Nazim Süleymanov: "Mənim reaksiyamı oyundan sonra biləcəksiniz"
Belarusun "Minsk" komandası ilə səfərdə iyulun 7-də keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü öncəsi AZAL-ın baş məşqçisi Nazim Süleymanov jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın məlumatına görə, Süleymanov Minskdə ilk məşqə çıxdıqdan sonra süni və təbii örtüklər arasındakı fərqin özünü göstərdiyini bildirib.
"Dərhal kiçik zədələr başladı, çünki futbolçularım süni örtüyə öyrəşiblər. Üstəlik, hava heç də yaxşı deyildi. Lakin bütün çətinliklərə baxmayaraq, oyuna yaxşı hazırlaşmağa çalışırıq" deyən baş məşqçi komandada ciddi zədəlilərin olmadığını açıqlayıb. Onun fikrincə, yüngül zədəliləri oyunadək hazır vəziyyətə gətirmək olar.
"Minsk" komandası barədə danışan Süleymanov ilk oyunadək rəqibi elə də yaxından tanımadıqlarını, iki oyununun videoyazısına baxdıqdan və ilk görüşdə əyani tanışlıqdan sonra fərqi açıq-aşkar gördüklərini qeyd edib: "Statistikaya əsasən, bilirəm ki, "Minsk" səfərdə evdəkindən yaxşı oynayır. Həm də müdafiədən oyuna üstünlük verir. Rəqibin nə edəcəyini də təqribi bilirəm. Müdafiəni yarmaq üçün müəyyən vasitələr fikirləşmişik. İlk növbədə, geniş oynamaq və ən yüksək keyfiyyətlərini göstərmək lazımdır. Əsas məsələ odur ki, futbolçularım mənim xahişlərimi yerinə yetirsinlər".
Baş məşqçi AZAL-ın məqsədini də açıqlayıb: "Məqsəd ilk mərhələni keçmək və Azərbaycan futbolu üçün xal toplamaqdır. İlkin vəzifəyə nail olduqdan sonra gələcək haqda düşünəcəyik. Bunu bacarmasaq, klub rəhbərliyinin reaksiyasının necə olacağını deyə bilmərəm. Amma mənim reaksiyamı oyundan sonra biləcəksiniz".
Qeyd edək ki, AZAL-la "Minsk" arasındakı ilk görüş 1:1 hesabı ilə nəticələnib.