Vaqif Sadıqov: "Millimizin qrupunda favorit yoxdur"

Vaqif Sadıqov: "Millimizin qrupunda favorit yoxdur"
ÖLKƏ FUTBOLU 25 Fevral 2014 / 18:24 2446
-  A +

AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov Qol.Az saytının suallarını cavablandırıb. Milli komandamızın sabiq çalışdırıcısı yığmamızın "Avro-2016"nın seçmə mərhələsindəki şanslarından danışıb, AZAL-ın son çıxışlarına toxunub.


- Milli komandamızın rəqibləri haqda nə deyə bilərsiniz?

- Xorvatiyadan başqa bütün komandalar bizə tanışdır. Hər biri ilə qarşılaşmışıq. Nəzərə almaq lazımdır ki, əsas favorit sayılan İtaliya və Xorvatiya bu il keçiriləcək dünya çempionatında iştirak edəcəklər. Əgər yaxşı nəticə əldə etsələr, eyni heyətlə yolları davam etdirəcəklər. Mənfi nəticə qazansalar, yeni bir İtaliya və Xorvatiya millisi görəcəyik. Hər bir rəqiblə oynaya bilərik. Çox maraqlı görüşlər olacaq. Bəziləri İtaliyanı favorit, Maltanı isə autsayder görsə də, bu qrupda aşkar favorit və ya autsayder yoxdur. Hər bir rəqiblə bizi çətin oyun gözləyir. Komandamızın dinamikasını izləsək, görərik ki, ildən-ilə uğurlu nəticə əldə edirik. Ümid edirəm ki, bu dinamika davam edəcək və daha artıq nailiyyətlər qazanacağıq. Yeni reqlament imkan verir ki, millimiz pley-off oyunu ilə  final mərhələsinə vəsiqə qazansın.  Ən azı bu yer üçün mübarizə aparmaq lazımdır. Hədəf bu olmalıdır.

- Millimizin üçüncü yeri tutacağına inanırsınız?

- Əgər Rusiya və Portuqaliya ilə başabaş mübarizə apara biliriksə, niyə də Norveç və Bolqarıstanı məğlub etməyək? Hesab edirəm ki, Avropada aşkar favorit olan komanda yoxdur. Hər bir rəqiblə mübarizə apara bilərik. Futbolçularımız bunu son seçmə mərhələdə sübut ediblər. Qeyd etdiyim kimi həmin inkişafın davamı gəlməlidir.

- Bu gün çətin qrupa düşdüyümüz deyilir, Norveç və Bolqarıstanı arzuolunmaz rəqib adlandırırlar. Ancaq razısınız ki, millimiz bu rəqiblərdən zəif olmamalı idi? Nəzərə alaq ki, bizdən qat-qat kasıb büdcəsi olan Ermənistan millisi dünya çempionatının seçmə mərhələsində İtaliyadan xal almağı, Bolqarıstana isə qalib gəlməyi bacarıb.

- "Çətin qrupa düşmüşük" ifadəsi ilə razı deyiləm. Bizim üçün rahat rəqib seçmək düzgün olmazdı. Hər bir komandaya qarşı oyuna düzgün köklənmək lazımdr. Əgər yüksk hədəflər üçün çalışırıqsa, rəqibləri seçməməliyik. Özümüz güclü bir yığma komanda formalaşdırmalıyıq. Onun üçün də planlı şəkildə işlər görülməlidir. Son seçmə mərhələdə dördüncü yeri tutmuşuqsa, niyə də bu dəfə üçüncü yerə çıxmamalıyıq?

- Sizin rəhbərliyiniz altında milli komandamız İtaliyaya qarşı oynayıb. 2012-ci ildə  Bakıda keçirilən qarşılaşmanı necə xatırlayırsınız?

- Biz 12 il bundan qabaq İtaliya ilə başabaş mübarizə apardıq. Bəlkə də üstün oyun nümayiş etdirdik.  Sadəcə italyanlar səhvimizdən istifadə edib, bizi 2:0 hesabı ilə  məğlub edə bildilər. İndi futbolçularımız da təkmilləşib. Əgər o vaxt Rəşad Sadıqov 20 yaşlı futbolçu idisə, indi daha təcrübəlidir və komandanı öz arxasınca apara bilər. Bu gün düşünməməliyik ki, hansısa rəqib bizdən güclüdür. Ən yüksək yer uğrunda mübarizə aparmalıyıq.

- AZAL-ın son çıxışları haqda nə deyə bilərsiniz?

- Gördüyünüz kimi AZAL son dövrlər oyun baxımından çox yaxşı təsir bağışlayır. Heyf ki, nəticə baxımından bunu təsdiq edə bilmirik. Ancaq oyun olan yerdə mütləq nəticə də olacaq. Ən vacib olan odur ki, futbolçularıma inanıram. Çox rarızayam ki, onlar məni başa düşürlər və əsl peşəkar kimi fəaliyyət göstərirlər. Son oyunlarda biz bir daha sübut etdik ki, heç kimdən çəkinmirik və sona qədər hər bir rəqiblə mübarizə aparacağıq. 

- Bir neçə gündən sonra milli komandamızın təlim-məşq toplanışı ilə bağlı çempionatda növbəti fasilə yaranacaq. Millimiz Filippin yığması ilə qarşılaşacaq. Bu oyunun yığmamıza nə kimi faydası ola blər?

- Bəlkə də belə bir vaxtda yoldaşlıq oyunu keçirmək məsləhətdir. Ancaq bir şərtlə ki, Foqts gərək ehtiyat qüvvəsini sınasın. Beləliklə o, gələcəkdə hansı futbolçulara şans verəcəyini təxmin edər. Artıq rəqiblərimiz bilinib. Buna görə işə başlamaq lazımdır. İş görmək üçün də informasiya bankı  yaratmaq lazımdır. Foqts tək rəqibdən yox, yığma komandaya namizəd olan futbolçulardan da məlumatlı olmalıdır.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər