Aslan Kərimov: "Rusiya millisi Bakıda xal itirsə..."

Aslan Kərimov: "Rusiya millisi Bakıda xal itirsə..."
ÖLKƏ FUTBOLU 8 Oktyabr 2013 / 18:33 3635
-  A +

"Həqiqətən də bizi iki çətin oyun gözləyir. Şimali İrlandiya fiziki cəhətdən üstün olan komandadır. Heyətlərində 2-3 futbolçu var ki, hava mübarizələrində çox yaxşı oynayırlar. Bunların qarşısını almalıyıq".

Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycan U-16 millisinin baş məşqçisi Aslan Kərimov yığma komandamızın "DÇ-2014"ün seçmə mərhələsində Şimali İrlandiya və Rusiya ilə qarşılaşacağı oyunlar haqqında danışarkən deyib.

Millimizin sabiq futbolçusu Şimali İrlandiyanın da Rusiya yığması kimi çox ciddi rəqib olduğunu bildirib: "Heyətlərində təcrübəli futbolçular çoxdur. 4 nömrəli müdafiəçiləri (Qaret MakAuli - red) həm Portuqaliyaya, həm də Lüksemburqa başla qol vurub. Yəni standart vəziyyətdən çox yaxşı istifadə etməyi bacarırlar. Belə komandaya qarşı oynamaq bizim üçün çox çətin olacaq. Ancaq məşqlərdə bunun üzərində işlər gedir və ümid edirəm ki, oyuna qədər Şimali İrlandiyaya qarşı tam hazır ola biləcəyik. Meydana yalnız qələbə üçün çıxacağıq. Ümid edirəm ki, Şimali İrlandiya üzərində qələbə qazana biləcəyik".

"Qarabağ" klubunun sabiq kapitanı millimizin Şimali İrlandiya ilə matça yaxşı əhval-ruhiyyədə çıxacağını bildirib: "İsraillə oyundan sonra futbolçularımızda əhval-ruhiyyə yaxşıdır. Çünki çətin İsrail səfərindən bir xal qazana bildik. Yəni qol da vurmağı bacardıq. Düşünürəm ki, bütün futbolçularımız psixoloji cəhətdən Şimali İrlandiya ilə oyuna hazırdır. Yaxşı haldır ki, zədəli futbolçularımız yoxdur. Millimizdə ab-hava yaxşıdır.

Rusiya millisi ilə oyun isə Şimali İrlandiyaya qarşı keçirəcəyimiz matçdan asılı olacaq. Rusiya bizimlə oyunda bir xal itirsə, böyük ehtimalla qrupda ikinci pilləni tutacaq. Rusiyanın iki asan rəqib - Azərbaycan və Lüksemburqla oyunu qalıb. Ancaq Şimali İrlandiyaya 0:1 hesabı ilə məğlub olmaları onlar üçün bir mesaj oldu. Ona görə də rəqib Bakıya tam heyətlə və ancaq qələbə üçün gələcək. Bizim üstünlüyümüz ondadır ki, həm doğma meydanda oynayacağıq, həm də üzərimizdə böyük təzyiq olmayacaq. Çünki itiriləsi bir şeyimiz yoxdur. Məncə, komandamız Rusiyaya qarşı ən azı layiqli oyun göstərəcək. Rusiya millisini qrupda saxlaya bilərik".

Daha çox


Son xəbərlər