“Qarabağ”a niyə biganə yanaşırıq?

“Qarabağ”a niyə biganə yanaşırıq?
XƏBƏR 30 Avqust 2018 / 13:51 6173
-  A +

Məyusedici haldı. “Qarabağ”ın bugünkü oyununa cəmi 15-16 min bilet satılıb. Yəni stadiondakı tribunaların yarısı qədər. Və oyuna kimi bu rəqəm 20 minə çatsa, böyük şeydi.

Halbuki komanda Çempionlar Liqasında qrupa düşməsə də, Avropa Liqasının qrupuna düşmək şansı hələ də qalır. Avropa Liqası sıradan futbol yarışı deyil. Orada İngiltərə, İspaniya, Almaniya, Fransa kimi futbol nəhənglərinin təmsilçiləri oynayır. Amma hətta bu vacib yarışın “pley-off” matçında, “ölüm-dirim” oyunu öncəsində belə azarkeşlərimizin “Qarabağ” komandasına bigənəliyini görməmək mümkün deyil.

Əslində bu faktın özü belə bizdə futbola, o cümlədən də “Qarabağ” komandasına həqiqi münasibəti ortaya qoyur.

Var azarkeş, var tamaşaçı.

Bizdə beynəlxalq oyunlar zamanı futbola gələnlərin çoxunu azarkeşlər deyil, məhz elə tamaşaçılar təşkil edir. Tamaşaçı ildə bir dəfə oyuna gəlir, stadionda 2-3 şəkil çəkdirib sosial şəbəkədə paylaşır və işini bitmiş sayır. Azarkeş isə yerli çempionatda da komandalarını tək qoymur, avrokubok matçları zamanı isə bir həftə əvvəlki məğlubiyyəti unudaraq çətin anında sevimli komandalarına dəstək olurlar. Və elə dəstəyi bu gün “Qarabağ” da görəcək. Amma o dəstəyin miqyası nə qədər olacaq?

Normalda ilk matçda minimal hesabla (0:1) uduzan komandanın cavab oyununa elə bu saata qədər bütün biletlər satılıb qurtarmalıydı. Onda komanda da meydana çıxıb bütün stadionu dolu görəndə onların gücünü, ruhunu hiss edə bilərdi. Təəssüf ki, belə olmaq ehtimalı çox azdı.

Amma yenə də gec deyil. Komandaya bu biganə münasibəti bir kənara qoyub, oyuna bilet əldə etməklə bu gün “Qarabağ”a dəstək olmaq mümkündür.

Həm işğal altındakı Qarabağın adına, həm də futbolumuzun Avropadakı yeganə təmsilçisinin yoluna davam etməsinə görə.

Yeri gəlmişkən, oyuna bileti aşağıdakı ünvanlardan əldə etmək olar:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

“Qarabağ FK” Fan-şop (Park Bulvar)

28 Mall

iTicket.az saytı

Daha çox


Son xəbərlər
topaz banner