Yarımcan “Keşlə” Qəbələdə can verdi

Yarımcan “Keşlə” Qəbələdə can verdi
ÖLKƏ FUTBOLU 4 Dekabr 2017 / 17:00 3340
-  A +

Topaz və Peşəkar Futbol Liqasının birgə təşkil etdiyi jurnalistlərin bölgələrə növbəti səfəri Qəbələyə idi. PFL “Qəbələ” – “Keşlə” matçını işiqlandırmaq üçün təxminən 20-yə yaxın jurnalisti Azərbaycanın şimalına aparmışdı.

“Qəbələ”nin məşqi?

Liderlər qrupunda qərarlaşan Roman Qriqorçukun komandası autsayderlə dueldə aşkar favorit hesab olunurdu. Əyalət təmsilçisi zəif rəqibi ilə görüşdə qələbə qazanıb, ikinci pillədəki yerini qorumaq arzusunda idi. Qriqorçukun meydana kifayət qədər hücumameylli heyət buraxması da qələbə istəyindən xəbər verirdi. Yaxşı günlər keçirməyən “Keşlə” isə möcüzə axtarışındaydı. “Qəbələ”yə qarşı 8 oyunçu ilə müdafiə olunan və futbolçu qıtlığından əziyyət çəkən “Keşlə”nin vəziyyəti Nizami Hacıyevlə Mirhüseyn Seyidovun məlum məsələsindən sonra daha acınacaqlı hal almışdı. Hiss olunurdu ki, Ramiz Məmmədov müxtəlif  illərdə 2 dəfə çalışdırdığı sabiq komandasına qarşı oyuna futbolçularını psixoloji cəhətdən tam hazırlaya bilməyib. Açığı, futbolçuları oyun alqı-satıqısında günahlandırılan bir komandadan bundan artığını gözləmək də düzgün deyildi. “Keşlə” meydana sanki məcbur çıxmışdı. Bunun nəticəsidir ki, “Qəbələ” məşq təsiri bağışlayan görüşdə meydanda gəzə-gəzə rəqibin qapısından 3 cavabsız top keçirdi.

Ozobiçdən 2 və 100-cü qol

İlk dəqiqələrdən təşəbbüsü ələ alan “qırmızı-qaralar” 24-cü dəqiqədə hesabdakı tarazlığı pozdu. Ruslan Qurbanovun sağ cinahdan asmasından sonra Sərtan Taşkının topu uzaqlaşdıra bilməməsi qonaqlara baha başa gəldi. “Qəbələ”nin bombardiri Baqali Dabo qarşısına düşən topa sərt və dəqiq zərbə endirərək, rəqibi cəzalandırdı. Bu, Dabonun cari mövsümdə 9-cu qolu idi. Fransalı hücumçu bununla da ən sərrast futbolçuların siyahısında zirvədəki yerini bir qədər də möhkəmlətdi. Qol eyni zamanda ilk hissəsinin hesabını müəyyənləşdirdi. İkinci yarıda da meydanda dəyişən bir şey yox idi. Daha çox müdafiə olunan “Keşlə” futbolçuları ara-sıra əks-hücumlara çıxsalar da, heç bir nəticə vermirdi. Əvəzində isə “Qəbələ” fərqi artırdı. Fasilədən sonra Famusso Konenin əvəzinə meydana daxil olan Filip Ozobiç 2-ci topu Orxan Sadıqlının qoruduğu qapıdan keçirdi. Xorvatiyalı yarımmüdafiəçi cərimə meydançasının xaricindən qüvvətli zərbə ilə toru silkələdi – 2:0. Görüşdə növbəti qol da Ozobiçdən gəldi. Zədədən yenicə qayıtmasına baxmayaraq, əvvəlki formasından elə də uzaq olmayan futbolçu bu dəfə cərimə zərbəsindən fərqləndi.  Təcrübəli oyunçunun təxminən 30 metrlik məsafədən vurduğu top tora daxil oldu. Ozobiç bununla “Qəbələ” – “Keşlə” oyunları tarixində 100-cü qolun müəllifi olub. Hesab 3:0 olduqdan sonra “Keşlə” futbolçuları bir qədər fəallaşsalar da, bu, nəticədə öz əksini tapmadı. Beləliklə, “Qəbələ” asan rəqiblə görüşdə rahat qələbə qazandı.

Zaur Axundov və 1 azarkeş

Nə qədər gülməli səslənsə də, “Keşlə”ni Qəbələdə cəmi 1 azarkeş dəstəkləyirdi. Oyunboyu əlindəki bayrağı sağa-sola yelləyən fanat sanki komandanın hazırkı vəziyyətini təcəssüm etdirirdi. Bir də klub prezidenti Zaur Axundov Qəbələdə idi. Oyunboyu əsəbi görünən prezident hətta ara-sıra futbolçulara tapşırıqlar da verirdi. Axundov səfərə komanda ilə birgə yollansa da, stadionu onlardan tez tərk etdi. Bəlkə də baş verən son hadisələrdən danışmaq istəmədiyi üçün bu addımı atdı.



Elə yerli azarkeşlərin də oyuna marağı az idi. Cəmi 250-300 azarkeş “Qəbələ”yə dəstək üçün stadiona toplaşmışdı. “Keşlə” ilə oyun “Red-black army” azarkeş qrupu üçün əlamətdar hadisə ilə yadda qaldı. Belə ki, matçın keçirildiyi gün sözügedən azarkeş qrupunun yaranmasının 2-ci ildönümünə təsadüf edirdi.

Jurnalistlərlə baş məşqçi arasında mübahisə

Oyundan sonra ənənəvi olaraq “miks zona”ya yaxınlaşdıq. “Qəbələ” futbolçuları ilə danışdıqdan sonra “Keşlə”nin üzvlərini gözləməyə başladıq. Həmin gün uduzsalar da, diqqət mərkəzində daha çox rəqib futbolçular idi. Amma deyəsən klub prezidenti Zaur Axundov kimi onlar da mətbuatdan yayınmaq istəyirdilər. Hətta bəziləri qadağa qoyulduğunu bildirərək, suallarımızı cavabsız qoydular. Yalnız həmkarlarımızın Ramiz Məmmədovla 5 dəqiqəlik mübahisəsindən sonra Denis Silva Kruza müsahibə üçün icazə verildi. Müsahibədən sonra Məmmədov jurnalistlərə üzünü tutub “Razı qaldınız? Heç bir narazılığınız yoxdur ki? Biz həmişə media ilə yaxşı münasibətdə olmuşuq” deyərək jurnalistlərlə sağollaşdı və avtobusa mindi.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər