“Bəlkə, AFFA-dan çağırıb deyəcəklər ki, daha lazım deyilsən” – Aslan Kərimov

“Bəlkə, AFFA-dan çağırıb deyəcəklər ki, daha lazım deyilsən” – Aslan Kərimov
ÖLKƏ FUTBOLU 3 Aprel 2019 / 15:31 3569
-  A +

“CBC Sport”la yollarını ayıran Aslan Kərimov Qol.az-a müsahibə verib. Telekanaldan gedişinin səbəbini açıqlayan ekspert mətbuatda özü haqqında yayılan xəbərlərə aydınlıq gətirib.

-“CBC Sport”dan ayrılma səbəblərinizlə bağlı müxtəlif fikirlə səslənir. Telekanal rəhbərliyi niyə sizinlə müqavilə yeniləmədi?

- Müqaviləm qurtardığı üçün onu yeniləmək lazım idi. Amma yenilənmədi. Çünki rəhbərliklə danışığımız oldu. Dedilər ki, verilişin formatını dəyişmək istəyirik. Çempionatın sonudur, oyunlar gərginləşəcək. Hər dəfə bir qonaq çağırmaq istəyirik ki, yeni fikirlər olsun. Eyni fikirlər səslənməsin. Mən də dedim ki, buyurun. Xoş münasibətlə ayrıldıq.

- Ancaq mətbuatda telekanaldan gedişinizlə bağlı fərqli səbəblər yazılır. İddiaya görə, milli komandamızın son oyunları ilə bağlı tənqidi fikirlərinizə görə AFFA-nın tələbi ilə “CBC Sport” sizinlə əməkdaşlığa son qoyub. Bu, nə dərəcədə doğru məlumatdır?

- Hə, oxumuşam (gülür). Bunlar bir az doğru səslənmir. Birincisi, mən tənqid baxımından milli komanda haqda çox şey danışmamışam. Danışdığım Xorvatiya ilə oyundan öncə olan məsələdir. Bu komandaya qalib gələ bilməyəcəyimizi demişəm. Düşünürəm ki, bu, əslində tənqid deyil. Çayxanadan kimisə çıxarıb soruşsan, o da deyəcəkdi ki, biz Xorvatiyaya qalib gələ bilməyəcəyik. Düşünmürəm ki, hansısa tənqidi yanaşma tərzimə görə məni “CBC Sport”dan uzaqlaşdırsınlar. İkinci tərəfdən, biz daim federasiya rəhbərliyi ilə hansısa məsələ ətrafında söhbət edib, müzakirələr aparmışıq. Elə olsaydı, birbaşa özümə deyərdilər. Mənə elə gəlir ki, bu, o qədər də düzgün fikir deyil. İnanmağım gəlmir və inanmıram da.

- Hətta sizin AFFA-da rəhbəri olduğunuz məşqçilik kurslarından da uzaqlaşdırıla biləcəyiniz deyilir...

- Hə, bu barədə də danışırlar. Düzü, mənə indiyə qədər kimsə zəng vurub deməyib ki, sən düzgün işləmirsən. Heç vaxt belə münasibət görməmişəm. Əksinə, dəfələrlə UEFA, federasiya rəhbərliyi tərəfindən bizim gördüyümüz işə xoş münasibət bildirilib, bunu yüksək qiymətləndiriblər. Bu baxımdan məlumatların necə yayıldığını deyə bilmərəm. Çünki mən belə şey hiss etməmişəm. Bəlkə bundan sonra çağırıb deyəcəklər ki, daha lazım deyilsən. Bu da baş verə bilər. Amma hazırkı vəziyyətə görə işimin başındayam.

- “CBC Sport”un baş direktoru Volkan Üst saytımıza açıqlamasında növbəti layihələrində sizi telekanalda ekspert kimi görmək istədiklərini söyləyib. Bu məsələ də müzakirə olundumu?

- Bəli, elə bir söhbət də oldu. Soruşdular ki, gələcəkdə yeni layihələrimiz olsa, sizə müraciət edə bilərikmi? Mən də dedim ki, sevə-sevə gələrəm.

- Fürsət düşmüşkən, sizdən milli komandamızın son iki oyunu ilə bağlı da soruşmaq istərdim. AÇ-2020-nin seçmə mərhələsində Xorvatiyaya səfərdə 1:2 hesabı ilə uduzan yığmamız 3 gün sonra Bakıda Litva ilə qolsuz bərabərə qaldı. Millinin bu iki oyundakı çıxışını necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, Xorvatiya ilə oyuna tənqidi yanaşmağın yeri yoxdur. Çünki son dünya çempionatının ikincisinə qarşı oynayırsansa, bu, qazana biləcəyimiz ən yaxşı nəticələrdən biridir. Bəxt üzümüzə gülsəydi, ikinci qolu buraxmasaydıq, hesab 1:1 də ola bilərdi. İstənilən halda 1:2 hesablı məğlubiyyət belə əla nəticədir. Litva ilə oyuna gəlincə, hə, onları məğlub etməli idik. Bu komandaya qalib gəlmək üçün potensialımız da var. Amma mənim şəxsi fikrimə görə, baş məşqçi həmin oyunda bəzi futbolçuları yoxladı, mövqelərdə dəyişiklik etdi. Üstəlik Xorvatiya ilə oyunda meydanda olan futbolçuların bəzilərində yorğunluq var idi. 3 gündən bir oyun keçirməyə o qədər də vərdiş etməmişik. Bunun təsiri nəticəsində Litva millisinin müdafiəsini yara bilmədik. Topu özümüzdə saxlayıb, hücumlar qura bildik. Amma effektli ola bilmədik.

- Həm Xorvatiya, həm də Litva ilə oyunları izləmisiniz. Bu iki görüşü nəzərə alsaq, sizcə, Nikola Yurçeviç milliyə nə yenilik gətirə bilib?

- Bu barədə nəsə danışmaq hələ tezdir. Çünki hələ ki, heç bir yenilik gətirməyib. Sadəcə, onu deyə bilərəm ki, Xorvatiyaya qarşı seçdiyi oyun üslubu, taktika həddindən artıq özünü doğrultdu. Aldığım məlumatlara görə, Xorvatiyanı kitab kimi oxumuş məşqçidir. Çünki özü də illərboyu o komandada işləyib. Futbolçulardan arxada, meydanın mərkəzində qısa ötürmələrdən çox istifadə olunmamasını istəmişdi. Hərçənd oyunçularımız həmin qısa ötürmələr zamanı topu itirdiklərində qapımız qarşısında təhlükə yaşanırdı. Daha çox uzun ötürmələrə üstünlük verirdik. Bu da başadüşüləndir ki, Xorvatiya millisi əks-hücumlarda, keçid futbolunda çox təhlükəlidir. Onlar istənilən yığmaya qalib gəlmək iqtidarındadırlar. Yadınızdadırsa, 0:6 uduzduqları ispanlara sonrada 3:2 hesabı ilə qalib gəldilər. Xorvatiya elə rəqibdir ki, top saxlayan komandaya qarşı həddindən artıq çətinlik yarada bilir. Biz də onlara qarşı gərək bunu etməyəydik, arxada oturaydıq. Əslində buna nail olduq. Amma ustalıq səviyyəsi elədir ki, nə qədər düzgün taktika seçirsənsə, seç, nəticə etibarilə futbolçuların keyfiyyəti, bacarığı hər şeyi həll edir.

- Xorvatiyaya məğlubiyyət və Litva ilə heç-heçədən sonra AFFA tərəfindən futbolçulara 5 min manat məbləğində mükafat verilməsi də çox müzakirə olundu. Sizin bu məsələdə mövqeyiniz necədir?

- Açığı, mükafatın məbləği barədə çox yazılsa da, nə qədər verildiyi dəqiq bilinmir. Bir çoxları deyir ki, bu, düzgün deyil. Amma mən futbolçu olduğum üçün deyə bilərəm ki, onlar əziyyət çəkirlər. Heç-heçə özü məğlub olmamaqdır, əziyyət çəkmək kimi bir şeydir. Düşünürəm ki, hansısa məbləğdə verilən kiçik bir mükafat kimisə qıcıqlandırmamalıdır. Çünki mən də futbolçu olmuşam, hansısa oyundan sonra əziyyətimin bəhrəsini görmək istərdim. Amma yenə deyirəm ki, bu, mənim şəxsi fikrimdir. Bəlkə də yanılıram. Əlbəttə, buna qarşı çıxanlar da ola bilər. Mükafat verilməsinin niyə bu qədər rezonans doğurması mənə də maraqlıdır. Çünki bu, ilk dəfə deyil. Biz o vaxt Finlandiyaya 1:2 hesabı ilə uduzduğumuz oyundan sonra da, səhv etmirəmsə, 5 min dollar və ya manat mükafat almışıq. Burada heç-heçəyə görə pul verilibsə, bu qədər müzakirə olunmamalıdır.

- Adi yoldaşlıq oyununda heç-heçəyə, məğlubiyyətə görə mükafat vermək nə dərəcədə məntiqlidir?

- Əslində Finlandiyaya məğlubiyyətə görə niyə bizə mükafat verdilər, deyim. Hacıyevski milliyə yeni gəlmişdi. Yadınızdadırsa, hesabda irəlidə idik, qolu da Mahmud Qurbanov vurmuşdu. Daha sonra rəqib hesabı bərabərləşdirdi. İkinci qolu isə son dəqiqələrdə oyunçumuza qarşı kobud oynayaraq, vurdular. Haqsız qələbə qazandılar. Bizə dedilər ki, əslində siz heç-heçə etmisiniz. Uşaqların əziyyətinə görə niyə də stimullaşdırma olmasın?! Əgər imkan varsa... Amma imkan yoxdursa, nəyin bahasına olur olsun, oynamalıyıq. Bu halda “pul istəyirik” deməyin yeri yoxdur.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
topaz banner