Arif Əsədov: "Qarabağ" birinciliyi əldən verməyəcək"

Arif Əsədov: "Qarabağ" birinciliyi əldən verməyəcək"
ÖLKƏ FUTBOLU 2 Mart 2014 / 17:45 3597
-  A +

"Neftçi" - "Qarabağ" oyununun hesabı gözlənilməz oldu. Düzdü, bilirdik ki, "Neftçi"də müəyyən problemlər var. Komanda bəzi cəzalı futbolçuların yerini doldura bilmir. Buna baxmayaraq, "Qarabağ"la görüş çempionluq yolunda mühüm qarşılaşma idi və "Neftçi" qalib gəlsəydi, liderə çatmaq şansı olardı. Buna görə də "Neftçi"nin "Qarabağ"a 1:4 hesabı ilə uduzmasını gözləmirdim".

Qol.Az saytına açıqlamasında bu sözləri U-19 millimizin sabiq baş məşqçisi Arif Əsədov deyib.

Vaxtilə  "Neftçi"ni çempion etmiş təcrübəli mütəxəssis sabiq komandasının son uğursuz çıxışlarına toxunub. O, "Neftçi" futbolçularının ardıcıl bir neçə oyunda qırmızı vərəqə ilə cazalandırılmasını komandada intizamın yerində olmaması ilə əlaqələndirib:

"Çətin ki, "Neftçi" bu mövsüm çempion olsun. Komandanın son uğursuz çıxışlarının səbəbini baş məşqçi Böyüka Hacıyev daha yaxşı bilər. Qıraqdan baxanda görünür ki, heyətlə bağlı problem var. Bir neçə turdur ki, "Neftçi"nin oyunçuları qırmızı vərəqə ilə cəzalanır. Komandada intizam sarıdan problem olduğu görünür. "Neftçi"ni zəiflədən bu haldır. Ola bilər ki, futolçularda psixoloji problem var. Sanki hər oyunda onlarda böyük gərginlik olur. Onu da deyim ki, hakimlər "Neftçi"yə qarşı çox sərtdirlər. Müəyyən epizodlarda "Neftçi" futbolçularına qırmızı vərəqə verməmək də olardı. Elə "Qarabağ"la oyunda da bunun şahidi olduq. Ardıcıl hər oyunda bu komandanın futbolçuları cəzalandırılır. Əlbəttə ki, futbolçular da öz davranışlarına fikir verməlidir".

A.Əsədov "Qarabağ"ın "Neftçi"yə qalib gələrək böyük ölçüdə çempionluğunu təmin etdiyini qeyd edib:  "Qarabağ" digər rəqibləri ilə xal fərqini xeyli artırıb. "Neftçi" ilə 10 xallıq fərq yaranıb. Məncə, bu, kifayət qədər böyük rəqəmdir. İnanmıram ki, bundan sonra "Qarabağ"a hansısa komanda çatsın. Ancaq "Qarabağ" yenə də arxayınlaşmamalıdır. Hər oyuna qələbə üçün çıxmalıdır. Digər komandalar isə ikinci yer üçün mübarizə apara bilər. Bura "Bakı", "Qəbələ", "İnter" və "Neftçi"ni aid etmək olar. Düşünürəm ki, "Qarabağ" birinciliyi əldən verməyəcək".

Daha çox


Son xəbərlər