Vüqar Nadirov: “Mən pula üstünlük vermədim”

Vüqar Nadirov: “Mən pula üstünlük vermədim”
ÖLKƏ FUTBOLU 16 İyun 2013 / 13:24 3836
-  A +

“Qarabağ”ın yarımmüdafiəçisi Vüqar Nadirov klubun saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, V.Nadirov ötən mövsümün yekunları ilə bağlı danışıb, komandasının avrokuboklardakı oyunları ilə bağlı fikirlərini bildirib.

- “Qarabağ” son mövsüm çempionluğa çox yaxın oldu. Ancaq son anda nəsə çatmadı. Səncə, çatışmayan nə idi?

- Hamı görürdü ki, bizim çempionluq istəyimiz böyük idi. Hər futbolçu bir qədər də artırsaydı, çempion olardıq, ancaq alınmadı. Mən bu haqda danışmaq istəməsəm də, Premyer Liqada hakimlərin idarəçiliyi də qənaətbəxş deyildi. Hər halda ikinci yeri tutduq və Avropa Liqasına vəsiqə qazandıq.

- Qış fasiləsinə qədər məhsuldar oyun nümayiş etdirmədin. Lakin çempionatın final mərhələsində bir-birindən vacib qollara imza atdın. Fərqli iki dövrə keçirdin. Buna necə izah verərdin?

- Vacib oyunlar ərəfəsində baş məşqçimiz Qurban Qurbanov bizə dedi ki, hər biriniz 5 faiz artırsa, çempionluq bizim olacağıq. Onun dedikləri haqqında çox düşünürdüm və məşqlərdə də var gücümü ortaya qoyurdum. Anlayırdım ki, çempionluq çox yaxındadır. Bunun nəticəsi kimi həmin dönəmi əla keçirdim. Təəssüf ki, heç də hamı eyni şeyi bacarmadı. Çempionluğu əldən verməyimizin əsas səbəblərindən biri də bu oldu.    

- Vurduğun qollar həm də çox baxımlı alındı. Hansı qol sənin daha çox ürəyincə oldu?

- Səmimi desəm, kubok matçında “Neftçi”yə vurduğum qol mənə daha xoş təsir bağışladı.
 
- Mətbuatda xəbərlər yayıldı ki, başqa klublardan təklif almısan. Ancaq sən “Qarabağ”da qalmağı üstün tutdun. Bu qərarı verərkən nə düşündün?

- Mənim atam Qarabağ uğrunda döyüşlərdə şəhid olub, mən ağdamlıyam. Bu komandanın adı, azarkeşləri mənim üçün çox vacibdir. Ölkənin digər iddialı klublarından çox ciddi təkliflər var idi. Ancaq mən pula üstünlük vermədim.

- Avropa Liqasında keçirdiyi uğurlu oyunlar sayəsində “Qarabağ” ölkədə xeyli məşhurluq qazanıb. Və bir illik fasilədən sonra klub yenə Avropa səhnəsinə qayıdır. Bu dəfə qrup mərhələsinə vəsiqə qazanmaq arzusu gerçəkləşə bilərmi?

- Əlbəttə, artıq bunun zamanıdır. Bunun üçün gərək hazırlıq dönəmini səmərəli keçirək. Mən inanıram ki, qrup mərhələsi uzaqda deyil.

- Cəzalı olduğun üçün millimizin Lüksemburqa qarşı oyununu buraxmalı oldun. Azarkeşlər qələbə göləyirdilər. Lakin yenə heç-heçəyə məyus oldular. Millimiz niyə zəif oynadı?

- Azarkeşlərimizin məyusluğunu yaxşı anlayıram. İlk qoldan sonra hesab arasındakı fərqi daha da artıra bilsəydik, böyükhesablı qələbə qazana bilərdik. Ancaq fürsətləri boşa verdik və rəqib bunu bizə bağışlamadı.

- Bu  sualım dünya futbolu ilə bağlıdır. Son illər ispanlar hegemonluq edirlər. Ancaq axırıncı Çempionlar Liqasında almanlar bu tendensiyaya son qoydu. Necə düşünürsən, ispanların dönəmi sona çatdı?

- Yox, mən elə düşünmürəm. Ola bilər ki, həm “Real”, həm də “Barselona”da aşırı arxayınçılıq var idi. Çox yaxşı təsir bağışlayan almanlar isə bu arxayınçılığın cəzasını kəsməkdə çətinlik çəkmədilər.  

- Yeni mövsümün hazılığı necə gedir?

- Hələ tam gücümüzlə hazılaşa bilmirik. Legionerlər və milli futbolçularımız fərqli vaxtlarda düşərgəyə qoşuldular. Bir necə gənc futbolçumuz da bizimlədir.  Getdikcə sürəti artırırıq. Yeni gələn futbolçular olacaq. Çalışacağıq, Avroliqanın ilk oyununa qədər hazır olaq.

- Avroliqada rəqiblər artıq “Qarabağ”a zəif baxmayacaq..

- Hə. Avrokuboklar üçün darıxmışıq. Azarkeşlərimizin bizdən uğur gözləməsi də tam normaldır. Bu bizim məsuliyyətimizi artırır. Uğur qazandıqca insanlar daha çox şey gözləyir. İnşallah, “Qarabağ” adını ən yaxşı şəkildə təmsil etməyə çalışacağıq.

- Azarkeşlərə sözün?

- Onlar hər zaman bizim yanımızda olub. Daim mənəvi dəstəklərini hiss etmişik. İnanıram ki, birlikdə çox şeyə nail olacağıq. “Qarabağ” daim zirvə üçün döyüşüb, heç vaxt da hədəflərini dəyişməyəcək.

Daha çox


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?