"Qəbələ" məğlubiyyətə layiq deyildi" - Qurban Qurbanov

"Qəbələ" məğlubiyyətə layiq deyildi" - Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 7 Aprel 2019 / 16:15 4156
-  A +

"Həddən artıq çətin oyun oldu. "Qəbələ" ilə bundan əvvəlki matçda da 2:1 hesablı qələbə qazanmışdıq".

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 23-cü turunda səfərdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra "CBC Sport" telekanalına açıqlamasında deyib. Qarşılaşma ilə bağlı fikirlərini bölüşən təcrübəli mütəxəssis "Qəbələ"nin məğlubiyyətə layiq olmadığını söyləyib:

"Rəqib bu gün də çox aqressiv oyun göstərdi. Bəlkə də məğlubiyyətə layiq deyildilər. Buna baxmayaraq, istədiyimiz nəticəni əldə edə bildik. Hava bir qədər isti idi. Buna görə də temp o qədər də yüksək olmadı. Sanki ikinci qolu hansı komanda vursa, o da qalib gələcəkdi. Şükürlər olsun ki, bunu bacardıq".

Təcrübəli mütəxəssis əvəzetmədən meydana buraxdığı Araz Abdullayevin son dəqiqələrdə vurduğu qoldan da danışıb: "Desəm ki, Arazın meydana çıxması ilə çox bir şey dəyişdi, o qədər də düzgün olmaz. Sona az vaxt qalmışdı. Araza həmin mövqeyə açılmaq tapşırığı vermişdim. Uğurlu alındı. Diqqətli davrandı və şansdan istifadə edə bildi".

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner