyunlarda nəticə önəmli deyil. Əsas odur ki, praktika baxımından işlər gördük. Bunların bəhrəsi görülür. Əsas çempionata yaxşı başlamaq, xallar yığmaqdır".

Abbasov bildirib ki, fasilə zamanı Denis Marandiçi və Belaydi Pusini heyətinə qatan "Turan Tovuz" bu qış əlavə futbolçu almayacaq: "İki transfer etdik. Bugünkü çətin vəziyyətdə rəhbərlik bizə maksimum kömək etdi. Futbolçularımıza inanırıq. İnşallah, mövsümün sonunadək bu heyətlə oynayacağıq".

Mütəxəssis İmedi Aşortiyanın komandadan ayrılmasına da toxunub: "Bilirsiniz, İmedi klubdan ayrıldı. O, az şans əldə edirdi, oynamaq istəyirdi. Bu futbolçunun həqiqətən də potensialı var idi, sadəcə olaraq rəqabətdə uduzdu. Ben Aziz Daunun zədəsi var. Bu, futbol zədəsi deyil, kistası var. Ona görə də əvəzedici heyətə göndərildi".

Çalışdırıcı iki gün sonra qış fasiləsindən sonra ilk matçında lider "Qarabağ"la evdə keçirəcəkləri matç barədə də danışıb: "Əlbəttə ki, "Qarabağ"ın gücü hər kəsə bəllidir. Amma biz də evdə - öz azarkeşlərimizin qarşısında oynayacağıq. Təlim-məşq toplanışından sonra ilk oyunumuzu keçirəcəyik. İlk oyunlar həmişə çətin olur. Rəqib üçün də, bizim üçün də. Amma bu, elə bir oyundur ki, gərək, maksimum hazırlaşaq. Çünki "Qarabağ" səhvləri bağışlamır. Bunu bilirik. Rəqibi analiz edib, oyuna hazırlaşacağıq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək".

Ayxan Abbasov sonda bildirib ki, hazırkı "Turan Tovuz" ilk dövrədəki komandadan daha yaxşı səviyyədədir: "Get-gedə futbolçuların bir-birinə uyğunlaşması yaxşı tərəfdən görünür. Bunun üçün vaxt lazımdır. Amma rəqibləri də unutmayaq. Onlar da transferlər ediblər, gücləniblər. Bu baxımdan növbəti dövrə çox çətin keçəcək. Hər bir komandanın potensialı var. "Qarabağ", "Sabah", "Neftçi"dən başqa digər bütün komandalar təxminən eyni səviyyədədir. Bir də "Zirə" ilə "Qəbələ" ayrılır. Digər komandalar bir-biri ilə yaxındırlar. Ona görə də 2-ci dövrə daha çətin keçəcək. Biz də çalışacağıq ki, bu çətin mübarizədən xallar qazanaq".

Nur Zeynalova


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner