Tərlan Əhmədov: “Neftçi”də birlik yoxdur” 

Tərlan Əhmədov: “Neftçi”də birlik yoxdur” 
MÜSAHİBƏ 30 Mart 2022 / 13:52 2925
-  A +

Milli komandamızın sabiq kapitanı, AZAL, “Neftçi” və “Keşlə”nin keçmiş baş məşqçisi Tərlan Əhmədov Qol.az saytına geniş müsahibə verib. Müsahibənin ikinci hissəsini təqdim edirik.

Birinci hissə burada

-   Bəs, Premyer Liqamızda mənzərə necədir? 

-  Açığı, ürəkaçan mənzərə yoxdur. Artıq 3 komanda 2–4-cü yerlər uğrunda mübarizə aparacaq. Çünki dediyim kimi, heç kimə inandırıcı gəlmir ki, “Qarabağ” qarşıdakı 8 oyunun 4-də uduzsun. Hələ bu komandanın ehtiyatda 1 matçı da var. Buna baxmayaraq, “Qarabağ” “Neftçi” ilə arasında 12 xallıq fərq yaradıb. Başqa komandanın çempionluğu real görünmür. Gərək, “Neftçi” və ya “Zirə” qarşıdakı bütün oyunlarda qalib gələ, “Qarabağ” da uduza. Ona görə də artıq “Qarabağ” demək olar ki, çempiondur. Çempionatda “Qarabağ”dan sonra yaxşı futbol nümayiş etdirən ikinci komanda “Qəbələ”dir. Son oyunlarda məğlub olsalar belə, öz oyun fəsləfələrindən əl çəkmirdilər. Yəni, Elmar Baxşıyevin komandası baxımlı futbol oynayırdı.

Sadəcə olaraq Premyer Liqada rəqabət azdır. Düzdür, “Sabah”5-cidir, “Qəbələ” 6-cı. “Sabah” “Qəbələ”yə yaxınlaşmaq mövqeyindədir. Ola bilər ki, bu komandaların mövqelərində dəyişiklik olsun. Amma ümumilikdə, çempionluq uğrunda rəqabət azdır. Demək olar ki, “Neftçi”də, “Zirə” də, “Qəbələ” də “Qarabağ”ın çempion olacağı ilə razılaşıb. “Neftçi”nin baş məşqçisi “Qarabağ”ın çox güclü olduğunu etiraf edirsə, deməli, reallığı qəbul ediblər. Ona görə də Premyer Liqada rəqabət deyə bir şey yoxdur. Rəqabət onda olur ki, turnirdə 16 komanda yarışsın, onlardan da 4-5-i çempionluq uğrunda mübarizə aparsın. Bunlar hamısı bir-birinə bağlı şeylərdir. Rəqabət olanda futbolçuların yetişməyi, inkişafı daha sürətlənir. Bildiyim qədər, Premyer Liqamızda ilk pillələrdəki 4 komandanın arasında Azərbaycan kubokunun yarımfinal oyunları var. Onlardan hansı biri kuboku alsa, avtomatik olaraq Premyer Liqada 4-cü yeri tutan komanda Konfrans Liqasına vəsiqə qazanacaq. Buna görə də artıq 4-cü yeri tutan komanda da rəqabət aparmayacaq. Ancaq 2-3-cü yerlər uğrunda mübarizə gedəcək. Rəqabət də yoxdur, sadəcə hamı daha çox xal toplayıb, öz mövqeyini qorumaq istəyir. Biz Premyer Liqamızda çox az sayda baxımlı oyun gördük. Mən qış fasiləsindən sonra “Neftçi”dən, “Zirə”dən daha yaxşı oyunlar gözləyirdim. “Sabah”ın da yaxşı çıxış edəcəyini düşünürdüm. Amma “Sabah” çox zəif oynadı. Ona görə də 4-cü yerdən uzaqlaşdılar. Komanda oyun baxımından bir az geridədir. 

-   Sabiq komandanız, ötən il çempion olan “Neftçi” indi “Qarabağ”dan 12 xal geri qalır və 2-cidir. Bu, gözlənilirdi? “Neftçi”də nə çatmır?

-   “Neftçi” keçən il çempion oldu, “Qarabağ”ın tilsimini qıra bildi. Hamımız onları alqışladıq. Düşünürdük ki, komanda daha yaxşı çıxış edəcək. Hətta “Neftçi” Çempionlar Liqasının birinci təsnifat mərhələsində Tibilisi “Dinamo”suna qalib gələndən sonra hamıdan öncə mən ittiham edirdim ki, komandanın müdafiə xəttində problemlər var. “Neftçi” get-gedə uğursuz çıxış edirdi. Çünki müdafiədə həddindən artıq çox səhvlərə yol verirdilər. Sonrakı mərhələlələrin oyunlarında da bunu gördük. İndi də müdafiədəki problem hiss olunur. “Neftçi”nin itirdiyi xallar komandanın müdafiə xəttinin buraxdığı səhvlərin nəticəsidir. Bilirsiniz ki, Sadıq Sadıqovun klubun prezidentliyindən gedişindən sonra “Neftçi” 3-4 mövsüm ard-arda 6-7-ci pillələrdə qərarlaşırdı. Sonra mənə təklif gəldi. Yavaş-yavaş “Neftçi”ni 3-cü pilləyə qaldırdıq. Burada bütün komandanın köməyi, əməyi vardı. “Neftçi”nin uğurunda klubun xadiməçisindən tutmuş, hər kəsin əməyi var idi. Çünki son 3-4 ilin uğursuzluğunu yaddan çıxarmaq istəyirdilər. Mən komandaya gələndən sonra 2 yerli futbolçunu heyətə cəlb etdim – Rəşad Sadiqov və Emin Mahmudov. Sonrakı mərhələdə isə 3 əcnəbi, 1 yerli oyunçu gətirdik. Həmin yerli futbolçu da İlkin Qırtımov idi. Bir də Ömər Buludovu əvəzedici heyətdən əsas komandaya dəvət etdim. O oynamağa başladı, sonra zədə aldı.

Belə addımlar atmağa məcbur idik. Çünki əvvəl başqa vədlər verilmişdi. Deyilmişdi ki, komanda yaxşı çıxış etsin, biz vəsait ayıracağıq, oyunçular gələcək. “Neftçi”yə cəmi 6-7 futbolçu cəlb olunandan sonra komanda artıq qələbələri sıralamağa başladı. Amma indiki duruma baxın, “Qarabağ” son 10 ildə komandanın heyətində maksimum 30 faiz dəyişiklik edib. Hansı futbolçu effekt vermirsə, onları göndərirlər. Məsələn, Miçel Madeyra, Dani Kintana, Dino Ndlovu. Hamımız deyirdik ki, Ndlovudan daha yaxşısı yoxdur. Amma o, daha çox qazanc üçün Çinə getdi. “Qarabağ” heyəti maksimum 30 faiz yeniləyir, amma komandanın kökündə olan idmançılar eyni futbolu oynayırlar. “Neftçi” isə komandanı 99 faiz dəyişdi. İndi siz baxın ki, “Neftçi”də hər il nə qədər oyunçu dəyişilir? Mən bu məsələni daha əvvəl də danışmışdım. Bəzi insanlar məndən incimişdi. Amma incimək lazım deyil. Mən Azərbaycan futbolunu inkişafı üçün danışıram. “Neftçi”nin yetirməsiyəm və o heyətdən də çıxıb Avropa çempionu olmuşam. Mənim “Neftçi”də baş məşqçi işlədiyim dövrdən indiyədək komandada bircə Emin Mahmudov qalıb. Əlbəttə ki, komandanın özəyi yoxdursa, uğursuzluq olacaq. Bir dəfə çempionluq qazanacaqsan və onun ardını gətirə bilməyəcəksən. Komandanın dirəyini saxlamaq lazımdır. Mən “Neftçi”də əsas futbolçuların ətrafında komanda qururdum. “Qarabağ”da buna Maksim Medvedevi, Qara Qarayevi, hətta Abdullah Zubiri misal çəkə bilərik. Baş məşqçiləri Qurban Qurbanov komandada aparıcı futbolçuları saxlayır, amma cavan, yeni nəsil oyunçular da gətirir. O, çalışır ki, artıq yaşı keçən, keyfiyyətli oyun nümayiş etdirməyən futbolçuları uzaqlaşdırsın. Amma Qurban Qurbanov komandanın özəyini qoruyur. Bu, “Neftçi”də yoxdur. Ona görə də klub bunun acısını yaşayır. Hətta keçən il “Neftçi” çempion olandan sonra bəzi aparıcı futbolçular ayrılıq ərəfəsində idi. Bəziləri getdi. Klubda yarışmalar, söz atışmaları, incikliklər var idi. Tam olaraq daxildə nə baş verdiyini deyə bilmərik. Amma çempion bir komandanın hər bir şeyi qapalı olmalı idi. Sırf yeni mövsümdə daha uğurlu çıxış etməyə köklənməli idilər. Son 5 ildə komandanın heyəti 99 faiz dəyişməməli idi. 

-  Deməli, problem komandada yox, klubdadır? 

-  Bunu bilmirik. Bəlkə, baş məşqçi problemi var. Klubun transfer işlərinə baxan, oyunçuları gətirən şəxs düzgün qərarlar verməyə bilər. Biz sırf kimisə günahlandıra bilmərik. Hər kəsin öz funskiyası var. Klubda menecer, idman direktoru var. Azərbaycanda bir az hər şey fərqlidir. Yalnız “Qarabağ”da Qurban Qurbanovun işinə heç bir müdaxilə olunmur. Bu mənada klub rəhbərliyinə təşəkkür düşür. Çünki Qurban Qurbanov özü futbolçu seçimini edir. İstədiyi oyunçu gətirilir. Bu, dünyada da belədir. Baş məşqçi klub prezidentindən sonra 2-ci şəxsdir. Amma bizdə belə deyil. Prezidentdən sonra menecer, idman direktoru və başqaları var. Baş məşqçi isə sonuncu yerdədir. Ona görə də bu gün kimsə sırf klubun prezidentini ittiham edə bilməz. Məsələ burasındadır ki, bütün problemlər idman direktoru, baş menecerdən qaynaqlanır. Çünki onlar bəzən məşqçidən gizlin futbolçular dəvət edirlər. Bu da bəzən baş məşqçinin futbol fəlsəfəsinə uyğun gəlmir. “Qarabağ”ın bütün transfer siyasəti Qurban Qurbanovun öz əlindədir. O, öz fəsləfəsinə, baxışına, görmək istədiyi komandaya uyğun futbolçu seçir. Kimsə gəlib Qurban Qurbanova demir ki, bu futbolçu oynamalıdır və sən onu oynatmalısan. Əgər uğur istəyirsənsə, bütün seçimi baş məşqçi və onun məşqçilər korpusuna həvalə etməlisən. Bəlkə də, “Neftçi”də bu problemlərə görə uğursuzluqlar oldu. 6 aydan bir hansısa oyunçu gəlir, sonra gedir. Yayda gəlirlər, qışda gedirlər. İttiham olunacaq ilk şəxs klub prezidenti deyil. Hər kəsin öz işi var. Masajçı, həkim komandanın heyətini qurmur. Baş məşqçi futbolçunu masaj etmir və ya həkim kimi sağlamlığını yoxlamır, müalicə metodunu seçmir. İdman direktoru, baş menecer baş məşqçinin futbol fəsləfəsinə uyğun oyunçuları təklif etməlidir. Nə də heç bir klubun prezidenti baş məşqçi, komanda üçün futbolçu seçmir. Biz artıq bu mövqedən yanaşmalıyıq ki, klubda birinci şəxs prezidentdirsə, ikinci şəxs də baş məşqçidir. Bütün idman direktorları, menecerlər baş məşqçiyə tabe olmalıdır. Sadıq Sadıqovun dövründə biz məşqçilər korpusu ilə birgə oturub, futbolçuları seçirdik. Özümüz baxıb demişik ki, bu oyunçular gəlməlidir. Hətta Nikolas Kanales “Neftçi”yə dəvət olunanda Çilinin Paraqvayla yoldaşlıq oyunu var idi. Orada Kanalesi izləyirdik. Həmin vaxt dayaq yarımmüdafiəçisi mövqeyində də boşluğumuz vardı. Amma biz əsas hücumçu axtarırdıq. Oyuna baxanda gördük ki, Paraqvay millisinin heyətində Erik Ramos var. O, komandada bütün “qara işlər”i görürdü. Mən dedim ki, Kanalesin qol duyumunun, təcrübəsinin olduğu bilinir. Onu gətirmək üçün danışıqlar aparmaq olar. Sonra da dedim ki, Paraqvay millisindən Ramosu gözüm tutub. Artıq qərar verdik ki, onlar transfer edilsin. Bruno Bertuççini də biz seçmişdik. Başqa kimsə onu gətirib heyətə salmamışdı. Hər kəs öz işini görürdü. Əvəzedici heyətdən futbolçu seçimi varsa, yenə də bunu baş məşqçi və məşqçilər korpusu etməlidir. İdman direktoru sadəcə təklif etməlidir. Hiss olunur ki, “Neftçi”də birlik, ünsiyyət, bir-birinə dayaq olmaq yoxdur. Ona görə də komanda ötən mövsümdəki uğurlu çıxışının davamını gətirə bilmədi. 

Son

Nur Zeynalova,
Ramiq Ağaməmmədov

Daha çox


Son xəbərlər