Mircavadov: "Foqtsu bir-iki oyuna görə saxlamaq düzgün deyil"

Mircavadov: "Foqtsu bir-iki oyuna görə saxlamaq düzgün deyil"
ÖLKƏ FUTBOLU 13 Oktyabr 2013 / 17:52 4098
-  A +

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun DÇ-2014-ün seçmə mərhələsində millimizin Şimali İrlandiyaya qalib gəldiyi (2:0) və oktyabrın 15-də Rusiya yığmasına qarşı keçirəcəyimiz oyun haqda Qol.Az saytının suallarını cavablandırıb

- Milli komandamızın Şimali İrlandiya ilə oyunu haqda fikirlərinizi bilmək istərdik.

- İki fərqli hissə izlədik. Birinci hissə futbolçularımız zəif təsir bağışladılar. Topu özlərində saxlaya bilmirdilər. Futbolun da mahiyyəti ondan ibarətdir ki, hansı komanda topu özündə çox saxlasa, daha çox qol şansı olacaq, hücuma gedəcək. Bununla da uğur qazanılır. Artıq bütün millilər topla işləyirlər. Şahidi olduq ki, Şimali İrlandiya Britaniya futbolu oynasa da, artıq onlar da yerlə ötürmələrə, top saxlamağa çalışırdı. Buna görə də futbolçularımız birinci hissədə çoxlu səhvlərə yol verdilər. Kamran Ağayevin gözlə oyunu qeyd edə bilərəm. Onun inamlı oyunu, futbolçularımızı ruhlandırdı, hiss etdilər ki, oyunu uda bilərlər. İkinci hissədə isə komandamız hücumları keyfiyyətli edirdi. Bu da Rauf Əliyevin irəlidə yaxşı oyununun sayəsində oldu. O, əsl hücumçu kimi oynadı. Birinci issədə mövqe səhvlərimiz varıydısa, ikinci hissədə belə səhvlər daha az oldu.

- Millimiz oyunu ilə də rəqibi üstələyə bildi, yoxsa üstünlüyümüz yalnız hesabda oldu?

- Hələ ki, millimiz istədiyimiz futbolu oynamır. Şimali İrlandiyaya qarşı göstərdiyimiz oyunu çoxdan oynamalı idik. Əvvəllər digər MDB ölkələri kimi biz də hücumameyilli olmuşuq. Açığı, müdafiədə səhvlərimiz daima olub. Millimiz bu dəfə də hücumameyilli oynadı. Hücumu da oyunçu sayı ilə yox, keyfiyyətlə artırmaq lazımdır. Şimali İrlandiyaya qarşı ikinci hissədə bunun şahidi olduq. Oyunumuz artırmalıyıq. Hansısa komandanın üstünlüyünü demək olmaz.

- Bu oyunla ruslara qarşı nəsə etmək olar?

- Mütləq heyətdə dəyişiklik olmalıdır. Orta xətti gücləndirmək lazımdır. Çünki Rusiya yığmasının bu mövqeyi çox güclüdür. Birincisi gərək orta xətdə Rusiyaya uduzmayaq. İknci məsələ odur ki, cinahlarda fəal olmalıyıq.

- Rusiyaya qarşı açıq futbol rislki olardı, qapalı futbol isə indiyədək işimizə yaramayıb. Siz nə məsləhət görürsünüz?

- Azərbaycan millisi qapalı futbol oynaya bilmir. Müdafiəçilərin sayını artırmaqla müdafiəni gücləndirmək səhv fikirdir. Heç vaxt sayla güclənmək olmur. Həm müdafiəni, həm də hücumu düzgün, keyfiyyətli oyunla gücləndirmək lazımdır. Əgər Rusiya ilə oyunda müdafiəyə çəkiləsək işimiz ağır olacaq. Rauf Əliyev yenə həminki kimi oynaya bilər. Çünki o, daxildən də güclü oyunçudur. Buna görə ondan yaxşı istifadə etməliyik. Əgər ruslarla oyunda vaxtı öldürməyə çalışsaq, heç nə edə bilməyəcəyik. Topu özümüzdə saxlamaqla onları hirsləndirmək lazımdır. Onlara bir xal kifayət etsə də, yenə hücumda oynayacaqlar. Çünki güclü hücumçuları var. Ona görə də onları topsuz qoymaq lazmıdır. Belə olsa, rəqib özündən çıxıb səhvlər edəcək. Bunun üçün də meydanda top saxlayan futbolçularımız olmalıdır. Şimali İrlandiyaya qarşı Qara Qarayev və Rahid Əmirquliyev çox yaxşı oynadı. Ancaq onların da səhvləri oldu. Rusiya ilə oyunda həmin top itkiləri olsa, çətin olacaq.

- Malta ilə oyun da daxil olmaqla milli komandamız məğlub olmur. Bunu inkişaf adlandırmaq olar?

- Xal yığmağımız hələ inkişaf etmək deyil. Bu seçmə mərhələdə 8-9 xal yığmaqla inkişaf etdiyimizi demək olmaz. Qarşımızda məqsəd olmalıdır. Məqsədlərdən biri o olmalıdır ki, futbolçularımız başqa ölkələrin çempionatında çıxış etsinlər. Ruslan Abışovdan başqa ikinci belə bir futbolçumuz yoxdur. İstərdim ki, komandamızda lider oyunçular olsun. Onda çox məsələləri həll etmək olar. Millimizin çıxış etdiyi F qrupu o qədər də çətin deyildi. 2016-cı ildə keçiriləcək Avropa çemponatı üçün belə bir qrupa düşsək nəsə etmək olar. Artıq vaxtdır ki, qrupdan çıxaq. AFFA rəhbərliyi komandamız üçün hər bir şəraiti yaradıb. Bunun da cavabını oyunla vermək olar. İnkişaf həmişə olacaq. Ancaq əsas inkişaf odur ki, futbolçularımız xarici çempionatlarda oynasın.

- Milli komandamız Rusiyaya qalib gəlsə, bunu böyük uğur kimi qiymətləndirib Foqtsu öz postunda saxlamaq olar?

- Əslində bu, AFFA-nın sərəncamında olan işlərdir. Ancaq bir-iki oyuna görə Foqtsu saxlamaq düzgün deyil. Analiz etmək lazımdır ki, il boyu hansı uğurumuz olub? Nə etmişik? Foqts artıq 6 ildir ki, Azərbaycandadır. Baxmaq lazımdır ki, o, bu 6 ildə nə işlər görüb? Bundan sonra nə edə bilər? Oturub mütəxəssislərlə onun işini analiz etmək lazımdır.

- Ona görə bir mütəxəssis kimi sizdən soruşuruq.

- Onu deyə bilərəm ki, bir-iki oyunla heç nə dəyişilmir. Foqtsun işlədiyi dövrdə nə etdiyini və nə etməli idi onu analiz etmək lazımdır.

- Futbol üzrə veteranlardan ibarət Azərbaycan yığmasına baş məşqçilik edirsiz. Oktyabrın 15-də Rusiya veteranlarına qarşı keçirəcəyiniz oyuna hazırlıq necə gedir?

- Həftədə 3 dəfə köhnə bazamıza yığışırıq. Veteranlar hərəkət edirlər, oynayırlar. Sabah yenə məşqimiz var. Bu dəfə  meydana yaşı 40-dan yuxarı olan veteranlar çıxacaqlar. İnşallah hazırlaşırıq ki, qalib gələk.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu