"Özümə zərər verirəm, potensialımdan aşağı çıxış edirəm" - Nurlan Novruzov

"Özümə zərər verirəm, potensialımdan aşağı çıxış edirəm" - Nurlan Novruzov
ÖLKƏ FUTBOLU 29 Dekabr 2017 / 13:29 4250
-  A +

“Səbail”in hücumçusu Nurlan Novruzov Qol.az saytına müsahibə verib. 24 yaşlı futbolçu başa çatmaqda olan ildə həm özünün, həm də komandasının çıxışını dəyərləndirib.

- 2017-ci ili karyeran baxımından necə qiymətləndirirsən?

- Bu ili karyera baxımından çox da yaxşı dəyərləndirmirəm. Amma artıq 2017 geridə qalır. Yeni ilə qədəm qoyuruq. 2018-ci ilin yaddaşımda yaxşı qalması üçün əziyyət çəkməliyəm. Yoxsa yeni ili də 2017-ci il kimi xatırlayacam. Hər əziyyətin bəhrəsi var. Buna görə də ilk növbədə bütün fikrimi öz işimə yönəldəcəm.

- “Bakı”da çıxış edərkən ölkənin perspektivli futbolçularından hesab olunurdun. Amma sanki tez parlayıb, tez də söndün...

- Mən belə düşünmürəm. Çünki “Bakı”da da hər şey birdən-birə olmadı. İlk ilimdə çempionatın tapıntısı kimi mükafatlandırıldım. Ardınca bombardir oldum. Sadəcə, “Bakı”da çox işləyirdim və bunun da bəhrəsini görürdüm. Sonra bir az həvəsdən düşdüm, milliyə çağırılmadım. Hətta bir daha dəvət almayacağımı düşünə-düşünə fikrim başqa yerlərə yönəldi. Ona görə də istədiyim formada oynaya bilmirdim. İndi isə bunun səhv fikir olduğunu anlayıram. Çünki özümə zərər verirəm, potensialımdan aşağı səviyyədə çıxış edirəm. Vəziyyəti ancaq özüm düzəldə bilərəm. Səhvlərimi artıq başa düşürəm. Bu mövsüm əlimdən gələni edəcəm ki, böyük klubların marağını cəlb edim.

- Bəs necə oldu ki, səhvini başa düşdün?

- Səhvlərimi özümdə təhlik edirəm. Hər oyundan sonra səhər 6-7 arası yuxuya gedirəm. Səhərə kimi öz oyunumu dəyərləndirirəm. Meydana çıxdığım oyunların və vurduğum qolların sayına baxıram. Görürəm ki, doğrudan da pis nəticədir. Çünki istədiyim formada olsam, qol vurmaq elə də çətin olmaz. Bunun üçün ilk növbədə məşqlərdə öz üzərimdə çalışmalıyam.

- “Səbail”i karyeranda yeni səhifə adlandırmaq olar?

- “Səbail”də hər şey yaxşıdır. Amma yenə də çalışmaq lazımdır. Bu komandanın lideri olmalıyam. Əlimdən gələni edirəm ki, mövsümün sonunda hər şeyi öz xeyirimə dəyişim. Buna inanıram. Hədəf doğru düzgün yolla gedəcəm. İşimə mane olan hər şeydən uzaqlaşacam.

- Komandada Vüqar Nadirov kimi təcrübəli hücumçu var. Ondan məsləhət alırsan, yaxud da özü sənə nəyisə başa salır?

- Vüqar bizim böyük qardaşımızdır. Gözəl karyerası olub. Əlbəttə ki, bizə örnək futbolçudur. Gənclərin hamısı ilə həmyaşıd kimi davranır. Bir yerdə olanda həmişə söhbətləşirik, öz məsləhətlərini verir. Amma əsas olan bizim bunu dərk etməyimizdir. Anlamaq lazımdır ki, yaxşı futbolçu olmaq üçün boş və lazımsız işlərdən uzaqlaşmalıyıq.

- “Səbail” Topaz Premyer Liqada debüt etsə də, fasiləyə “Kəpəz” və “Keşlə” kimi klubların önündə - 6-cı pillədə yollandı. Bu mənada çıxışınızı qənaətbəxş hesab etmək olar?

- “Kəpəz” və “Keşlə” həqiqətən Azərbaycan futbolunda iz qoyublar. Bizim komanda isə gənc və perspektivli futbolçulardan qurulub. Samir müəllim döyüşkən kollektiv yaratmaq istəyir. Tam ürəyincə olmasa da, düşünürəm ki, ən azından verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. Amma hələ heç nə etməmişik. Çempionat davam edir. Hədəfimiz Premyer Liqada qalmaqdır.

- Milli komandada Qurban Qurbanov dövrü başladı. Onun təyinatından sonra ölkənin əsas yığmasına çağırılmaq şanslarını necə dəyərləndirirsən: ümidin artıb, yoxsa azalıb?

- İlk növbədə Qurban müəllimi təbrik edirəm və uğurlar arzulayıram. Yox, ümidim azalmayıb. Çünki bilirəm ki, yaxşı formada olan hər bir futbolçu üçün millinin qapısı həmişə açıqdır.

- Qarşıdan 2018-ci il gəlir. Adətən yeni ildə Şaxta Babadan nəsə arzulayırlar. Maraqlıdı, yeni ildə sən nə istəyərdin?

- (Gülür) Buna uşaq vaxtı çox inanırdım. Elə bilirdim ki, belə bir şəxs var və 31-i gecəsi mənə hədiyyə gətirəcək. Səhər tezdən durub yolkanın yanına qaçıb baxırdım ki, heç nə yoxdur. Bir müddət sonra artıq öyrəşdim və bildim ki, Şaxta Baba nağıllarda olur. Yeni ilin Azərbaycan xalqı üçün düşərli və uğurlu olmasını diləyirəm.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər