"Bayrağımızın Lansda dalğalanması Azərbaycana olan münasibəti göstərir"

"Bayrağımızın Lansda dalğalanması Azərbaycana olan münasibəti göstərir"
ÖLKƏ FUTBOLU 2 Oktyabr 2013 / 19:12 2355
-  A +

Xəbər verdiyimiz kimi Fransanın paytaxtında keçirilən ənənəvi beynəlxalq turizm sərgisində Azərbaycanın idman sektorunu təmsil edən “Bakı” klubu "Lans"la əməkdaşlıq müqaviləsi imzalayıb. Tədbirdə iştirak edən klubun icraçı direktoru Yaşar Seyidov səfərlə bağlı Qol.Az saytının suallarını cavablandırıb.


- İlk növbədə onu qeyd etməliyəm ki, sentyabrın 24-ü və 27-si aralığında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Parisin “Top Resa” beynəlxalq turizm sərgisində iştirak etdik. Həmin sərgidə “Bakı” Futbol Klubu ölkəmizin idman sektorunu təmsil edirdi. Elə həmin sərgi ərəfəsində, sentyabrın 26-da “Bakı” ilə “Lans” arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirildi. Tədbirdə “Bakı” və “Lans” klubunun rəhbərliyi, o cümlədən, Azərbaycanın Fransadakı səfirliyinin nümayəndələri, Fransanın məşhur futbolçuları Jan Pyer-Papen, Olivye Dakur da iştirak edirdilər. Ən əlamətdar məsələlərdən biri də o idi ki, Fransanın Turizm naziri Silviya Pinel də mərasimdə iştirak edirdi. O, “Bakı”nın futbolkası ilə xatirə şəkli də çəkdirdi və Fransa Azərbaycan arasında münasibətlərin bundan sonra da yaxşı olacağına inandığını bildirdi. Klub prezidenti Hafiz müəllimin tədbirdə qeyd etdiyi kimi bütün bu işləri görməkdə məqsədimiz ölkə prezidenti İlham Əliyevin siyasətini davam etdirmək və Azərbaycanı dünyada tanıtmaqdır.

- Bilmək istərdik ki, Fransada Azərbaycana, bizim futbolumuza maraq nə dərəcədədir?

- Onu deyim ki, bu gün Lansın girişində Azərbaycanın bayrağı dalğalanır. Bunun özü böyük hadisədir və Azərbaycana olan münasibəti göstərir. İlk gündən Fransada olan erməni lobbisi bizim “Lans”la əməkdaşlığımıza qarşı çıxırdı. Fransa 8 əyalətdən və 12 regiondan ibarətdir. Lans da əyalətlərdən biridir. Lansda olan erməni lobbisi çox çalışdı, çirkin işlər gördülər ki, bu əməkdaşlıq alınmasın. Lakin Azərbaycan diasporasının, və səfirliyinin dəstəyi ilə bütün bunların qarşısı alındı və bildiyiniz kimi “Lans”la sentyabrın 26-da əməkdaşlıq müqaviləsi imzalandı.
 
- Əməkdaşlıqda komandalar arasında mümkün transfer məsələləri öz əksini tapıb?

- Əməkdaşlığımızda əsas məsələlərdən biri “Lans” Futbol Akademiyasında bizim akademiyanın gənc futbolçularının çıxış etməsidir. Artıq bizim 5 futbolçumuz “Atletiko”nun (Madrid) nümayəndələri tərəfindən seçilib və yaxın günlərdə onlar futbolun sirlərini öyrənmək üçün Madridə yollanacaqlar. “Atletiko” ilə nəzərdə tutulan həmin saziş “Lans”la əməkdaşlıqda da öz əksini tapıb. “Lans” tərəfindən təyin edilən məşqçilər bizim akademiyada seleksiya işləri aparacalar və özləri seçdikləri uşaqları Lansa aparacaqlar. Həmin futbolçular isə gələcəkdə Azərbaycan futboluna xidmət edəcəklər. Bu gün əsas məsələlərdən biri də 2016-cı ildə təşkil ediləcək 16 yaşa qədər futbolçular arasında Avropa çempionatının Azərbaycanda keçirilməsidir. Bu yarışa hələ 3 il var. Ona görə də çalışırıq ki, o müddətə qədər gənc oyunçularımızı “Lans” Futbol Akademiyasına göndərək. Çünki onların yaxşı təcrübələri var, Fransa Avropanın aparıcı ölkələrindən biridir. Ona görə də düşünürəm ki, “Lans”la bağlanılan müqavilə futbolumuzun inkişafı üçün əvvəlcədən gələcəyi düşünülmüş bir addımdır.

- “Bakı”nın “Porto” klubu ilə əməkdaşlıq edəcəyi gündəmə gəlmişdi. Bu və ya başqa bir Avropa klubu ilə yaxın günlərdə əməkdaşlıq nəzərdə tutulub?

- Onu deyə bilərəm ki, “Porto” klubunun rəhbərliyi ilə bizim klub arasında yaxşı, çox ciddi münasibətlər var. Ancaq bunun gələcəkdə əməkdaşlığa çevrilməsi klubumuzun prezidenti Hafiz müəllimdən asılıdır. Yəqin ki, Hafiz müəllim yaxın günlərdə bununla bağlı öz fikrini bildirəcək. Hələ ki, əməkdaşlıq etdiyimiz real klublar “Atletiko” və “Lans”dır.

- Bir qədər də “Bakı”nın çempionatdakı çıxışı haqda danışmağınızı istərdik. Komandanın 8 tur ərzində çıxışını necə qiymətləndirirsiniz?

- Bu gün “Bakı”nın çıxışı qənaətbəxşdir. Artıq çempionatda çıxış edən komandaların hamısı iddialıdır. Bütün komandalar çempionatda yüksək yerlər uğrunda, Avroliqaya vəsiqə qazanmaq üçün mübarizə aparırlar. Bu gün rəqabət daha çoxdur. “Bakı” hazırda dördüncü pillədə olsa da, düşünürəm ki, artıq “Bakı” öz sözünü deyəcək və yaxın günlərdə liderlərdən birinə çevriləcək.

- Komandanın çempion olmaq potensialın nece görürsünüz?

- Napoleon Bonapartın belə bir sözü var: “Əlli min qoşun və bir Napoleon, bu yüz min deməkdir. “Bakı”nın Pantiç kimi baş məşqçisi var. Biz onu dəstəkləyirik və inanırıq ki, baş məşqçimiz özü komandanı çempionluğa və kuboku qazanmağa daşıyacaq.


Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər