"Fənərbaxça" bizə daha yaxın klubdur" - "Qarabağ" rəsmisi

"Fənərbaxça" bizə daha yaxın klubdur" -  "Qarabağ" rəsmisi
ÖLKƏ FUTBOLU 26 Yanvar 2018 / 12:53 5572
-  A +

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az saytına müsahibə verib. Bir neçə gün öncə “Fənərbaxça”nın bazasını ziyarət edən Ağdam klubunun rəsmisi səfər təəssüratlarını bölüşüb.

- Türkiyənin ən böyük 3 klubundan birinin bazasında oldunuz. Əvvəlcə səfər təəssüratlarınızı bilmək maraqlı olardı...

- Təəssüratlarımız çox yaxşıdır. Düzdür, son 4 ildə avrokubokların qrup mərhələsində iştirak etdiyimizdən, fərqli ölkələrin fərqli sistemləri ilə tanış olmuşuq. Bu da başqa bir təcrübə idi. Hər şey gözlədiyimizdən də yaxşı oldu.

- “Fənərbaxça”nı seçməyinizin hər hansı xüsusi bir səbəbi var?

- “Fənərbaxça”nı seçməyimizin ilk səbəbi klubun Media və Əlaqələr Departamentinin direktoru Necati Mete ilə yaxın dostluğumuzdur. Bizi ora məhz Necati dəvət etmişdi. Türkiyədə öz işini bilən yüksək səviyyəli mütəxəssislərdən biridir. Onu UEFA seminarlarından tanıyırıq, yaxşı münasibətlərimiz var. Daim uğurlarımıza görə bir-birimizi təbrik edirik. Hətta Çempionlar Liqasında oynayarkən ən təsirli təbrik mesajını Necati göndərmişdi. “Fənərbaxça” mental olaraq, bizə daha yaxındır. Buna görüşümüz zamanı bir daha əmin oldum.

- “Fənərbaxça”nın bazasında bir çox yeniliklərlə tanış oldunuz. Azərbaycan klublarının o səviyyəyə çatması üçün nə qədər vaxt lazımdır?

- Azərbaycanla onları müqayisə etməyimiz bir qədər düzgün deyil. Çünki “Fənərbaxça” 30 milyon aktiv camiəyə xitab edir. Statistika söylədilər, ay ərzində onların sosial şəbəkələrdəki paylaşımları 100 milyona yaxın insana çatır. Olduqca böyük bir rəqəmdir. Təbii ki, fərqli bir şeylər söyləmədilər. Bildiklərimizdən söhbət etdik. Aşağı-yuxarı eynidir. Yenə deyirəm, orda insanla daha aktivdirlər. Onlar da bunu nəzərə alırlar. Kütlə böyükdür. Digər məsələ ondan ibarətdir ki, struktur baxımından da fərqlər var. Reallığa qalsa, bizdə o imkanlar yoxdur. Məsələn, “Fənərbaxça”nın stadionu Kadıköydə - şəhərin çox aktiv yerində yerləşir. Əhalinin ən sıx yaşadığı yerlərdən biridir. Buna görə də rahat imkanları var. Hətta “Fənəbaxça” TV orada yerləşir. Onlarda olan şərait Türkiyənin ən modern televizya və radiokanallarında yoxdur. Təkcə saytlarında növbəli sistemlə 5 redaktor işləyir. Klubun 5 fotoqrafı var. Klubun özündə 1000-ə yaxın əməkdaş işləyir. Azərbaycan reallığı üçün olduqca böyük rəqəmlərdir. Türkiyədə öz işlərini çox peşəkar görürlər. Bizi də çox isti qarşıladılar. Klubun sosial mediadan məsul şəxsi Çağatay bəy və Necati bizi klubun bazası, strukturu ilə tanış etdi. Bütün suallarımıza cavab verdilər. Çox fərqli bir aura idi. Təkcə klubun studiyası bütün standartlarla təmin olunmuşdu. Klub televizyanın birbaşa HD siqnalı var. Hər şey yüksək standartlarla hazırlanıb.

- “Fənərbaxça”nın bazasında diqqətinizi ən çox cəlb edən nə oldu?

- Bayaq vurğuladığım kimi, “Fənərbaxça” 30 milyon aktiv kütləyə xitab etdiyi üçün şərtlər başqa cürdür. Elementar bir şeyi deyim. Stadionun alt mərtəbəsində klubun böyük fan-şopu var. Uşaqlar üçün nəzərdə tutulan mərtəbədə fan-şopla yanaşı, kafe, uşaq inkişaf mərkəzi, teatr və kino salonu yerləşir. Bu, bir klubun dəyərlərini özününküləşdirmək üçün böyük hərəkət, yanaşmadır. Mən daha çox oyun günü görülən təşkilati işlərlə bağlı soruşmağa çalışırdım. Təbii ki, onlarda tam fərqli sistemdir. Orda bu işlə çox böyük bir qrup məşğul olur. Sadəcə, iş sistemi ilə maraqlandıq, tanış olduq. Bizə çox köməklik etdilər. Klubda demək olar ki, hər yeri gəzdik. Hər şeyi bizə göstərib izah etdilər. İnsanları da çox mehribandırlar. Səfər bizim üçün olduqca xoş təəssüratlarla yadda qaldı.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
topaz banner