“Ermanistanla qarşılaşsaq...” - Elxan Məmmədov

“Ermanistanla qarşılaşsaq...” - Elxan Məmmədov
ÖLKƏ FUTBOLU 29 Yanvar 2018 / 21:39 5474
-  A +

AFFA-nın baş katibi Elxan Məmmədov milli komandamızın Moldova ilə yoxlama oyunu ərəfəsində brifinq keçirib. Qol.az-ın məlumatına görə, o, jurnalistlərin suallarını cavablandırıb.

- Yığmada yeni dönəm başlayır. Millətlər Liqası bizim üçün tarixi şans ola bilərmi?

- Millətlər Liqası bizlərə yeni qapılar açır. Ümid edirəm ki, komandamız bu şansdan istifadə edəcək. Artıq rəqiblər də bilinir. Yaxın keçmişdə bəziləri ilə oynamışıq, tanıyırıq. Komandanın qarşıda 6 ay vaxtı var. Hazırlıq oyunları cədvələ uyğun təşkil edilir. Sabah ilk yoxlama oyunu keçiriləcək. Burada əsas məqsəd futbolçuları yoxlamaqdır. Məncə, bu oyun Qurban müəllim üçün çox vacibdir. Mart ayında da yoldaşlıq oyunları təşkil olunacaq. Hələlik bir görüş razılaşdırılıb. Əlavə 2-ci matç da təyin olunacaq. Sonra isə mayın sonunda və iyunun əvvəlində 2 yoldaşlıq oyunu təşkil olunacaq.

- Bu toplanışda 2 oyun nəzərdə tutulsa da, biri baş tutmadı. Daha bir rəqib tapmaq olmazdımı?

- Qurban Qurbanovla məsləhətləşdikdən sonra qərara aldıq ki, ikinci oyun təşkil etməyək. Orada Kosovo Futbol Federasiyasının rəhbərliyi ilə görüşdük və oyunu ləğv etdik. Onsuz da əvvəlcədən də danışmışdıq ki, püşkatmanın nəticəsinə görə Moldova və Kosovodan hansı ilə eyni qrupa düşsək, həmin yığma ilə yoldaşlıq oyununu ləğv edək. İkinci yoxlama oyunu üçün klub tapmaq olardı. Amma ehtiyac duymadıq.

- Qrupda Kosovo ilə evdə və səfərdə oyunlar olacaq. Bu, diplomatik məsələlərə təsir etməyəcək?

- Bildiyiniz kimi, Kosovo FİFA, UEFA və Olimpiya Komitəsinin üzvü olaraq, artıq Azərbaycana səfər edib. Biz bu addımı atmazdan öncə Xarici İşlər Nazirliyi ilə məsləhətləşərək, UEFA-ya bildirdik ki, komanda Bakıya gələ bilər. Bizim səfərlə bağlı da problem olmayacaq. Təbii ki, həmin  səfərdən öncə də Xarici İşlər Nazirliyi ilə məsləhətləşəcəyik.

- Yeni təyinat milli komandanın düşərgəsindəki ab-havaya necə təsir edib?

- Bundan əvvəl 2 əcnəbi baş məşqçiylə işlədim. Təbii ki, onları tanımırdıq. Azərbaycana gələndən sonra tanış olduq. Qurban müəllimi isə artıq 10 ilə yaxındır tanıyıram. Əvvəlcə futbolçu kimi azarkeşlik edirdik. O, məşqçi işləyəndə mən də AFFA-da fəaliyyətə başladım. Beləcə bir-birimizi yaxından tanıdıq. Onunla işləmək daha asandır. Çünki bilirəm ki, daha sürprizlər olmayacaq. Əcnəbi məşqçi olanda hər zaman sürpriz baş verə bilər. Qurban müəllim peşəkar və sözünü deyən məşqçidir. Bunu qazandığı nəticələrlə də sübut edib. Ümid edirəm ki, onun rəhbərliyi altında yaxşı nəticələr qazanacağıq. Bütün planlarımız uzunmüddətlidir. Ona görə də Qurban müəllimin sistemi bütün yığmalarda tətbiq olunacaq. Bu da müsbət bir haldır. Biz bunu artıq təlim-məşq toplanışında da gördük.

- Millətlər Liqasından söz düşmüşkən, artıq belə bir fikir formalaşıb ki, qrupdan çıxmaq millinin borcudur...

- Məqsədimiz qrupda birinci yer tutub, növbəti mərhələyə vəsiqə qazanmaqdır. Öz üzərlərində yaxşı işləsələr, bunu qaşşılarına məqsəd qoysalar, istənilən nəticəni əldə edərlər. Bu mümkündür. Rəqiblərin bəzilərini yaxşı tanıyırıq. Bəzisi isə bizim üçün sirli qutudur. Məsələn, Farer adaları yığması son zamanlar sürpriz  nəticələri ilə Avropanı təəccübləndirir. Kosovo isə yeni bir federasiyadır. Onlar haqda məlumatımız azdır. Bununla belə düşünürəm ki, qrupda birinci yeri tutmağa qadirik.

- DÇ-2018-ə AFFA “Niyə də yox?!” şüarı ilə başlamışdı. Bu dəfəki şüarınız necə olacaq?

- Bu barədə düşünürük. İstəyirik ki, maraqlı bir şüar olsun. Hal-hazırda marketinq şöbəmiz bununla məşğul olur. “Niyə də yox” ölkədə çox məşhur oldu. İnsanlar müxtəlif növ mövzularda bundan istifadə etməyə başladılar. Sevindirici haldır. Seçmə mərhələnin sonlarında uğursuzluqlar olduğundan, şüar bir qədər komik format aldı. Əslində marketinq baxımından əsas məqsəd o idi ki, milli komandanın şüarı məşhur olsun. O da oldu. Sizin də fikriniz olsa, təklif edə bilərsiniz.

- Qeyd etdiniz ki, Farer adaları Avropada sürpriz nəticələrə imza atıb, Kosovodan çəkinirlər. Bəs bizdə nə çatışmayıb ki, Avropada Azərbaycandan da çəkinsinlər?

- Əslində bəzi beynəlxalq mətbuatda komandamızı favorit kimi görürlər. Kosovo millisinin baş məşqçisi və futbolçusunun fikirlərini oxudum. Onlar bizə əsas rəqib kimi baxırlar. Sürprizlər etmişik. Komandamız bəzi oyunlarda inamlı təsir bağışladı və yaxşı nəticələr qazandı. Bəzi çətin səfər oyunlarında 1 xal əldə etdik. Bütün bunlar bizə Millətlər Liqasına pozitiv baxmaq üçün əsas verir.

- Əvvəlki məşqçilərin AFFA-dan tələbləri çox idi, yoxsa Qurban Qurbanovun?

- Elə də böyük fərq yoxdur. Məşqçilər ilk gündən öz tələblərini bildirirlər. Biz də buna baxırıq, demək olar  ki, 99 faiz onların istəklərini qarşılayırıq. Qurban müəllim də peşəkar mütəxəssis kimi öz tələb və arzularını bizə bildirdi. Mütəmadi olaraq, onunla görüşüb, danışırıq. Əsas odur ki, standart var. Sevinirəm ki, hansısa azərbaycanlı məşqçinin bu cür yüksək standartları var.

- Hər zaman ictimaiyyət arasında belə bir fikir olub ki, AFFA yerli məşqçilərə şərait yaratmayıb. Qurban Qurbanovun dövründə AFFA-nın büdcəsində azalma olmayacaq?

-Biz artıq 2018-ci ilin büdcəsini daxildə müzakirə edib, AFFA prezidentinə təqdim etmişik. Dəyişiklik yoxdur, rəqəmlər eynidir. Təlim-məşq toplanışına xaricdə başlamışıqsa, o deməkdir ki, dəyişiklik yoxdur. Bu günə qədər Berti Foqts və Robert Prosineçki ilə işləmişəm. Hər şey baş məşqçinin özündən asılıdır. Şahin Diniyevi nəzərdə tutursunuzsa, onu müqayisə edə bilmərəm. Çünki Diniyevlə 1 ay işlədim. Əminliklə deyə bilərəm ki, heç bir fərq qoyulmur. Yerli məşqçi hansısa standart tətbiq etmək istəyirsə, tələb edəcək və işəgötürən onu mütləq icra etməlidir. Çünki biz də istəyirik ki, nəticə olsun.

- Millətlər Liqasında Ermənistanla qarşılaşmağımızı istərdinizmi?

- Bu, problemli oyundur. Püşkatmanın qaydalarına əsasən, Ermənistanla eyni qrupa düşə bilməzdik. Amma növbəti mərhələlərdə qarşılaşa bilərik. Orada ev-səfər məsələsi var. Artıq UEFA-dan bizə şifahi şəkildə bildirilib ki, növbəti mərhələdə görüşsək, UEFA-nın bununla bağlı xüsusi qərarı olacaq. Bu, daha çox təşkilati baxımdan problemli oyundur. Neytral meydançada belə olsa, qapılar bağlı olmalıdır. Çünki azarkeşlər dünyanın istənilən yerinə gedə bilirlər. Bundan başqa, sponsor, canlı yayım problemləri olur.

- Bəs oyun baxımından, sizcə, kim güclü olacaq?

- Bu, artıq meydançada görünəcək. Futbolda hər şey ola bilər. Gəlin, əvvəlcə qrupda birinci yeri tutaq, sonra o biri məsələlərə baxarıq.

Elnur Salahov
Antalya

Daha çox


Son xəbərlər