Mütəxəssislər “Qarabağ”ın yeni transferləri haqda - “Sanki məcburiyyətdən alınıblar”

Mütəxəssislər “Qarabağ”ın yeni transferləri haqda - “Sanki məcburiyyətdən alınıblar”
ÖLKƏ FUTBOLU 25 İyul 2018 / 13:41 9870
-  A +

Mövsümün sonunda Pedro Enrike, Riçard Almeyda, İbrahim Şehiç kimi aparıcı futbolçularla vidalaşan “Qarabağ” gedənlərin yerini doldurmağa çalışır. Yay fasiləsində Filip Ozobiç, Rahil Məmmədov, Abdulla Zubir, Hannes Halldorsson, Simeon Slavçev və Vaqner da Silvanı heyətinə qatan Ağdam klubu dünən daha 2  transferini açıqladı.

Artıq konqolu Con Delarj və Nigeriya əsilli isveçrəli hücumçu İnnosent Emeqara da “Qarabağ”ın uğurları üçün tər tökəcək. Birincisi Azərbaycan futbolu üçün yad sima olsa da, ikincisi köhnə tanışdır. Xatırlayırsınızsa, 2014-2015 mövsümündə ağdamlıların heyətində 8 oyuna 5 qol vuran 29 yaşlı forvardın gedişi çox ani olmuşdu.

8 yeni oyunçudan 5-i artıq müxtəlif oyunlarda meydana çıxıb. Zədəsini yenicə sağaldan Hannes Halldorsson və yeni transferlər Delarj və Emeqaranı isə hələlik iş başında görməmişik.

İndi bütün ictimaiyyəti, xüsusilə də komandanın azarkeşlərini bir məsələ düşündürür: yeni transferlərin səviyyəsi və onların komandaya xeyir verib-verməyəcəyi. Biz də məhz bu suallarla mütəxəssislərə müraciət etdik.

“Qarabağ”ın yeni transferlərini dəyərləndirən “Neftçi” klubunun keçmiş vitse-prezidenti Tahir Süleymanov söhbətə qapı xəttinə alınan oyunçulardan başladı:


Tahir Süleymanov

“Ötən mövsüm olduğu kimi indi də yeganə ümid "Qarabağ"adır. Ən pisi isə Avroliqada hər üç təmsilçimizin ilk mərhələdən kənarda qalması oldu. Artıq futbolumuzun acınacaqlı durumunu "Qarabağ"ın "kölgə"sində gizlətməyə çalışırlar. Son 5-6 ildi ağdamlılar stabil heyətlə çıxış edirdi. Hər il "yeni qan"lar gəlsə də, onurğa sütunu qorunub saxlanılırdı. Bu mövsüm durum bir qədər fərqlidir. Düşünən beyinlər - Rəşad Sadıqov karyerasını bitirmək üzrədir, Almeyda isə komandanı tərk edib. "Qarabağ"ın oyunu əsasən bu iki futbolçunun üzərində qurulurdu. Digərləri köməkçi rolda, öz mövqelərində seçilirdilər. Komanda optimal formasını yığmasa da, "Olimpiya" ilə hər iki görüşdə əsasən oyun quruculuğu planında problemlərin olduğu açıq görünürdü. Təbiidir. Artıq yenilənmiş "Qarabağ" görürük. Şehiçin layiqli əvəzləyiciləri transfer olunub. Güclü rəqabət olacağı görünür. Vaqner inamlı hərəkətləri ilə dərhal özünü yaxşı tərəfdən göstərə bildi. Şəxsi fikrimdir, braziliyalı "Qarabağ"ın oyun ruhuna daha uyğun qapıçıdır. Nə qədər özünə inamlı görünsə də, ayaqla oyunda aşırı riskə yol verməməlidir, yoxsa Fransa millisinin qapıçısının finaldakı aqibətini yaşaya bilər. Handorsson bir nömrə olması üçün çox əziyyət çəkməlidir”.

“Müdafiə xəttinə səviyyəli transfer lazımdır”

T.Süleymanovun fikrincə, Ağdam klubunda hazırda ən problemli mövqe müdafiə xəttidir və ora mütləq səviyyəli transfer lazımdır: “Rahil Məmmədov gənc, yerli müdafiəçidir. Bu səviyyədə çıxışlar üçün tam hazır deyil. Elvin Yunuszadənin gedişinə hesablanıb. Müdafiənin mərkəzində isə problemlər hiss olunmaqdadır. Kuba ağır, ləngliyi ilə yadda qalır. Uzun ötürmələri çıxmaq şərtilə oyunu müdafiədən qurmaqda problemlər var. Komandanın daha üst səviyyədə mərkəz müdafiəçisinə ehtiyacı hiss olunur. Baş məşqçi yəqin bu mövsüm də Rəşad Sadıqova güvənir”.

