“Tərlan Əhmədov oyunumu bəyənmirsə...” – Pavel Dreksa
“Neftçi”nin müdafiəçisi Pavel Dreksa ölkə kubokunun 1/8 final mərhələsində birinci divizion təmsilçisi “Zaqatala”ya 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, çexiyalı müdafiəçi əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
- Bu cür böyük hesab gözləmirdim. Tipik kubok oyunu idi. Amma hesab 5:0-dırsa, bu, bizim üçün yaxşıdır.
- Hesab 5:0 olduqdan sonra “Neftçi” sanki daha qol vurmaq istməmirdi. Bu, nə ilə bağlı idi?
- Məncə, normal haldır. 5:0-dan sonra əvəzetmələr də oldu. Hesab bu cür olandan sonra həmin oyun üslubu ilə oynamaq çox çətindir.
- Oyun ərzində bir-iki epzidodda kobud səhvlərə yol verdin...
- Əlbəttə. 3 aydır əsas heyətdə oynamırdım. Oyun təcrübə baxımından əziyyət çəkirdim. Əsas odur ki, qələbə qazandıq.
- Tərlan Əhmədov oyunöncəsi siyahını açıqlayanda təəcüblənmədin? Ümumiyyətlə, inanırdın ki, sənə də şans verilər?
- Mən ümid edirdim ki, start heyətdə olacam. Nəticədə də şans verildi.
- Mətbuatda yazılanlara görə, qışda komandadan göndəriləcək futbolçular arasında Daniel Seqovia ilə sənin də adın var. Bu barədə məlumatın var?
- “Neftçi”də icarə əsasında çıxış edirəm. Heç kim müqavilənin davam edib-etməyəcəyini mənə deməyib. Müqaviləm dekabrda başa çatacaq. Klubdan mənə heç nə deyilməyib.
- Tərlan Əhmədov mətbuat konfransında müdafiə xəttinin çıxışından narazılığını gizlətmədi. Sən də bu mövqedə çıxış edirsən. Problemi nədə görürsən?
- Bu, baş məşqçinin şəxsi fikridir. Əgər mənim çıxışımı bəyənmirsə, onun fikrinə hörmətlə yanaşıram. Yenə deyirəm, icarə müddətim dekabrda bitir. Əgər nədənsə narazıdırsa, tənqidlə yanaşa bilər.
- Kubokda növbəti rəqibiniz çox güman ki, “Zirə” olacaq. “Neftçi” üçün arzuolunmaz komandadır. Bu mənada “Zirə” ilə görüşdə “Xəzər”in növbəti mərhələyə vəsiqə qazanmağını istərdinmi?
- Mən heç vaxt “Xəzər”in oyununu görməmişəm. Məncə, oyunun sonunda qalib gələn tərəf “Zirə” olacaq.