“Artıq danışdı, mən də cavabını verdim” - Orxan Sadıqlı

“Artıq danışdı, mən də cavabını verdim” -  Orxan Sadıqlı
ÖLKƏ FUTBOLU 2 Aprel 2018 / 00:44 5426
-  A +

“Keşlə”nin qapıçısı Orxan Sadıqlı Topaz Premyer Liqanın 21-ci turunun “Qarabağ”la oyunundan sonra jurnalistlərin suallarını cavablanıdırıb. Qol.az-ın məlumatına görə, Kamran Ağayevin zədələnməsindən sonra onun əvəzinə meydana daxil olan qolkiper əvvəlcə 1:1 hesabı ilə başa çatan görüşü şərh edib.

- Açığı, meydana daxil olacağımı gözləmirdim. Kamranın dizində ağrılar var idi və onu əvəz etməyimi istədi. Heç isinmə hərəkəti də etməmişdim, lakin çox sevinirəm ki, meydana çıxdım və yaxşı da olmasa, normal oyun nümayiş etdirə bildim. Əsas məqsədimiz uduzmamaq idi ki, bunu da bacardıq.

- Səfərdə qazandığınız 1 xalı qənaətbəxş saymaq olar?

- Əlbəttə. Çünki “Qarabağ” ölkəmizi Çempionlar Liqasında təmsil edən bir klubdur. Onlar 3-4 ilin yox, illərin komandasıdır. Biz isə yeniyik. Heyətdə 2-3 nəfər köhnə futbolçu var. Çalışırıq ki, “Keşlə”nin adını ucaldaq, çempionatda hara qədər gücümüz çatırsa, ora qədər gedək. Əsas hədəfimiz isə kubokdur.

- Kənardan Slavik Alxasovun vurduğu qol necə göründü?

- Çox gözəl. Slavikdə belə zərbələr var. Sevindirici haldır ki, bizim komandada müdafiəçilər də qol vura bilirlər. Onu təbrik edirəm.

- Yeni transferlərinizdən Ebrima Sohna sanki komandaya lazım olan köməyi edə bilmir...

- Transfer elə bir məsələdir ki, heç bir futbolçunun bu haqda danışmağa haqqı yoxdur. Onu komandaya gətiriblərsə, deməli, belə məsləhətdir. Hər şey təkcə ondan asılı deyil. O da əlindən gələni edir ki, komanda üçün xeyirli olsun. Sadəcə, ola bilər, bir az yorğun görünürdü. Çünki “İnter Arena”da məşq etmək çox çətindir. Sohna da yeni gələnlər kimi çalışır ki, nəsə etsin.

- Oyunun sonlarında Dani Kintana ilə mübahisə yaşandı. Aranızda nə baş verdi?

- Adi oyun epizodunda yaşanan bir haldır. Sadəcə, öz dilində artıq danışdı və mən də cavabını verdim. Oyundan sonra yaxınlaşdı və bildirdi ki, problem yoxdur. Hər şey meydanda qaldı.

- Ehtiyatda qalmağın milliyə dəvət olunmamağınla nəticələndi. Bu haqda nə düşünürsən?

- Milli komandaya hər kəs dəvət gözləyir. Yığma elə bir yerdir ki, ora kin saxlamaq olmaz. Əgər bu gün məni çağırmayıblarsa, yəqin, belə məsləhət biliblər. Hər şey insanın özündən asılıdır. Oynamaq, inkişaf etmək istəyirəm. İnanıram ki, bacaracam.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər