Qarşısıalınmaz “Qəbələ”, korlanan debüt

Qarşısıalınmaz “Qəbələ”, korlanan debüt
ÖLKƏ FUTBOLU 27 Noyabr 2017 / 12:55 2511
-  A +

Peşəkar Futbol Liqası və “Topaz”ın birgə layihəsi olan jurnalistlərin bölgələrə səfəri çərçivəsində növbəti dayanacaq Azərbaycanın tarixi və ikinci ən böyük şəhəri olan Gəncə idi. PFL bu dəfə “Kəpəz” – “Qəbələ” oyununu işıqlandırmaq üçün media nümayəndələrini Azərbaycanın qərb bölgəsinə aparmışdı.

Uğurlu start və qisas arzusu

Matçdan öncə hər iki komandanın oyuna xüsusi önəm verdiyini müşahidə etmək çətin deyildi. Gəncə təmsilçisi yeni baş məşqçisi Yunis Hüseynovla təzə səhifə açmaq arzusunda idi. Elə futbolçular da Hüseynovun gəlişini ən azı xalla qeyd etmək istəyirdilər. Bu, həm də “Kəpəz”in turnir cədvəlindəki mövqeyi baxımından önəm daşıyırdı. 7 xalla sonuncu pillədə qərarlaşan “sarı-göylər” qələbə qazanacağı təqdirdə, “Keşlə”nin də “Neftçi”yə uduzması ilə 1 addım irləlimək şansına malik idilər. Oyundan əvvəl Yunis Hüseynovun saytımıza müahibəsində səsləndirdiyi fikirlər də “Kəpəz”in qarşıdakı görüşə ciddi yanaşmasından xəbər verirdi. Ciddiyətlə bağlı eyni sözləri “Qəbələ”yə də aid etmək olar. Çempionluq mübarizəsindən qopmamaq üçün Gəncə səfərinin önəmini yaxşı başa düşən Roman Qriqorçuk komandasını oyundan 2 gün əvvəl qərb bölgəsinə aparmışdı. İlk dövrədə doğma meydanda “Kəpəz”ə məğlubiyyət görüşü qonaqlar üçün daha da prinsipial hala gətirmişdi. Matçdan bir neçə gün öncə maaşların verilməsi isə “Qəbələ”də ab-havanı əməll-başlı dəyişmişdi. Komandanın qələbə istəyi birə-beş artmışdı.

“Kəpəz”ə azarkeş, “Qəbələ”yə prezident dəstəyi

Doğma komandalarını ev oyunlarında heç vaxt tək buraxmayan Gəncə azarkeşləri pis nəticələrə baxmayaraq, bu dəfə də ənənələrinə sadiq qalmışdılar. Təxminən 8 minə yaxın fanat “Kəpəz”i dəstəkləmək üçün tribunalarda yerlərini almışdı. Ümumiyətlə, bu komandanın oyunu zamanı Gəncədə əsl bayram əhval-ruhiyyəsi hökm sürür. Futbolla, “Kəpəz”lə nəfəs alan yerli azarkeşlər stadionu tam doldurmasalar da, komandalarını güclü rəqiblə görüşdə tək qoymamışdılar. Onların arasında Yunis Hüseynovun gəlişindən sonra komandanın dirçələcəyinə ümid edənlər heç də az deyildi. “Kəpəz”in ən sadiq və qocaman azarkeşlərindən olan Xaqani Əhmədovun dedikləri də buna sübutdur: “Yunis müəllim “Kəpəz”ə xoş gəlib. Onu bir gəncəli kimi təbrik edirəm. Hüseynov “Karvan”da yüksək nəticələr göstərib. Eyni uğuru “Kəpəz”də təkrarlamasını gözləyirəm. Düzdür, Şahin Diniyevin getməsini istəmirdik. Amma bu dəyişiklikdən sonra hər şeyin yaxşlığa doğru gedəcəyinə inanırıq. İstərdik ki, elə Yunis müəllimin gəlişi münasibətilə “Qəbələ” üzərində qələbə qazanaq. Bu oyundan ən azı heç-heçə gözləyirik. “Kəpəz”in hazırkı durumu bizə çox pis təsir edir. Bu komandanın yeri sonuncu pillə deyil. “Kəpəz” həmişə adı kimi uca olub. İstərdim ki, yenə ən yuxarı yerlərdə qərarlaşsın. Bu vəziyyət ürəyimizi ağrıdır”.




“Qəbələ”ni isə Gəncədə 100-ə yaxın azarkeş dəstəkləyirdi. “Red-black army” azarkeş qrupu çox vaxt olduğu kimi, bu dəfə də səfər oyununda komandalarının yanında idi. Gəncədə “Qəbələ”yə ən böyük dəstək isə klubun prezidenti Tale Heydərovdan gəldi. O, vitse-prezident Fariz Nəcəfovla birlikdə oyunu tribunadan canlı izləyənlər arasında idi. Bu amil isə futbolçulara əlavə motivasiya verirdi.

Mövsümün rekordu və darmadağın

Bütün bunların fonunda Ömər Paşayevin start fitindən dərhal sonra “Qəbələ” böyük qüvvə ilə hücuma atıldı. Bunun məntiqi nəticəsi kimi də elə 1-ci dəqəqədə hesab açıldı. İlk hücumdaca Stiven Monrozun ideal ara ötürməsi Baqali Dabonu Davud Kərimi ilə üz-üzə qoydu. Topaz Premyer Liqanın ən sərrast hücumçusu isə əlinə düşən fürsətdən layiqincə yararlandı. 26-cı saniyədə qapıçını da keçib topu boş çərçivəyə göndərən fransalı forvard bununla mövsümün rekordunu yenilədi. Belə ki, Dabo özündən əvvəl 3-cü dəqiqədə fərqlənən “Zirə”li Milan Duriç və “Neftçi”li Mirabdulla Abbasovun göstəricələrini öz xeyirinə yaxşılaşdırdı. “Kəpəz” buraxılan erkən qolun şokundan ayılmamış növbəti topu qapısında gördü. Bu dəfə Kəriminin kobud səhvi gəncəlilərə baha başa gəldi. Topu tutduqdan sonra əlindən buraxan qolkiper Monrozun fərqlənməsinə şərait yaratdı.

Kuryoz qol meydan sahiblərinin inamını öldürsə də, “Kəpəz” ara-sıra hücumlar qururdu. Belə epizodların birində Məhəmməd Qurbanov cərimə meydançası daxilində qarşısına düşən topa istədiyi kimi zərbə vura bilmədi. Hissənin sonlarına doğru Roman Qriqorçukun komandası daha bir dəfə rəqibi məyus etdi. Bu dəfə Famusso Kone fərdi ustalığı hesabına müdafiəçini keçib, qapıçı ilə üzbəüz dueldən qalib ayrıldı - 0:3. Komandalar fasiləyə bu hesabla yollandılar. Bu hesab eyni zamanda azarkeşlərin bir hissəsəinin stadionu tərk etməsi ilə nəticələndi. Komandalarına inamını itirən bəzi fanatlar hissənin başa çatmasını belə gözləmədən arenadan ayrıldılar. İkinci yarıda da hadisələr oxşar ssenari ilə davam etdi.



İlk hissədəki kimi açılışı yenə Dabo etdi. 27 yaşlı hücumçunun bu dəfəki qolu isə daha möhtəşəm alındı. Davud Kəriminin öndə olduğunu görən bombardir uzaq məsafədən aşırma zərbə ilə “Kəpəz”i 4-cü dəfə meydanın mərkəzinə dəvət etdi. Meydan sahibləri 2 dəqiqə sonra Kərim Diniyevin penalti qolu ilə hesab arasındakı fərqi azaltsa da, bu, darmadağına mane ola bilmədi. 64-cü dəqiqədə “Qəbələ”nin sürətli əks-hücumu 5-ci qolun vurulması nəticələndi. Ruslan Qurbanov komanda yoldaşı Asif Məmmədovun ötürməsini bir toxunuşla qapıdan keçirdi. Ancaq bu da oyunda sonuncu qol olmadı. Görüşdə son nöqtəni Kone qoydu. Bu dəfə də assistent rolunda Asif Məmmədov çıxış elədi. Onun gözəl ara ötürməsini malili hücumçu tora qovuşduraraq, “Qəbələ”nin böyükhesablı qələbəsini rəsmiləşdirdi. Qonaqlar bu nəticə ilə həm yerini möhkəmlətdi, həm də Yunis Hüseynovun “Kəpəz”in sükanı arxasındakı debütünü korladı.

Yeni baş məşqçiyə tam dəstək

Oyundan sonra yenə azarkeşlərin üzündə məyusluq var idi. Kimisi futbolçuları tənqid edirdi, kimisi rəhbərliyi. Bəziləri isə “bu komandaya heç Joze Mourinyo da gəlsə, kömək edə bilməz, çünki normal futbolçu yoxdur” deyirdi. Böyükhesablı məğlubiyyətə görə qınanmayan yeganə şəxs Yunis Hüseynov idi. “Kəpəz” azarkeşləri həmyerlilərinə sözün əsl mənasında qucaq açmışdılar. Hətta oyundan sonra bir sektora toplaşan fanatlar “Yunis, Yunis” qışqıraraq, yeni baş məşqçiyə dəstəklərini və inamlarını nümayiş etdirirdilər. Hüseynov da öz növbəsində azarkeşlərin jestinə biganə qalmadı və onlara təşəkkür etdi.

Azarkeş(in) problemi

Azarkeşlərdən söz düşmüşkən, bəzi məqamları qeyd etməliyəm. Oyunun gedişində “Xəmsə” fan-klubunun üzvləri ilə polislər arasında qarşıdurma yarandı. Belə ki, asayiş keşikçiləri “SS (Sevə-sevə) düzəldəjiy” pankartı açan fanatlara öz iradını bildirərək, pankartın yığışdırılmasına nail oldu. Bu isə həmin azarkeşlərin stadionu tərk etməsi ilə nəticələndi.

Növbəti qalmaqal “Kəpəz”in futbolçusu Şəhriyar Əliyevlə bağlı oldu. Azarkeşlərin söyüşlərinə dözə bilməyən müdafiəçi sonda onlara tərbiyəsiz jestlə cavab verdi ki, bu da fanatların kəskin etirazına səbəb oldu. Məsələdən xəbər tutan Yunis Hüseynovun Şəhriyarla bunu müzakirə edəcəyi söylənilir.

Oyunun gedişində azarkeşlərlə problem yaşayanlardan biri də jurnalist həmkarımız oldu. Ümumiyyətlə, Gəncə şəhər stadionunda media nümayəndələrinin işləməsi üçün şərait yaradılsa da, bəzi məqamlar təəssüf doğurur. Məsələn, jurnalistlər üçün ayrılan sektora azarkeşlərin buraxılması işimizə mane olur. Gəncəli azarkeşlərin çılğınlığını da nəzərə alsaq, bəzi hallarda bu, media nümayəndələrinin öz işlərini görməsinə ciddi problemlər yaradır.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq