Vaqif Sadıqov: "Millimiz artıq sonuncu pillədən əl çəkməlidir"
AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqada birinci dövrə başa çatdı. Geirdə qalan doqquz turu AZAL üçün necə qiymətləndirmək olar?
- Nəzərə almalıyıq ki, bu mövsüm çempionat əvvəlki illərə nisbətən fərqlidir. İndi daha rəqabətli çempionatın şahidi oluruq. Buna görə də AZAL-ın birinci dövrədən sonra dördüncü pillədə qrarlaşmağı pis nəticə deyil. Buna baxmayaraq oyunlar onu göstərdi ki, bundan da artığına nail ola bilərdik. Biz tələsmirik, hər oyunda qarşımıza qələbə qazanmaq məqsədi qoymuşuq. Birinci dövrədən sonra nəticəmizi qənaətbəxş hesab edirəm. Bizi uzun bir marafon gözləyir. Hələ ağır oyunlar qabaqdadır. Həmin oyunlarda hər şey dəyişə bilər. Müəyyən çatışmazlıqlara baxmayaraq, çalışarıq liderlər qrupunda öz yerimizi möhkəmləndirək.
- AZAL-ın nəticələrinə diqqət yetirəndə dediyiniz çatışmazlıqlar görünür. Komandanız liderlər qrupunda olan klublarla müqayisədə daha az qol vurub və çox qol buraxıb. Yəni top fərqi mənfi ikidir.
- Yalnız bir oyunda qol vura bilməmişik. Hər bir oyunda ən azı 5-6 qol epizodu yarada bilirik. Bəlkə də səviyyə baxımından imkanımız çatmır ki, həmin epizodları qola çevirək. Razıyam ki, hər oyunda nəticə qazanmaq üçün qol vurmaq lazımdır. Ancaq bir şeyi də başa düşmək lazımdır ki, doqquz oyundur AZAL hücumçusuz oynayır. Orta xətt oyunçusundan hücumçu düzəltmişik. Bu gün hər iki hücumçumuz zədəlidir. Ümumiyyətlə bizdə xeyli zədəli futbolçular var. Onların bəziləri demək olar ki, ilin sonuna qədər bizə kömək edə bilməyəcəklər. Orxan Həsənov, Ruslan Tağızadə, Boqdanoviç, və Yuri Fomenkonu nəzərdə tuturam. Bunlar bizim əsas futbolçularımızdır. Bu itkilərin olmağına baxmayaraq, komandamız simasını itirmir, hər bir oyunda maksimum nəticə əldə etməyə çalışır.
- Püşkatmanın nəticəsinə görə, kubok oyununda "Qarabağ"a rəqib oldunuz. Bu komanda ilə erkən qarşılaşmaq istərdiniz?
- Hər bir rəqibə çox hörmətlə yanaşırıq. Əgər kubokun sahibi olmaq istəyiriksə, bütün rəqibləri məğlub etmək gücündə olmalıyıq. "Qarabağ"la finalda və ya 1/4 finalda qarşılaşmağın fərqi yoxdur. Kubokda irəliləmək istəyiriksə, "Qarabağ"la nə vaxt görüşəcəyimizin fərqi yoxdur. Yəni hər bir oyuna qələbə üçün çıxacağıq. İmkan qədər yuxarı yerlərə çıxmağa çalışacağıq.
- Milli komandamızın Şimali İrlandiya və Rusiya ilə oyunları haqda nə deyə bilərsiniz?
- Çox ağır oyunlar olacaq. Həm də hər iki matç bir-birindən asılı olan oyunlardır. Portuqaliya - İsrail oyunu da çox maraqlı olacaq. Rusiya millisinin taleyi də həmin oyundan asılı ola bilər. Ruslara mütləq hər iki görüşdə qalib gəlmək lazımdır ki, qrupda birinc yeri tutsunlar. Buna görə də onlar son iki oyunda yüz fazi nəticə əldə etməyə çalışacaqlar. Bu baxımdan çox maraqlı bir oyunun şahidi olacağıq. Şimali İrlandiya isə millimiz səviyyəsində olan komandadır. Hesab edirəm ki, onara qalib gəlmək olar. Belə oyunlarda liderlik keyfiyyətinə malik olan futbolçulardan çox şey asılıdır. İnanıram ki, bizim futbolçularımız bunu dərk edirlər. İlk növbədə Şimali İrlandiyanı məğlub etməklə psixoloji cəhətdən üstün durumda Rusiya millisinə qarşı yaxşı oyun nümayiş etdirmək olar. Bir şeyi başa düşməliyik ki, artıq sonuncu pillədən əl çəkməliyik. Vaxt gəlib çatıb ki, daha yaxşı yerlərə sahib olaq. Hər iki oyunda yaxşı nəticə qazanmaqla qrupun ortabab komandalarına çevrilə bilərik. Hətta dördüncü yerə qədər yüksələ bilərik. Bunu da uğur kimi qiymətləndirmək olar.
Ramiq AĞAMƏMMƏDOV