“Zubir Azərbaycan şərtləri üçün çox səviyyəli futbolçudur”

Yarımmüdafiə xətti barədə də danışan mütəxəssis Fransanın “Lans” klubundan alınan Abdulla Zubiri xüsusi fərqləndirdi: “Ozobiç uzun müddətdir Azərbaycanda çıxış edən futbolçudur. Fərqli sistemdə oynayıb. Liderlik etdiyi komandadan daha səviyyəli futbolçuların əhatəsinə düşüb. "Qarabağ"a uyğunlaşması üçün vaxt lazımdır.


Abdulla Zubir

"Olimpiya" ilə cavab görüşündəki kimi ehtiyat qüvvə olaraq faydalı ola bilər. Zubir Azərbaycan şərtləri üçün çox səviyyəli futbolçudur. Bu mövsüm "Qarabağ"ın ən yaxşı transferi hesab edirəm. Oyun üslubu 50 faiz Flavinyonu xatırladır. Texnikası, liderlik keyfiyyətləri, oyunu öz üzərinə götürmək qabiliyyəti ilə komandaya çox xeyir verəcək. Artıq Gerye ilə cinahda çox uğurlu tandem təşkil edirlər. Son görüşdə mərkəz, sağ-solda əlaqələr yüksək olsaydı, Zubir daha faydalı olardı. Bəzi anlarda Mahirin düşüncə səhvləri, mərkəzdə axsamalar Zubirə oyunu məcburiyyətdən daha çox öz üzərinə götürməyi şərtləndirirdi.

Bolqar Slavçevin çıxışı açığı daha qabarıq görünməli idi. Almeydanın gedişi ilə oyun quruculuğunda, xətlərarası əlaqələrdə nəzərəçarpacaq "çat"lar əmələ gəlib. Ümumiyyətlə, dünya futbolunda eyni səviyyədə həm dağıdıcı, həm də yaradıcı, əlaqələndirici lider futbolçular çox azdır. Almeydanın yerini doldurmaq asan olmayacaq. Slavçev mövqeyinə uyğun öz üzərində daha çox çalışmalıdır”.

“Qurban Qurbanov sırf nəticəyə oynadı, baxımlı oyun ikinci planda idi”

T. Süleymanov transferləri dünən açıqlanan Emeqara və Delarja isə hücum planında çox ehtiyac olduğunu bildirib: “Emeqara "Qarabağ"da çıxışları ilə tanışdır. Qısa müddətdə vurduğu qollarla yadda qalıb. İndiki durumu, hansı formada olması çox önəmlidir. Eyni sözləri Con haqqında da bildirmək olar. Təəssüf ki, komandaya gec qoşuldular. Hər həftə çox məsul, taleyüklü oyunlar gəlir. Fiziki durumları çox önəmlidir. Eyni zamanda komandaya uyğunlaşmalarına vaxt da yoxdur. Bu amil axsaqlıqlar yarada bilər. Hücum planında hər iki futbolçuya meydanda böyük ehtiyac var.

Son oyun da onu göstərdi ki, Qurban Qurbanov komandada olan problemləri bildiyinə görə sırf nəticəyə oynadı. Gözəl, baxımlı oyun ikinci planda idi. Qarşıdakı görüşlərdə oyun intizamı yüksək səviyyədə təmin edilməli, baş məşqçinin tapşırıqları 100 faiz yerinə yetirilməlidir. Futbolçular artıq hərəkətlərə, düşüncə olaraq sistemi pozmağa bir faiz də belə yol verməməlidir. Qeyd etdiyim kimi Almeydanın yoxluğunda xətlərarası əlaqələr hələ ki, yüksək deyil, futbolçular tam uyğunlaşma dövrünü keçməyiblər. Hər yersiz top itkisi komandaya baha başa gələ bilər. Ümumilikdə bütün transferlərin səviyyəsi yerindədir. Hansıların daha uyğun gəlib gəlməməsini zaman göstərəcək”.

“Məşədi İbadın sözü olmasın...”

Futbol meneceri Erkin İbrahimov isə “Qarabağ”ın Delarj və Emeqaraya qədər aldığı futbolçuları uğurlu transfer sayır:


Erkin İbrahimov

“Hazırda qapıçı mövqeyi daha etibarlıdır. Hər iki qapıçısı bir-birindən yaxşıdır. Məşədi İbadın sözü olmasın, dəli şeytan deyir, gəl, hər ikisini qoy qapıya. Bilmirsən, hansını seçəsən. Bu, baş məşqçi üçün böyük xoşbəxtlikdir. Bu iki qapıçı ümumilikdə, Şehiçlə Kanibalotskidən qat-qat üstündür. Düzdür, Şehiç kifayət qədər etibarlı olub. Ancaq bəzən vacib görüşlərdə bağışlanmaz səhvlər edirdi. Bir oyunçunun ürəyi komandada deyilsə, onu saxlamaq da düz deyil. Ən böyük sual Almeydanın gedişi ilə bağlıdır. Hələ tutmaq olmur ki hansı futbolçu onu əvəz etməlidir. Çünki Ozobiç nisbətən irəlidə çıxış edir, hücuma can atır. Slavçev isə əksinə, daha çox müdafiə planında olan futbolçudur. Görünən odur ki, Almeydanın yerində Coşqun oynayır. Amma Almeyda hara, Coşqun hara? Məncə, ən böyük problem budur. Komanda Almeydadan asılı idi. Nə vaxtsa getməliydi və bu asılılığa son qoyulmalı idi. Adama elə gəlir ki, “Qarabağ” bir az başqa futbol oynamağa çalışır. Artıq dünya futbolunu diktə edir. Qurban Qurbanov “Qarabağ”ı quranda “tiki-taka” oyun üslubu dəbdə idisə, indi müdafiədə daha çox praqmatik, irəlidə isə atletik futbol sərgiləyən komandalar uğur qazanırlar. Yəqin Qurban Qurbanov da bunu izləyir və komandanı tam dəyişmək qərarına gəldi. İstər Slvaçev olsun, istərsə də Zubir, hər ikisi çox xoşuma gələn oyunçudur. Komanda oyunu oynayırlar. Bundan başqa, Zubir çox maraqlı fərdi keyfiyyətlərə də malikdir. Oyunun taleyini təkbaşına həll edə biləcək futbolçuya bənzəyir. Düzdür, bir az vaxt keçməlidir. Ancaq artıq futbolçunun yerişindən onun səviyyəli olub-olmadığını görmək olur. “Olimpiya” ilə keçirilən hər iki oyunda da gördük ki, faciəvi heç nə yoxdur. Sadəcə, komandada nəsil dəyişmə prosesi, kiçik “inqilab” baş verir”.

“Emeqara və Delarj sanki məcburiyyətdən alınıb”

Menecer Emeqara və Delarjın isə sanki məcburiyyətdən alındığı fikrindədir: “Son iki oyunçuya gəlincə, açığı, bu transferlə bağlı məndə də tam aydınlıq yoxdur. Sanki adamda elə təəssürat yaranır ki, başqa futbolçularla danışılırdı, alınmadıqda bunlar transfer olundu. Həm artıq 2-ci mərhələnin iştirak ərizəsini göndərmək üçün vaxt yaxınlaşırdı. Sanki düşündülər ki, nə olur-olsun, yeni futbolçuların adları o siyahıya salınsın. Düzdür, Emeqara Azərbaycana gəlib-getmiş 5 bəyəndiyim legioner varsa, onlardan biridir. Amma həmin vaxtdan sonra xeyli müddət keçib. Kiprin ortabab klubunda çıxış edib. Çox da dəhşətli məhsuldarlıq göstərməyib. Amma biz işin içində deyilik. Ola bilər, Delarj və Emeqara ilə müqayisədə qat-qat səviyyəli futbolçularla danışılırdı. Hansısa səbəblərə görə alınmadı. Sanki bunlar da B planı futbolçularıdır. Təki mən yanılım. “Qarabağ” “Kukesi” səddini aşarsa, bəlkə bundan sonra başqa futbolçu transferi gündəmdə olacaq. Məncə, qrupa düşsələlər, daha bir hücumçu ala bilərlər. Delarjla Emeqaranın “Kukesi” ilə oyunlarda meydana çıxması çox çətin görünür. Çünki komanda ilə düz-əməlli məşq etməyiblər. Qurban Qurbanovun prinsiplərini bilirik. Bu məsələlərdə çox həssasdır. Nəinki “Kukesi”, hətta deyərdim ki, BATE-ni də bu transferlərsiz keçmək olar. Ancaq transferlər yalnız hansısa ikili oyunlar üçün edilmir. Ümumi mövsümü nəzərə alıb yeni futbolçu alırlar. “Qarabağ”a bu tipli futbolçular lazım idi. Heç nə olmamaqdansa, bunlar yaxşıdır. Məncə, bunların uğurlu transfer olub-olmamağını zaman göstərəcək”.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır