"Bunu sensasiyalı qələbə hesab etmirəm" - Namiq Ələsgərov

"Bunu sensasiyalı qələbə hesab etmirəm" - Namiq Ələsgərov
XƏBƏR 5 Mart 2018 / 11:35 2430
-  A +

"Neftçi"nin yarımmüdafiəçisi Namiq Ələsgərov Topaz Premyer Liqanın 18-ci turunun "Qəbələ" ilə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə 2:1 hesablı səfər qələbəsini şərh edib.

- Çətin oyun keçdi. "Qəbələ" ölkəmizin güclü komandalarından biridir. Hesabda geri düşməyimizə baxmayaraq, çox çalışdıq və əzmkar qələbə qazandıq. Çox sevinirik.

- Sənin zərbəndən sonra top qapı tirindən qayıtdı. Bundan cəmi 3-4 dəqiqə sonra "Qəbələ" hesabı açdı. Həmin an psixoloji sarsıntı keçirmədin?

- Əlbəttə, heyfsləndim. Qol olsaydı, daha yaxşı olardı. Futboldur, hər top qapıya daxil ola bilməz. Əsas odur ki, axırı yaxşı qurtardı.

- Qış fasiləsindən sonra ən yaxşı oyununu keçirdin. Artıq formanı yığdığını hesab edirsən?
Bundan sonra üzərimdə işləyib daha da artırmağa çalışacam. Start heyətdə yerimi möhkəmlətmək istəyirəm.


- Gələn mövsüm də "Neftçi"də qalacaqsan, yoxsa "Jilina" təklif göndərsə, gedəcəksən?
Bu barədə danışmaq istəmirəm. "Neftçi" ilə müqaviləmi 1 il daha uzatmışam. Burda qalmaq istəyirəm.

- Ümumiyyətlə, ölkə xaricində oynamaq haqda düşünmürsən?

- Hamı legioner həyatı yaşamaq istəyir. Mənim də arzumdur ki, yaxşı klublarda oynayım. Qismət, nəyin necə olacağını bilmək olmur. Hələ ki, "Neftçi" ilə uğur qazanmaq, Avroliqaya çıxmaq istəyirəm.

- Oyunu Qurban Qurbanov da izləyirdi. Səncə, millinin baş məşqçisinin diqqətini cəlb edə bildin?

- Hamımız yaxşı oyun göstərib, milli komandaya düşmək üçün çalışırıq. Ümid edirəm ki, Qurban müəllimin diqqətini cəlb edə biləcəm.

- Millinin mart ayına nəzərdə tutulan təlim-məşq toplanışına dəvət gözləyirsən?

- Hər futbolçu kimi mən də istəyərəm ki, milliyə dəvət alım.

- "Qəbələ" kubokda da rəqibinizdir. Yəqin, razılaşarsan ki, səfərdə bu komandanı udmağınız sensasion qələbə oldu...

- Yox, mən belə demərəm. Çünki biz də "Neftçi"yik, istənilən komanda ilə başabaş oynaya biləcək gücdəyik. Ona görə də bunu sensasiyalı qələbə hesab etmirəm.

- Səncə, bu qələbə komandanın inam hissini artıracaqmı?

- Əlbəttə, qələbə qazanmağımız yaxşı oldu. Kubok oyununa daha inamlı çıxacağıq. Amma kubokla çempionat oyunları fərqlidir. Hərəsinə bir cür hazırlaşırıq.

Son xəbərlər
topaz banner