Sponsor sarıdan bəxti gətirməyən futbol şəhəri

Sponsor sarıdan bəxti gətirməyən futbol şəhəri
ÖLKƏ FUTBOLU 5 İyun 2016 / 10:36 10808
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!


Ölkənin ikinci sənaye şəhəri sayılan Sumqayıtın böyük tarixi yoxur. 1949-cu ildə şəhər statusu alan Sumqayıta böyük futbolun gəlişi 1950-ci illərdən başlayıb. Həmin ərəfələrdə SSRİ-nin hər yerində olduğu kimi, Azərbaycanda da futbol yeni inkişaf mərhələsinə qədəm qoyurdu. II dünya müharibəsindən sonra hər sahədə olduğu kimi, dünyanın 1 nömrəli idman növü yeni inkişaf yolunu tutmuşdu. Müharibədən sonra Braziliyada təşkil olunan dünya çempionatı da bu sahəyə marağı xeyli artırmışı. Həmin dövr Sumqayıt şəhər olaraq yeni-yeni qurulurdu. Yeni-yeni sənaye müəssisələri, yaşayış massivləri salınırdı. Azərbaycanın, eləcə də SSRİ-nin dörd bir yanından gələn insanlar Sumqayıtda çalışırdı. Təbii ki, beynəmliləl mühitin yarandığı bir məkanda idmanın diqqətdən kənar qalması mümkünsüz idi ki, futbol da onun başında dururdu. İlk vaxtlar insanlar kiçik meydançalarda, asvalt və qum meydançalarda futbol oynayırdı. Məhz bunu nəzərə alan şəhər rəhbərliyi qısa zamanda yeni stadionun tikintisinin vacib olduğunu anladı və bu sahədə də işlərə start verildi. Nəticədə 1954-cü ildə 10 minlik tutumu olan “İnşaatçı” stadionu istifadəyə verildi. Bundan sonra insanlar həvəskar şəkildə bu stadionda futbol oynamağa başladılar. 50-ci illərin sonunda isə şəhərin ilk peşəkar klubu olan “Metallurq” yaradıldı. Həmin komanda 1960-cı ildə SSRİ çempionatının B dəstəsində mübarizəyə başladı. Daha sonra Sumqayıtı Ümumittifaq birinciliyində “Temp” (1961), “Kimyaçı” (1963), “Polad” (1965-70, 1973), “Xəzər” (1974, 1975, 1988-1991) və “Şəfəq” (1987) komandaları təmsil edib. “Temp” (1961) və “Polad” (1965/ 1966-1970) həmçinin SSRİ kuboku uğrunda da mübarizə aparıblar.


Nailiyyətlərə gəlincə, şəhərin ilk titulu da məhz 1960-cı ildə qazanıldı. Belə ki, AzTZ (Azərbaycan Boru Prokat Zavodu) komandası 1960-cı ildə Azərbaycan SSRİ kubokunun qalibi olub, “Polad” və “Xəzər” isə müvafiq olaraq, 1964-cü və 1985-ci illərdə Azərbaycan SSRİ çempionu adını qazanıblar. Eyni zamanda 1971-ci ildə “Kimyaçı” da Azərbaycan çempionu adını qazanmışdı.

Müstəqillik dövrü

Sumqayıt futbol məktəbi güclü olsa da, sponsor problemi heç vaxt bu şəhərə iddialı klubun mövcudluğuna imkan verməyib. Yalnız müstəqilliyimizin ilk illərini çıxmaq şərti ilə. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildən etibarən öz müstəqil çempionatımızı keçirməyə başladıq. Həmin dövr Sumqayıt “Xəzər”i ölkədə ən güclülərən idi. Sabir Əliyevin baş məşqçisi olduğu komandanın heyətində Vaqif Sadıov, Azər İsayev, Yaşar Vahabzadə, Nazim Əliyev, Mehman Yunusov kimi təcrübəli, Aqil Məmmədov, İsmayıl Məmmədov, Kamal Quliyev, Seymur Rəhimov, Zahir Əsgərov kimi gənclər var idi. Komandaya yerli zavodlar sponsorluq edirdi. Bunun nəticəsində “Xəzər” müstəqil çempionatımızın ilk iki mövsümündə gümüş medalları qazandı. 1994-cü ildə isə dördüncü yeri tutdu. Bu nəticələr isə bugünkü gün üçün 3 il ard-arda avrokuboklara vəsiqə deməkdir. Lakin təəssüf ki, 1995-ci ildə bu komanda maddi sıxıntı ucbatından fəaliyyətini dayandırdı. 2001-ci ildə “Xəzər” yenidən bərpa olundu və ilk ildəcə yenidən güclülər dəstəsinə qayıtdı. Maraqlıdır ki, həmin vaxt da baş məşqi Sabir Əliyev idi. Yenidən bərpa olunan “Xəzər”in ömrü uzun sürmədi. 2004-cü ildə həm maddi sıxıntı, həm də daxili çəkişmə yenidən komandanın dağılması ilə nəticələndi. Həmin vaxtdan komandanın üstündə 300 min dollar borcun qalması bu gün də komandanın bərpasını müşkülə çevrilib. Çünki kimsə “Xəzər”i bərpa etmək istəsə ilk növbədə kubun 300 minlik borcunu ödəməlidir. Müstəqillik dönəmində Sumqayıtı elitada “Xəzər”dən başqa “Sumqayıt”, “Kimyaçı”, “Gənclərbirliyi”, “Standard” kimi klublar təmsil edib. “Sumqayıt” “Xəzər”in süqutundan sonra 1995-ci ildə yaradıldı və 1996-cı ildə güclülər dəstəsinə vəsiqə qazandı. Mövsümün sonunda 6-cı pilləni tutdu. 1997-ci ildə isə yenə pulsuzluq ucbatından əsas heyətin aparıcı üzvlərini itirdi. Gənclərdən qurulmuş heyət 1997-98-ci il mövsümünün ilk dövrəsində heç də pis çıxış etməsə də qışda pulsuzluq ucbatından komanda fəaliyyətini dayandırdı.

1998-ci ildə komanda “Kimyaçı” adı altında elitadakı fəaliyyətini bərpa etdi. Lakin bu komandanın da ömrü uzun olmadı. Cəmi iki mövsüm mövcud olan komanda 2000-ci ildə fəaliyyətini dayandırdı. Burada daxili çəkişmə də xüsusi rol oynadı. Həmin vaxt Sabir Əliyev komandaya o vaxtkı icra başçısı Şakir Abışovun dəvəti ilə gəlmişdi. Lakin Şakir Abışovun vəzifəsindən gedişi şəhərin futbol həyatını da alt-üst etdi. Yeni icra başçısının gəlişindən sonra Mehdi Hüseynzadə adına stadionun qapıları “Kimyaçı”nın üzünə bağlandı. Bu da təsadüfi deyildi, çünki “Kimyaçı”nın sabiq baş məşqçisi stadion direktorunun qohumu idi. İcra başçısının dəyişməsindən istifadə edən stadion direktoru da Sabir Əliyevdən qisas almağa başladı. Yekunda yaranmış durumdan bezən Əliyev hər şeydən küsüb Quba “Şahdağ”ına baş məşqçi getdi, bununla da “Kimyaçı” dağıldı.

“Kimyaçı”dan sonra 2003-cü ilə yaranan “Gənclərbirliyi” həmin dövr nəinki Sumqayıtın, eləcə də ölkənin futbol həyatında ömənli işlər gördü, adından söz etdirdi. Həmin vaxt heç elita klubları legioner gətirmədiyi bir vaxtda “Gənclərbirliyi” Cənubi Koreyadan, Almaniyadan, Qvineyadan, Burkino-Fasodan, Türkiyədən güclü legionerlər transfer etdi, Antalyada təlim-məşq toplanışı keçdi, yarandığı ilk ildəcə ölkə kubokunun 1/4 finalına vəsiqə qazandı. İlk ildəcə yüksək liqaya vəsiqə qazanan bu komanda avrokuboklara vəsiqə qazana bilməsə də, mövcud olduğu illər ərzində yaxşı mənada yaddaşlarda qalmağı bacardı. Təəssüf ki, klub prezidenti İlqar Nuriyevə əlavə dəstək olmadığı üçün 2009-cu ildə komanda həm elitanı tərk etdi, həm də fəaliyyətini dayandırdı.

2009-cu ildə Bakının “Standard” klubu Sumqayıtda köçdü və bu şəhəri təmsil etməyə başladı. Lakin cəmi bir mövsüm sürən təmsilçilik yekunda elita ilə vidalaşmaq və komandanın dağılması ilə nəticələni.
2010-cu ildə isə hazırkı “Sumqayıt” klubu yaradıldı. Artıq 6 ildir mövcud olan komanda 5 ildir elitada mübarizə aparsa da təəssüf ki, ciddi bir uğur qazana bilməyib. Daha çox yerli futbolçulardan təşkil edilən və əsas məqsədi milliyə futbolçu vermək olduğu deyilən komanda son mövsümü 8-ci pillədə başa vurdu.

Dünya, Avropa və Rusiya çempionları yetişdirən şəhər

                                            

Sumqayıt Azərbaycan futboluna bir çox tanınmış futbolçu bəxş edib. 50-60-cı illərdə yetişən futbolçular sırasında Telman Salahov (hazırda “Sumqayıt” Müşahidə Şurasının üzvü), Tofiq Abbasovun adlarını çəkmək olar. Ümumiyyətlə isə şəhərin futbol məktəbinin ən tanınan simaları kimi Nazim Süleymanovla Arif Əsədovu xüsusi qeyd etmək olar. Süleymanov uzun müddət Rusiya çempionatında Azərbaycanlı layiqincə təmsil edib, “Alaniya”nın heyətində Rusiya çempionu oldu. O, indi də Vladiqafqazda böyük nüfuza sahibdir. Arf Əsədov isə bir vaxtlar gənclər arasında SSRİ yığma komandasının heyətində çıxış edib, bu komandanın heyətində həm dünya, həm də Avropa çempionu adını qazanıb. Müstəqillik dönəmində isə uzun müddət sumqayıtlı futbolçular milli komandalarda hegemonluq elədi. 1995-ci ildə AFFA-nın xətti ilə Azərbaycanın gənclər millisinin iki üzvü “Trabzonspor” kubunun düşərgəsinə yollanıb 1 il bu klubun gənclər komandasında oynadı. Həmin iki gəncin də hər ikisi Sumqayıt futbol məktəbinin yetirməsi idi (Ramil Hüseynov, Ramil Abışov). Bundan başqa, Sumqayıt futbolu Azərbaycan futboluna Mehman Yunusov, Aqil Məmmədov, İsmayıl Məmmədov, Kamal Quliyev, Fərhad Vəliyev, Elşən Poladov, Ruslan Poladov, Mahir Şükürov, Seymur Rəhimov, Mübariz Orucov, Zahir Əsgərov, Samir Abasov kimi futbolçular bəxş edib. Eyni zamanda bu şəhəri təmsil edən mərhum Tofiq Rzayev, eləcə də Ağamusa Bağırov, Sabir Əliyev kimi futbol mütəxəssislərinin də adını çəkməsək olmaz.

Tarixi stadion 

                                          

Təbii ki, Sumqayıt futbolundan danışıb Mehdi Hüseynzadə adına stadionda söz açmamaq günah olar. Bu stadion bir vaxtlar ölkədə 1 nömrə idi. Xüsusilə də ot örtüyünə və yerləşmə mövqeyinə görə. Dəniz sahilində, gözəl, mənzərəli, sakit yerdə yerləşən bu stadion 1965-ci ildə istifadəyə verilib. Həmin vaxt şəhərdə əhali surətlə artırdı. Futbola maraq da günü-günən artırdı. Artıq 10 minlik “İnşaatçı” stadionu tələblərə cavab vermirdi. Hər dəfə oyun olanda tamaşaçı tutumundan qat-qat çox insan arenaya gəlirdi ki, onların təhlükəsizliyini də təmin etmək çox çətin olurdu. Həmin ərəfələrdə SSRİ-nin o vaxtkı idman naziri Azərbaycana səfəri çərçivəsinə Sumqayıta da gəlmişdi. Bundan istifadə edən şəhər rəhbərliyi maraqlı plan fikirləşir. Belə ki, dəniz sahilində, qumun üzərində bir qrup uşağın futbol oyununu təşkil edir. SSRİ-nin idman nazirinin şəhər gəzintisinin marşurutunu bilərəkdən elə seçirlər ki, yolu həmin ərazidən keçir. Nazir qumsallıqda futbol oynayan uşaqları görü təəccüblə soruşur ki, “bunlar niyə burda oynayırlar şəhərdə stadion yoxdur”. Şəhər rəhbərliyi də bu fürsəti boşa verməyib vəziyyəti izah edirlər. Bildirirlər ki, şəhərdə 1954-cü ildə tikilən “İnşaatçı” stadionu artıq tələbləri ödəmir, yeni stadion üçün isə vəsait lazımdır. Nazir elə ordaca göstəriş verir ki, təcili layihə-smeta sənədləri hazırlansın və Moskvaya göndərilsin. Bax Mehdi Hüseynzadə stadionu həyata belə vəsiqə qazanır. 1965-ci ildən istifadəyə verilən arena Azərbaycan futboluna çox böyük xidmətlər göstərib.
Sovet dövründə “Neftçi”nin əvəzedici komandaları ev oyunlarını burda keçirib.
1985-ci ildə dünya çempionatının seçmə oyunu çərçivəsində Çinlə Paraqvayın olimpiya yığmaları da Sumqayıtda qarşılaşıb.
Klublarımız ilk avrokubok oyunlarını da məhz Sumqayıt stadionunda keçirib. Çünki 90-cı illərin əvvəllərində Tofiq Bəhramov adına Respubliak stadionu UEFA-nın standardlarına cavab vermirdi. Stadionun ətrafı alver meydanı idi, natəmizlik, intizamsızlıq baş alıb gedirdi. Arenanın ot örtüyü də yaxşı vəziyyətdə deyildi. Odur ki, UEFA oyunların Mehdi Hüsenzadə adına stadionda keçirilməsinə qərar vermişdi.
8 avqust 1994-cü ildə “Turan” UEFA kubokunun cavab matçı çərçivəsində “Fənərbağça”nı qəbul etmiş və 0:2 hesabı ilə uduzmuşdu.
1995-ci ildə “Kəpəz” UEFA kuboku çərçivəsində “Austriya”nı (0:4), “Neftçi” isə Kuboklar Kuboku çərçivəsində APOEL-i (0:0) Mehdi Hüseynzadə adına stadionda qəbul etmişdi. 1994-cü ilin iyununda Azərbaycanla Türkiyənin olimpiya yığmaları da məhz Sumqayıtda qarşılaşmışdı (1:2). Ümumiyətlə, həmin oyundan başqa, U-21 mililərimiz uzun illər beynəlxalq oyunlarını Sumqayıtda keçirib. Əsas milli başda olmaqla bir çox milli komandamız da uzun illər Sumqayıtda təlim-məşq toplanışı keçib.
Eyni zamanda müxtəlif vaxtlarda “Qarabağ”, “Xəzər Lənkəran”, “MKT Araz” klubları rəqiblərini Sumqayıtda qəbul edib.
Hazırda Mehdi Hüseynzadə adına stadion çox bərbad gündədir və ciddi təmirə ehtiyacı var.

