Tuyqun Nadirova şok ittiham

Tuyqun Nadirova şok ittiham
ÖLKƏ FUTBOLU 3 Mart 2014 / 19:45 5512
-  A +

Türkiyə mətbuatında "Xəzər Lənkəran" klubunun rəhbərliyi haqda sensasiyalı iddia yayılıb.

Qol.Az-ın xəbərinə görə, bu ölkənin nüfuzlu  "Milliyət" qəzeti Cənub təmsilçisi klubunun vitse-prezidenti Tuyqun Nadirovu saxtakarlıqda ittiham edib. Qəzetin yazdığına əsasən, ispaniyalı menecer Toni Kruea “Radyospor”a müsahibəsində iddia edib ki, Tuyqun Nadirovla iki futbolçunun transferi üçün razılığa gəlsələr də, klub rəsmisi onları aldadıb.

“Xəzər Lənkəran”a bir çox ispan futbolçu aparmışam. Amma onlar oyunçularla bağlı problem yaratdılar. Peşəkar deyil, həvəskar klub kimi hərəkət etdilər. Bizi aldadaraq heç bir razılığa, verdikləri sözə sadiq qalmadılar. İki il yarım əvvəl "Barselona"nın aşağı yaş qrupunda çıxış etmiş Mario Rosası (o, Puyol, Valdes, Xavi ilə bir vaxtlar “Barselona”da oynayıb) və Daniel Martini (o, “Real Betis”in hücumçusu olub) üç min kilometr məsafə qət edib Lənkərana apardım. Biz verdiyimiz sözə əməl etsək də, Nadirov öz öhdəliklərini yerinə yetirmədi. Oyunçularımın və mənim pulumu vermədi. Klubun fəxri prezidenti Mübariz Mənsimov nüfuzlu və hörmətli adamdır, bunu biilirəm. Amma bu cür hərəkətlərə necə icazə verir, anlamıram".

FİFA meneceri olan Kruea bildirib ki, T.Nadirov Mario Rosası alacaqlarını bildirsə də, sonradan bundan imtina edib: "Onu tibbi müayinədən keçirdik. Ancaq Nadirov Marionun sağlam olmadığını dedi. Gözümüzün içinə baxa-baxa bizə yalan söylədi. Həm Mario, həm də Martin üçün telefon danışıqlarımızda və e-maillə yazışmalarımızda onlarla razılığa gəlmişdik. Bundan son mən hər iki futbolçunu Bakıya apardım. Beş gün sonra Martin İspaniyaya qayıtmaq məcburiyyəində qaldı. Çünki Nadirov razılığa gəldiyimiz məbləğin ancaq yarısını verəcəyini söylədi. Mən Çempionlar Liqası, La Liqa kimi yarışlarda oynamış futbolçulardan danışıram. Mario ilə 30 gün Azərbaycanda qaldıq. Tuyqun Nadirov saxtakarlıq etdi. Heç bir sözünü yerinə yetirmədi. Bundan başqa Azərbaycana gəlməyimiz üçün ödədiyimiz xərcləri də bizə vermədilər".

T.Kruea bu cür hərəkətlərə görə "Xəzər Lənkəran" klubu haqda artıq həm İspaniya, həm də bütün Avropada çox mənfi imic formalaşdığını vurğulayıb. Onun fikrincə, artıq heç kəs bu kluba güvənmir: "Bu səbəbdən onlar komandaya səviyyəli futbolçular transfer edə bilməyəcəklər". 

O, futbolçularını aldatdığı üçün "Xəzər Lənkəran"dan FİFA-ya şikayət etdiyini bildirib: "Onları FİFA-ya şikayət etmişik. Bütün İspaniya bu klubun yalançı olduğunu bilir. "Xəzər Lənkəran" həvəskar və futbolçularını aldadan klubdur".

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır