“Neftçi” meydanda, azarkeşləri tribunada qazandı

“Neftçi” meydanda, azarkeşləri tribunada qazandı
XƏBƏR 5 Mart 2018 / 13:43 3575
-  A +

Peşəkar Futbol Liqası və Topazın birgə layihəsi olan jurnalistlərin bölgələrə səfəri çərçivəsində "Qəbələ" - "Neftçi" oyununu işıqlandırmaq üçün Azərbaycanın şimal bölgəsinə yollandıq.

Turun mərkəzi oyunu hesab olunan qarşılaşmaya maraq kifayət qədər böyük idi. Doğma komandalarını dəstəkləmək üçün nadir hallarda stadiona gələn yerli azarkeşlər bu dəfə tribunaları demək olar ki, doldurmuşdu. Təxminən 2 mindən çox tərəfdar prinsipial görüşdə "Qəbələ"ni tək qoymamışdı. "Red-black army" azarkeş qrupu da hər zamankı kimi tribunadakı yerini almışdı. "Neftçi" də Qəbələdə dəstəksiz deyildi. Klubun yeni prezidenti Kamran Quliyevlə yanaşı, "Forza Neftçi" azarkeş qrupu da çətin səfərdə sevimli komandasının yanında idi. Azərbaycanın ən çılğın azarkeşlərindən sayılan "Forza" 90 dəqiqə ərzində dayanmadan "Neftçi"ni qələbəyə ruhlandırırdı. Ötən tur "Zirə" ilə matçda (1:1) istefa şüarları səsləndirən fanatlar bu dəfə sonadək komandalarına sahib çıxdılar. Qonaq azarkeşlərlə müqayisədə yerli fanatlar elə də çılğınlıq etmirdilər. Hətta rəqabətdə təxminən 30 nəfərlik "Forza Neftçi"yə uduzan "Qəbələ"li tərəfdarlar oyunun 70-ci dəqiqəsindən etibarən demək olar ki, susmuşdular və "Neftçi" fanatlarının tribuna şousuna tamaşa edirdilər.





Qurban Qurbanov və sürpriz qonaqlar


“Qəbələ” – “Neftçi” oyununu izləyənlər arasında milli komandamızın baş məşqçisi Qurban Qurbanovla yanaşı, sürpriz qonaqlar da var idi. Rauf Əliyevlə Nizami Hacıyev də Qəbələ şəhər stadionunda matça baxırdılar. Albaniya “Kukesi”sindən ayrıldıqdan sonra klubsuz qalan Əliyev və məlum məsələlərə görə futboldan ömürlük kənarlaşdırılan Hacıyev əyalətə istirahət üçün gediblərmiş. Fürsətdən istifadə edən futbolçular “Qəbələ” – “Neftçi” görüşünü canlı izləmək üçün stadiona gəlmişdilər.

 


Vernidub yenə “Qəbələ”ni “yıxdı”

Oyuna gəlincə, hər iki komandada ciddi itkilər var idi. "Qəbələ"də cəzalı Cavid Hüseynov və Qismət Alıyevlə yanaşı, Asif Məmmədov da görüşü buraxırdı. "Neftçi"də isə Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov və Elnur Cəfərov meydana çıxmamışdı. Qarşılaşma hər iki komanda üçün ciddi əhəmiyyət kəsb edirdi. "Qəbələ" "Qarabağ"ın "Sumqayıt"la heç-heçə etməsindən istifadə edib, xal fərqini 7-yə endirə bilərdi. "Neftçi" isə 4-cü pillədəki "Sumqayıt"a yaxınlaşmaq niyyətində idi. Yəni, hər iki komanda meydana maksimum nəticə üçün çıxmışdı. 30 nəfərin ölümü ilə nəticələnən Respublika Narkoloji Mərkəzində baş vermiş faciəvi hadisə ilə əlaqədar 1 dəqiqəlik sükutdan sonra Rauf Cabbarovun start fiti ilə matç başladı. İlk dəqiqələri başabaş mübarizə şəraitində keçən görüşdə hesabı meydan sahibləri açdı. 34-cü dəqiqədə Yusif Nəbiyevin sol cinahdan yerlə ötürməsini Elvin Məmmədov bir toxunuşla qapıdan keçirdi. İlk hissə meydan sahiblərinin minimal hesablı üstünlüyü ilə başa çatdı. İkinci 45 dəqiqəyə fəal başlayan tərəf Roman Qriqorçukun komandası oldu. 51-ci dəqiqədə Filip Ozobiçin standart vəziyyətdən cərimə meydançasına göndərdiyi topa Vitali Vernidub  istədiyi kimi zərbə vura bilmədi. Top qapıdan azca aralı keçdi. Bundan sonra da hücumlarını davam etdirən "qırmızı-qaralar" növbəti dəfə Famusso Kone ilə qol vurmağa yaxın oldu. Sürətli əks-hücum zamanı bir hərəkətlə Anton Krivotsyuku keçən Baqali Dabo topu Koneyə ötürdü. Lakin onun zərbəsini "Neftçi"nin qapıçısı Rəşad Əzizli zərərsizləşdirdi.

Oyunun 59-cu dəqiqəsində isə hesab bərabərləşdi. Sol cinahdan təşkil olunan hücum zamanı Emin Mahmudovun əzmkarlığı Vernidubun kobud səhvi ilə nəticələndi. Ötən tur “Səbail”lə görüşdə avtoqolla yadda qalan ukraynalı müdafiəçidən topu oğurlayan Mahmudov onu nəzarətsiz qalan Mirabdulla Abbasovun qarşısına atdı. Gənc hücumçu isə boş qapını nişan almaqda elə də çətinlik çəkmədi - 1:1. "Qəbələ" üçün soyuq duş effekti yaradan bu qol "Neftçi"ni isə sanki yuxudan oyatdı. Hücumların kəsərini artıran qonaqlar 73-cü dəqiqədə 2-ci qolu vurdular. İlkin Qırtımovun ötürməsindən sonra qapıçı ilə təkbətək qalan İqnasio Herrera dəqiq zərbə ilə komandasını hesabda önə çıxardı. 79-cu dəqiqədə oyunda daha bir qol vuruldu. Ozobiçin ötürməsini Vernidub başla qapıya göndərsə də, yan xətt hakimi oyundankənar vəziyyət olduğunu bildirdi və qolu qeydə almadı. Qarşılaşmada növbəti təhlükəli vəziyyət də “Neftçi”nin qapısı qarşısında yarandı. Ozobiçin uzaq məsafədən vurduğu topu Əzizli son anda küncə çıxartdı. Elə həmin hücumun davamında “Qəbələ” meydanda azlıqda qaldı. Künc zərbəsi zamanı İlqar Qurbanovdan ötürmə alan və rəqibin cərimə meydançasına daxil olmağa çalışan Təmkinə qarşı qayda pozulsa da, Rauf Cabbarov görüşü davam etdirdi və “Neftçi”nin əks-hücum qurmağına mane olmadı. Namiq Ələsgərovun uzun ötürməsindən sonra qapıçı ilə təkbətək qalan Rəhman Hacıyevi isə Yusif Nəbiyev formasından çəkərək saxladı və qırmızı vərəqə ilə cəzalandırıldı. Azlıqda qalmasına baxmayaraq, bütün qüvvə ilə hücuma atılan “Qəbələ” əsas vaxta əlavə olunmuş sonuncu – 4-cü dəqiqədə bərabərlik qolunu vura bilərdi. Lakin Ozobiçin təhlükəli zərbəsi zamanı top qapının üstündən keçdi. Cabbarovun final fiti “Neftçi”nin çətin Qəbələ səfərində vacib qələbəsini rəsmiləşdirdi.

Yenə səhv, yenə narazılıq

Oyundan sonra görüşün baş hakimi Rauf Cabbarovla bağlı narazılıqlar var idi. Azarkeşlərlə yanaşı, “Qəbələ”nin əksər futbolçuları referini yanlış qərarlar verməkdə ittiham edirdilər. Müsahibə üçün yaxınlaşdığım Təmkin Xəlilzadə isə xüsusilə aqressiv idi. Oyunun sonlarında ona qarşı aşkar kobudluğa göz yuman Cabbarovun qərarı Xəlilzadəni əməlli-başlı özündən çıxarmışdı. Həm o, həm də Elvin Məmmədov suallarımı cavabsız qoydu. Əcnəbi futbolçulara isə ümumiyyətlə yaxın düşmək mümkün olmadı. Təkcə Ruslan Qurbanov oyunla bağlı qısa fikirlərini açıqladı.

Elnur SALAHOV
Qəbələ

Son xəbərlər
topaz banner