Fərhad Vəliyev: "Fikrimiz Avropada qalmışdı"

Fərhad Vəliyev: "Fikrimiz Avropada qalmışdı"
ÖLKƏ FUTBOLU 30 Sentyabr 2013 / 18:33 2723
-  A +

“Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyevin Qol.Az saytına müsahibəsi


- Son turda “Neftçi” ilə qarşılaşdınız. Görüş haqda nə deyə bilrsən?

- Gördüyünüz kimi oyun gərgin və maraqlı keçdi. Düzdü, oyunda çox qol epizodu olmadı, qapılara qol vurulmadı. Bununla belə qarşılaşma pis keçmədi. Məncə, elə nəticə də oyuna görə oldu.

- Hansısa tərəfin üstün olduğunu söyləmək olmaz?

- Xeyr. İlk hissədə biraz “Neftçi” üstün oldu. İkinci hissədə bizim qol epizodlarımız daha çox oldu. Bərabər səviyyəli oyun keçdi. Nəticəni isə ədalətli hesab edirəm.

- Cari mövsümdə “Qarabağ” maraqlı nəticə qazanıb. Komandanız ardıcıl 4 qələbədən sonra 4 oyundur ki, qalib gələ bilmir. Bunu necə izah etmək olar?

- Ola bilər ki, bizdə Avroliqa oyunlarının yorğunluğu olsun. Psixoloji yorğunluq da ola bilər. Ancaq bir məsələ də var ki, biz hər oyuna qələbə üçün çıxmışıq. “Rəvan”  “Simurq”la oyunda tam üstün tərəf olmuşuq. Qol epizodlarından istifadə edə bilmədiyimiz üçün qələbə qazana bilmədik. Çalışacağıq ki, qarşıdakı oyunlarda qalib gəlib liderliyi yenidən ələ keçirək.

- “Neftçi” ilə oyunda komandanızda bir sıra çatışmazlıqlar hiss olunurdu.

- Komandamızda heç bir problem yoxdur. Bir yerdə daha çox məşq etməklə çatışmazlıqları da aradan qaldıracağıq.  Artıq gələn turlarda komandamız tam özünə gələcək.

- “Qarabağ” Avroliqada göstərdiyi oyunu çempionatda sərgiləyə bilmir. Bunun səbəbi nə ola bilər?

- Avropa oyunlarından sonra çempionata köklənə bilmirdik. Fikrimiz Avropada qalmışdı. İndi Avroliqa da arxada qaldı. Bundan sonra çempionata daha yaxşı köklənəcəyik.

- Ancaq komandanız elə Avropada çıxış edən zaman 4 qələbə qazanmışdı.

- Düzdü, “Ayntraxt”a məğlub olandan sonra fikrimizi toparlaya bilmirdik. Məğlubiyyət bizə pis təsir etmişdi. Bu durumdan çıxmağa çalışırıq. İnanıram ki, bunun öhdəsindən gələcəyik və yenidən qələbələrimizi sıralayacağıq.

- Növbəti oyununuz “Bakı”yladır. Bu komanda sizin üçün hansı rəqiblərdəndir?

- Uğursuzluqlara elə “Bakı” ilə oyunda son qoymaq istəyirik. Oyun öz meydanımızda olacaq. Buna görə də biz daha çox istəkli olmalıyıq. Əlbəttə ki çempionatın hər bir komandası kimi “Bakı” ilə oyun da çətin olacaq. Bu komandanın çox güclü kollektivi var. Hiss olunur ki, oyundan
– oyuna forma yığırlar. Rəqibimizin öz dəsti-xətti var. Ancaq azarkeşlərimiz qarşısında qalib gəlməliyik.

- Artıq neçə oyundur ki, səni start heyətdə görürük. Demək olarmı Varvodiçi sıxışdırıb əvvəlki yerini tutmusan?

- Artıq 5-6 oyundur ki, baş məşqçi mənə şans verir.  Bütün məşqlərdə ciddi hazırlaşıram. Hər bir oyunda qapını qorumağa özümü hazır hiss edirəm. Şans verilməyi isə baş məşqçidən asılıdır. Ehtiyat qalanda da işimə məsuliyyətlə yanaşıram. 

Ramiq AĞAMƏMMƏDOV 

Daha çox


Son xəbərlər