“Qapıya vurduğumuz zərbələrin hamısı qol oldu” – “Yagelloniya”nın kapitanı

“Qapıya vurduğumuz zərbələrin hamısı qol oldu” – “Yagelloniya”nın kapitanı
ÖLKƏ FUTBOLU 29 Yanvar 2018 / 00:00 3781
-  A +

“Yagelloniya”nın kapitanı Taras Romançuk “Kəpəz”i məğlub etdikləri yoxlama oyunundan (8:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, ukraynalı futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

- Belə hesabla qalib gələcəyinizi gözləyirdiniz?

- Qələbəni gözləyirdik. Əlbəttə, hesab böyük oldu. İkinci hissə göstərdi ki, komandanız yaxşıdır. Onlara yalnız uğurlar arzulayıram. Çempionatda daha çox xal yığsınlar.

- "Kəpəz" Azərbaycan çempionatının autsayderidir, sonuncu yerdə gedir...

- Eybi yox. Komanda istənilən halda, Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq. Bəzi futbolçular var ki, çox yaxşı oynayırlar. Fikrimcə, qış fasiləsindən sonra çox xal toplamağa başlayacaqlar.

- İlk hissə 7:0 bitdi. İkinci hissədə isə cəmi 1 qol vurdunuz. Bu, fasilədən sonra meydana ikinci heyətin çıxması ilə bağlı idi?

- Deməzdim ki, bu, bizdə ikinci heyət idi. Komandanın yarısı bir hissə oynadı, yarısı də o biri hissə. Sadəcə, ilk hissədə qapıya  vurduğumuz zərbələrin hamısı qol oldu. Futbolda belə hallar olur. Belə nəticə qazanmağımız bizi sevindirir.

- Ötən yay Avropa Liqasında "Qəbələ"yə məğlubiyyətdən sonra "Kəpəz"lə oyunda revanş hissiniz vardımı?

- (gülür) Bilmirəm ki, bu haqda düşünürdük, ya yox. "Qəbələ" çox ciddi rəqibdir. Onlarla oynamaq çox çətin idi. Revanş istəyi daha çox "Qəbələ"dən idi, Çünki onlara evdə qalib gəlmək olardı. Ancaq müdafiədəki səhvdən uduzaraq, mübarizəni dayandırdıq.

- Növbəti mövsümdə də "Qəbələ" ilə düşmək istərdiniz?

- Baxaq görək, bu mövsümü necə başa vururuq, avrokuboklara düşürükmü. Əlbəttə, düşsək, yenidən "Qəbələ" ilə görüşmək istərdik.

- Oyunun ilk hissəsində baş verən davanı necə şərh edərdiniz? Orda nə baş verdi? Günah kimdə oldu?

- Yəqin ki, ilk olaraq bizim müdafiəçi rəqibə zərbə vurdu. Əslində, o, topa vurmaq istəyirdi, ancaq zərbəsi sizin futbolçuya (Tərzin Cahangirovu nəzərdə tutur) dəydi. Nəticədə belə insident yarandı. Əlbəttə, bu, xoşagəlməz haldır. Üstəlik, hesab belə olanda. Hesab 1:1 va yaxud 1:0 olsaydı, belə dava olmazdı. Ancaq 7:0-da heç yeri yox idi. Sadəcə, ayaq üstə duraraq əl sıxmaq lazım idi. Necə ki, sonda belə oldu.

- "Kəpəz"in qapıçısı Davud Kərimi oyundan sonra sizə yaxınlaşaraq nəsə dedi. O, sizi vurmaq istəmədiyini bildirdi?

- Yox, o, məni vurmadı. Sadəcə, hamı, o cümlədən qapıçınız da dava düşən yerə qaçdı, futbolçuları ayırdıq. Bu zaman ikimiz də yıxıldıq. Eybi yox, olur belə şeylər. Qapıçıdrı, onda emosiya daha çox olur. Afərin, istənilən halda, özününküləri müdafiə etdi.

- Davaya görə heyətiniz fasilədə dəyişdi.

- Xeyr. Belə razılaşma olmuşdu ki, hər 45 dəqiqədə fərqli heyət oynayacaq. Yaxın günlərdə yenidən iki oyun keçirəcəyik.

- Bəs davadan sonra belə göstəriş oldumu ki, ümumiyyətlə, oyuna çıxmayasınız, matç yarımçıq bitsin?

- Xeyr, Dərhal deyildi ki, oyuna davam edək. Sadəcə, hakimlər harasa gedirdilər. Ola bilər ki, hakimlər özlərinin döyülməsindən qorxurdular.

Elnur SALAHOV,
Antalya

Daha çox


Son xəbərlər
topaz banner