"Qəbələ" - "Qarabağ" matçı "böyük oyun"dan maraqlı oldu"
Milli komandamızın məşqçisi Aslan Kərimovun Qol.Az saytına müsahibəsi
- Yəqin dünən baş tutan "böyük oyun"u izləmisiniz. Bu görüş haqda təəssüratlarınızı bilmək istərdik.
- Oyunu tam olaraq izləmək olmurdu. İstərdim ki, tək topla olan futbolçuları yox, topsuz hərəkət edənləri də müşahidə edim. Ancaq matça internet vasitəsi ilə baxdığım üçün bu imkandan məhrum idim. Demək olar ki, "böyük oyun"a layiq, keyfiyyətli qarşılaşma oldu. Sözsüz ki,bu cür matçlarda qalmaqalın olmağı da istisna deyil. Hər iki komanda baxımlı oyun nümayiş etdirdi. "Neftçi" rəqib meydanında olmağına baxmayaraq, yaxşı təsir bağışlayırdı. "Xəzər Lənkəran"ın da oyununu qeyd etmək lazımdır ki, son beş dəqiqədə 2 qol vuraraq, məğlubiyyətdən qaça bildi. Bu da sona qədər əzmkar oyunun bəhrəsidir. Hər iki komandanın xeyli səhvləri oldu ki, yəqin bunlardan nəticə çıxaracaqlar.
- Hansısa komandanın üstün olduğunu demək olar?
- "Neftçi" sırf oyun baxımından nisbətən üstün idi. Ancaq "Xəzər Lənkəran"ın əzmkar oyununu da qeyd etməliyik.
- "Neftçi" tərəfi baş hakim Rəhim Həsənovun idarəçiliyindən qəti şəkildə narazı qalıb. Sizcə, hakim oyunu necə idarə etdi?
- Sözsüz ki, hakimin qərarları da oyuna öz damğasını vurdu. Ancaq Rəhim Həsənov kobud səhvə yol vermədi. Ola bilər ki, hansısa epizod gözündən yayınsın. Ancaq ümumilikdə görüşü yaxşı idarə etdi. Qeydə alınan xırda səhvlər dünya futbolunda hər zaman olur.
- Digər bir maraqlı oyun "Qəbələ" ilə "Qarabağ" arasında baş tutdu...
- Həmin görüşü stadiondan izlədim. Bu qarşılaşma komandaların turnir cədvəlindəki mövqeyi baxımından "böyük oyun"dan daha önəmli və maraqlı idi. Çünki liderlər qrupunda olan komandalar qarşılaşırdılar. Oyun gözlədiyim kimi keçdi. Bilirdim ki, "Qarabağ" daha çox topa sahib olmaq istəyəcək, "Qəbələ" isə əsasən əks hücumlara bel bağlayacaq. Hər iki komandanın xeyli qol imkanları var idi. Ancaq Reynaldo Silvanın fərdi ustalığı öz sözünü dedi. Hansı ki, Reynaldo gözlənilməyən anda "Qarabağ"ın qələbə qolunu vurdu. Sırf texniki baxımdan dominantlıq edən "Qarabağ" idi. Ona görə də düşünürəm ki, "Qarabağ" layiqli qələbə qazandı.
- Ümumən III dövrə üçün komandaların çıxış haqda nə demək olar?
- Şəxsi fikrimə görə, çempionatımızda hərtərəfli artım görünür. Komandaların səviyyəsi və oyunların gərginliyi əvvəlki mövsümlə müqayisədə xeyli artıb. Turnir cədvəlinin autsayderi "Sumqayıt"ın AZAL-la 2:2 hesablı heç-heçə etməsi də buna misaldır. İstənilən komanda "Qarabağ", "Qəbələ" və "Neftçi"yə qarşı yaxşı mübarizə aparır və bəlkə də qalib də gələ bilər. Yəni bizim çempionatda 2-3 komanda hegamonluq etmir. "Qəbələ" və "Xəzər Lənkəran"ın III dövrəyə daha yaxşı hazırlaşdığını görünür. "Qarabağ"da böyük dəyişiklik yoxdur. Cəmi bir hücumçu transfer ediblər. Qış transfer pəncərəsindən sonra yeni oyunçuların komandaya uyğunlaşmağı üçün bir neçə tur gözləmək lazım olur. Bir oyunla komandaların yeni transferlərinə qiymət vermək çətindir. Komandalarımız müxtəlif oyun sistemi ilə mübarizə aparır. "Qarabağ" sırf qısa ötürmələrlə oynayır. Buna görə də yeni hücumçu Jaba Dvalinin komandaya uyğunlaşmağı üçün vaxt lazımdır. Çünki "Qarabağ"da oyunçular ötürmə vermədən bir-birini başa düşməlidir. Ancaq topu irəli vuran komandaların bu baxımdan işi asan olur.
- Milli komandamızın qarşıda hansı planları var?
- Martın 1-də təlim-məşq toplanışı üçün Dubaya getməyi planlaşdırırıq. Toplanış 5 gün davam edəcək. "Avro-2016"-ın püşkatmasından sonra rəqiblərimizə uyğun olaraq yoldaşlıq oyunları keçirəcəyik. Ona görə də indidən böyük planlar qurulmayb.
- "Beşiktaş"ın baş məşqçisi Slaven Biliç bizim jurnalistlərinə millimizlə bağlı açıqlama verərkən bildirmişdi ki, "Azərbaycan komandasına Mourinyo gəlsə belə, yığmanı böyük turnirlərə çıxara bilməz". Bu fikrə münasibətinizi bilmək istərdik.
- Onun dediklərinin bir qismi ilə razılaşmaq olar. Çünki milli komandamızdan Dünya və ya Avropa çempionatında hər hansı yaxşı nəticə gözləmək düzgün olmaz. Əlində yaxşı material olmalıdır ki, yaxşı saray tikəsən. Material qumdandırsa, ancaq daxma tikmək olar. Ona görə də hələlik millimizdən yüksək nəticələr gözləmək olmaz. Ancaq təcrübəli məşqçilər sayəsində ən azı həmin uğura gedən yolda addımlamaq mümkündür.
- Slaven Biliç millimizin "Avro-2016"-nın seçmə mərhələsində qrupdan çıxa bilməyəcəyinə işarə vurub.
- Qrupdan çıxmaq tək baş məşqçidən və ya futbolçulardan asılı deyil. Bizə düşən rəqiblərdən də çox şey asılıdır. Əgər bizə İtaliya, İspaniya və daha bir ortabab komanda rəqib olsa, əlbəttə ki, qrupdan çıxmaq şansımız təxminən 10 faiz olacaq. Ancaq münasib rəqiblərlə düşsək, niyə də qrupdan çıxmayaq?
Ramiq AĞAMƏMMƏDOV