“Elə söyüşlər söyürdülər ki...”

“Elə söyüşlər söyürdülər ki...”
ÖLKƏ FUTBOLU 28 Noyabr 2017 / 13:26 5282
-  A +

“Kəpəz”in müdafiəçisi Şəhriyar Əliyev Qol.az saytına müsahibə verib. Topaz Premyer Liqanın XIII turunun “Qəbələ” ilə oyununa (1:6) komandasını kapitan kimi çıxaran futbolçu həm qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb, həm də matçın gedişində azarkeşlərlə arasında baş verən insidentdən danışıb.

- Əvvəlcə böyükhesablı məğlubiyyətlə bağlı fikirlərini bilmək istərdim...

- Oyuna yaxşı hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik. “Qəbələ” ilə ilk oyunda da həvəsli idik. Bəhrəsini görmüşdük. Amma ilk dəqiqədə qol buraxmaq bii ruhdan saldı. İkinci qoldan sonra isə tamam “sındıq”. Toparlana bilmədik. Onlar da təcrübəli futbolçulardır, hər məqamdan maksimum istifadə etdilər və qələbə qazandılar.

- Özün də qeyd elədin ki, 2-ci qoldan sonra komanda “sındı”. Həmin qol isə Davud Kəriminin kobud səhvindən sonra vuruldu...

- Elə oyunlar olur ki, Davud nə qədər top çıxarır. Amma onlar yadda qalmır. Elə oyun da olur ki, 90 dəqiqə super oynayırsan, sonda bir səhv edirsən, hamı ondan danışır. Buraxdığımız qollara baxanda hər şey görünür. Görün, topları harada itirirdik? Ortada, hücum xəttində topları itirirdik, onlar da əks-hücumda yaxalayıb vururdular. Qol buraxanda hamı deyir qapıçının səhvidir. Hər şeyi Davudun üstünə atmaq olmaz. Bu məğlubiyyətdə hamının səhvi var.

- Oyunun gedişində yerli azarkeşlərlə problem yaşadın. Nə baş vermişdi?

- Birinci hissənin hardasa 20-ci dəqiqəsi gedirdi. Komandanı kapitan kimi meydana mən çıxarmışdım. Elə söyüşlər söyürdülər ki, adama təsir edirdi. Tək məni yox, bütün komandanı təhqir edirdilər. Fan-klub üzvləri deyildi. Çünki fan-klublar hər zaman bizə dəstək olurlar. Kənardan 2-3 nəfər idi, bilmirəm kimlərdir, nə məzhəbə qulluq edirlər. Dayanmadan söyürdülər. Birinci hissədə dözə bilmədim, dedim ki, nə olub, niyə söyürsünüz. Olanımız budur da. Cavan uşaqlardır. Bu vaxt Davud məni sakitləşdirdi, sağ olsun. Oyun başa çatdıqdan sonra hamı paltardəyişmə otağına gedirdi. Gördüm ki, həmin şəxslər yenə başladılar söyüş söyməyə. 1:6 uduzmuşduq, əsəbdən partlayırdım. Dözə bilmədim, mən də bunlara qarşılıq verdim ki, nə olub, mən də uduzmaq istəmirəm. 3 ildir bu komandanın şərəfini qoruyuram. 3 il ərzində nə qədər zədəm olub. “Qəbələ” ilə oyunda hər iki tərəfim yara idi. Yeri gəlsə, deyərdim ki, hesab 1:6-dır, heç sürüşmə fəndi eləmərəm. Söyüş söymələri adama pis təsir edir. Tənqid eləsinlər, mən də deyim, düz deyirsiniz.

- Yunis Hüseynov bildirmiş ki, səninlə bu barədə söhbət edəcək. Oyundan sonra nə danışdınız?

- Yunis müəllimlə söhbətimiz oldu. Ola bilsin, “Sumqayıt”la oyunöncəsi azarkeşlərlə görüşək.

- Səncə, yeni baş məşqçinin gəlişi “Kəpəz”də nəyi dəyişəcək?

- Bilirsiniz, Yunis Hüseynov yeni gəlib. 3 günə futbolçuya hər şeyi başa salmaq olmur. Məşq keçmək üçün vaxtımız az olur. Özü də dedi ki, hər şey yaxşı olacaq. İnanıram ki, onun gəlişinin komandaya xeyiri olacaq.

- Ümumiyyətlə, baş məşqçi kimi Şahin Diniyevlə Yunis Hüseynovun arasında nə kimi fərqlər var?

- Yunis Hüseynov hücum futbolu oynamağımızı istəyir. Şahin müəllim isə müdafiədəetibarlı oynayıb, əks-hücumlara çıxmağımızı tələb edirdi. Həmin taktika ilə çox qollar vurmuşduq. Yunis müəllim isə qabaqda oynamağı, sona qədər mübarizə aparmağı tələb edir.

- Növbəti oyununuz kubokda “Binə”yə qarşı olacaq. Həmin qarşılaşma haqda nə düşünürsən?

- Dünəndən məşqlərə başlamışıq. Maksimum nəticə qazanmalıyıq. Çempionatda şansımız bir o qədər də çox deyil. Ona görə də kubokdakı şansımızı dəyərləndirməyə çalışacağıq.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq