“Həmişə gözümüz Rəşadı meydanda axtaracaq” – Vaqif Sadıqov

“Həmişə gözümüz Rəşadı meydanda axtaracaq” –  Vaqif Sadıqov
ÖLKƏ FUTBOLU 4 Oktyabr 2017 / 13:55 2751
-  A +

“Rəşad çox götür-qoy edirdi. Bu addımı atmaq çətin idi. Onun qərarına hörmətlə yanaşıram”.

Bu sözləri Qol.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Millimizin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov sabah DÇ-2018-in seçmə mərhələsində Bakıda Çexiya ilə keçiriləcək oyunda vida matçına çıxacaq.

Rəşadın milli karyerasını başa vurmasına münasibət bildirən V.Sadıqov onun futbolumuza bundan sonra da lazım olduğunu bildirib: “Arzu edirəm ki, futbolçu kimi qazandığı nailiyyətləri məşqçi kimi də təkrarlayıb, bizi sevindirsin. O, Azərbaycan futboluna çox lazımlı simadır. Çünki böyük futbolçu, lider keyfiyyətlərinə malik olan insandır. Nə qədər ağır olsa da, hər bir futbolçu bir gün bu qərarı verir. Düşünürəm ki Rəşad həmişə futbolda olacaq.

Rəşad bu qərarı verməmiş həmişə deyirdim ki, o, nə qədər bacarır meydanda olsun. Çünki onunla oynayan futbolçular da püxtələşir. Ona görə də Rəşadın hələ oynamağı məqsədəuyğun idi. Ancaq qərarı verən odur. Biz öyrənmişik ki, Rəşadı yaşıl meydanlarda görək. Gözümüz onu həmişə meydançada axtaracaq. Bundan sonra da Rəşadı meydançanın ətrafında görəcəyik. İnanıram ki, onun məşqçi kimi zəhmətinin bəhrəsini görəcəyik və onun sayəsində yeni rəşadlar yetişəcək.
Millimizin sabiq baş məşqçisi Rəşadı əvəzləməyin asan olmayacağını qeyd edib: “Futbolçu nəsli dəyişəndə istər-istəməz problemlər üzə çıxır. Rəşad kimi futbolçunu əvəz etmək asan olmayacaq. Problemlərlə üzləşəcəyik. Ancaq tədricən bunu aradan qaldırmaq mümkündür. Rəşad futboldan birdəfəlik getmir. İnanıram ki, özü kimi futbolçular yetişdirəcək”.

Vaqif Sadıqov millimizin Çexiya ilə sabahkı oyunu haqda:

“Başqa yolumuz yoxdur. Sabah ən böyük ilkə imza atmalıyıq. Komandamız qələbə qazansa, qrup üçüncüsü olacaq. Bu da Azərbaycan futbolu üçün böyük bir uğurdur. Mütləq qələbə qazanmalıyıq. Bunu Prosineçki və onun komandası da dərk edir. Bir şeyi də yaddan çıxarmayaq ki, bu oyun Rəşad Sadıqovun vida matçı olacaq. Onu layiqli şəkildə yola salmaq lazımdır”.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq