ŞOK: Futbolçu topu qəsdən öz qapısına vurdu
Türkiyənin II Liqasında keçirilən "Sakaryaspor" - "Kocaelispor" matçında şok olay baş verib. Qol.Az-ın məlumatına görə, oyunun son dəqiqələrində "Kocaelispor"un futbolçusu Gökhan Bozkaya topu qəsdən öz qapılarına vurub.
Bozkaya meydançaya 77-ci dəqiqədə girib. O, 10 dəqiqə sonra qapıçı Mətindən top istəyib. Həmin vaxt hesab "Sakaryaspor"un xeyrinə olub - 4:1. Gökhan görüşün bu hesabla başa çatmasını istəməyib. Çünki 41 rəqəmi Kocaeli şəhərinin avtomobil seriyasıdır. Futbolçu bu amili göz önünə gətirərək, qolkiperdən aldığı topu öz qapılarına göndərib. Beləliklə, "Sakaryaspor" 5:1 hesabı ilə qalib gəlib.
"Kocaelispor" rəsmisi Rafet Kırqız futbolçunun topu bilərəkdən öz qapısına vurmasını görünməmiş çirkin və yanlış olay adlandırıb. Kırqızın bunu bağışlanmaz hərəkət sayıb. O, mayın 14-də keçiriləcək idarə heyətinin yığıncağında Bozkayanın hərəkətinə qiymət veriləcəyini açıqlayıb.
Futbolçunun özü isə etdiyi hərəkətdən peşman olmadığını bildirib. Onun sözlərinə görə, 73-cü dəqiqədə "Sakaryaspor" hesabı 4:1-ə çatdırdıqdan sonra hücumlar etsə də, qol vurmaq istəməyib. Çünki yerli azarkeşlər "vurmayın, qoy Kocaelinin kodu olsun" deyə qışqırıblar. Boqkaya bildirib ki, o vurmasaydı belə, komanda yoldaşları bu addımı atacaqdılar. Avtoqol müəllifinə "Kocaelispor"dakı digər futbolçular və klub azarkeşləri də dəstək veriblər.
Qeyd edək ki, 2008-2009-cu il mövsümündə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov "Kocaelispor"da çıxış edib. Həmin mövsüm bu komanda Superliqanı tərk edib. İndi isə Kocaeli klubu II Liqa ilə də vidalaşmaq üzrədir.