                                              

Burada faktiki olaraq heç bir ciddi yarış da keçirilmir. Bir neçə il bundan qabaq stadionun yenidən qurulması gündəmə gəldi, hətta sonradan 40 minə çatdırılmaq imkanı olmaq şərti ilə 15 minlik müasir stadionun layihəsi də hazırlanıb təsdiqləndi. Lakin həmin layihə hələ də üstünü toz basaraq həyata keçiriləcəyi günü gözləyir.

Hazırkı durum

Hazırda Sumqayıtın tək komandası olan “Sumqayıt” şəhəri Premyer Liqada təmsil edir. Təəssüf ki, 500 minlik əhalisi olan şəhərin başqa komandası yoxdur. “Sumqayıt” isə sələflərindən fərqli olaraq çox aşağı nəticə göstərir. Komanda yarandığı 6 ildə heç cürə autsayder statusundan qurula bilmir. Mehdi Hüseynzadə adına stadionun durumu bərbad olduğundan “Sumqayıt” rəqiblərini təlim-məşq toplanışı üçün nəzərdə tutulmuş 1300 nəfərlik süni örtüklü “Kapital Bank Arena”da keçirir ki, bu da tələbatı ödəmir. Klub rəhbərliyi dar şərtlər altında bütün yaş qruplarından ibarət komandalar yaradıb onların fəaliyyətini təmin edib. Müxtəlif milli komandalarda yenə də sumqayıtlı futbolçular yer alır, bir neçə gənc futbolçu “Mançester Yunayted” akademiyasının xətti ilə keçirilən seçimlərdə fərqlənərək İngiltərəyə yollanmaq şansı da qazanıb. Lakin onu da vurğulamalıyıq ki, klubun futbol akademiyası da hələ ki, ciddi uğur qazana bilmir. Başa çatan son mövsümdə yalnız U-10 komandası bürünc medal qazanıb ki, bu da Sumqayıt futbol məktəbinin adına yaraşmır.

Müsbət məqamlara gəlincə, klub mövcud olduğu dönəmlərdə Azərbaycan futboluna yeni adlar bəxş edə bilib. Hazırda “Qarabağ”In və Azərbaycan millisinin əvəzedilməz futbolçusu olan Bədavi Hüseynov ilk dəfə olaraq məhz “Sumqayıt”da oynayaraq parlamışdı. Ruslan Qurbanov, Məhəmməd Mirzəbəyov, Elşən Abdullayev, Rəhman Hacıyev, Məhəmməd Qurbanov, Səlahət Ağayev, Andrey Popoviç kimi futbolçular da digər klublara laızm olmayıb “Sumqayıt”a gəlmiş, məhz burada özlərini sübut edərək daha iddialı klublara keçmişdi.
Bir vaxtlar futbolçu kimi uğur qazanmış Kamal Quliyev, Nazim Süleymanov, Arif Əsədov, Mübariz Orucov, Aqil Məmmədov, Samir Abasov hazırda məşqçi kimi özlərini təsdiq etməkdədir.

Elçin ƏLİYEV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Daha çox


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə