“Qruplaşma yaradanların futboldan anlayışları yoxdur”

“Qruplaşma yaradanların futboldan anlayışları yoxdur”
ÖLKƏ FUTBOLU 26 Sentyabr 2013 / 16:08 2614
-  A +

“Qəbələ” klubunun yarımmüdafiəçisi Nizami Hacıyevin Qol.Az saytına müsahibəsi

- Əvvəlcə “Qəbələ”yə keçidin haqda danışaq.

- Açığı, “Qəbələ”dən əvvəl başqa bir komandaya gedə bilərdim. Digər yerli klublarda da çıxış edə bilərdim. “Qəbələ” rəhbərliyi ilə görüşdüm, onlar mənə müqavilə təklif etdilər. Gördüyüm hörmət və qayğı məni qane etdi. Buna görə də “Qəbələ” ilə müqavilə imzaladım.

- Bəs “İnter”dən niyə getdin?

- Sadəcə olaraq “İnter”dən ayrılmaq vaxtı idi.

- Son zamanlar “İnter”də ehtiyatda qalmağına görə baş məşqçi ilə problemin olmuşdu?

- Yox. Zədələndiyimə görə son altı ayı oynamadım. Öndan əvvəl həmişə start heyətdə çıxış etmişəm. İndiyədək “İnter”də heç bir məşqçi ilə problemim olmayıb. Bir-birimizə qarşılıqlı hörmətimiz var. Sadəcə məsləhət bildim ki, “İnter”dən gedim.

- Yeni komandanda işlərin necədi?

- Hələ ki, özümü ideal formada hiss etmirəm. Əvvəlki oyunumu bərpa edə bilməmişəm. Hər gün üzərimdə çalışıram. Günü-gündən artıracağıma inanıram. Altı ay yaşıl meydanlardan qıraqda qalmaq zarafat deyil. Ən azı mənə hələ dörd ay vaxt lazımdır ki, özümə gəlim. Komandada işlərim yaxşı gedir.

- Yuri Syomin kimi bir baş məşqçi ilə işləmək necədir? Ardıcıl oyunlarda səni start heyətdə meydanda görürük. Yəqin çıxışından razıdır.

- Mən də düşünürəm ki, yəqin razıdır. Bu barədə onunla danışmırıq. Məşqçinin futbolçuya güvənməyi normaldır. Mənə inanmasa, komandaya gətirməzdi. Onunla işləməyə gəlincə, hər şey yaxşıdır. Heç bir futbolçunun ondan narazılığı yoxdur. Syomin də futbolçulardan razıdır.

- “Qəbələ” bu gün liderdir. “Qarabağ” və “Neftçi” kimi komandalarla sizi cəmi bir xal ayırır. Belə bir durumda “Qəbələ” bu üstünlüyünü qorumağa qadirdir?

- Bizim çox gözəl heyətimiz var. Müdafiə və hücum xəttimiz yaxşı təsir bağışlayır. Hər bir futbolçu öz mövqeyində işinin öhdəsindən gələ bilir. Hələ qarşıda 29 tur var. Bizim bu gün birinci yerdə olmağımız hələ heç nə demək deyil. Bu bizim üçün bəs deyil. Hələ ki, biz heç nə etməmişik, heç bir titulumuz yoxdur. Yuri Syomin də nəticə verməyə gəlib. Ona görə də əlimizdən gələni etməliyik ki, ən azı bir müddət yuxarı pillələrdə qalaq. Əlbəttə ki, bu, çətin olacaq. Bu gün birinci yerdə getməyimizə baxmayaraq, heçnəyə nail olmamışıq. May ayında bilinəcək ki, kim nəyə qadir idi. Bu gün sonuncu pillərdə yerləşən “İnter”lə cəmi 11 xal fərqimiz var. Əgər “İnter” ardıcıl 4-5 oyunda qələbə qazansa, yuxarı pillələrdən birində olacaq.

- “İnter”dən söz düşmüşkən, keçmiş komandanın bugünkü durumu haqda nə deyə bilərsən?

- Mən Kaxaber Sxadadzenin nəyə qadir olduğunu bilirəm. Onun komandasının bu vəziyyətdə olması mənə təəccüblü gəlir. Onların autsayderlər sırasında olmasına gəlincə, yenə deyirəm, hələ cəmi 7 tur arxada qalıb. İndidən bilmək olmaz ki, hansı komanda mövsümü neçənci yerdə bitirəcək. Mən “İnter”də oynayanda “Xəzər Lənkəran”la aramızda 12 xal fərqi olub. Ancaq mövsümün sonunda “Xəzər Lənkəran” “altılığ”a düşə bilmədi. Biz isə mövsümü üçüncü yerdə bitirdik.

- Sxadadzenin yaxşı baş məşqçi olmağını dedin. “İnter”in futbolçularına da bələdsən. Baş məşqçiyə qarşı hansısa qruplaşma ola bilər?

- Belə bir şeyin olmağına inanmıram. Sxadadze kimi işini bilən baş məşqçiyə qarşı qruplaşma yaratsalar, deməli, onların futboldan anlayışları yoxdur. Mən bunu ağlıma gətirə bilmirəm.

- Sənin, Niassenin və Levinin gedişi komandanı sarsıda bilərmi?

- Bizdən əlavə Abramidze və Kandelaki də “İnter”dən getdi. Ancaq oyun 3 nəfərlə qazanılmır və ya uduzulmur. Qalibiyyət və məğlubiyyət komanda şəklində olur.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə