“Qarabağ”a qarşı komandamızda revanş hissi var”

“Qarabağ”a qarşı komandamızda revanş hissi var”
ÖLKƏ FUTBOLU 7 Mart 2019 / 13:56 2485
-  A +

“Zirə”nin kapitanı Kamal Bayramov Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın 20-ci turunda səfərdə “Qarabağ”la keçirəcəkləri oyundan danışan qapıçı 3-cü dövrədə Ağdam klubuna 0:6 hesablı məğlubiyyətə də toxunub.

- Fasilədən sonra keçirdiyiniz 5 oyunda 2 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət qeydə alınıb. Bir kapitan kimi komandanın çıxışını necə dəyərləndirirsən?

- İlk 2 dövrəyə baxanda həqiqətən komandada irəliləyiş var. Amma hələ də tam olaraq, öz oyunumuzu sərgiləyə bilmirik. Çünki məşqçinin müəyyən tələbləri var ki, onları yerinə yetirmək üçün vaxt lazımdır. Bundan başqa, yeni futbolçuların komandaya uyğunlaşması üçün də zamana ehtiyac var. Bununla belə, hazırda kollektivdə hazırda ab-hava, psixoloji durum yaxşıdır. Məşqlərimiz yüksək səviyyədə keçir. Qazandığımız hər xal bizə əlavə motivasiya verir. Düşünürəm ki, ham komandadakı durumu, həm də çıxışımızı qənaətbəxş saymaq olar. Düzdür, daha da yaxşı ola bilərdi. Ancaq bu da pis deyil.

- Son turda “Qəbələ” ilə bərabərə qaldığınız oyun barədə nə deyə bilərsən? Səncə, heç-heçə ədalətli nəticədir?

- “Qəbələ”nin oyununu həddindən artıq yaxşı analiz etmişdik. Ancaq rəqib komandanın heyətində olan dəyişiklik, müdafiədə qapanması planlarımıza təsir etdi. Çünki biz başqa cür gözləyirdik. Meydana tamam fərqli taktika ilə çıxdılar. Müdafiəni yarmaqda çətinlik çəkdik. Ancaq həm ilk, həm də ikinci hissədə qol epizodlarımız oldu. Sadəcə, dəyərləndirə bilmədik. Bəlkə də onları qola çevirə bilsəydik, hesab tamam başqa cür olardı. Qol buraxdıqdan sonra da inamımızı itirmədik, sona qədər mübarizə apardıq. 5-10 dəqiqə əlavə vaxtımız olsaydı, qələbə topunu da vura bilərdik. Çünki inamımız çox idi. Ona görə də deyərdim ki, 2 xal itirdik.

- Bu tur “Zirə”ni “Qarabağ”la çətin oyun gözləyir...

- Burda əlavə şərhə ehtiyac yoxdur. “Qarabağ”ın adı futbolçuları motivasiya edir. Bu komandaya qarşı qələbəmiz yoxdur. Həmişə onlarla oyunlarda çətinliklərlə üzləşmişik. Bərabərlik, məğlubiyyət olub, amma qalib gələ bilməmişik. Səfərdə oynayacağımıza baxmayaraq, yaxşı nəticə əldə etmək istəyirik. Dörd oyundur uduzmuruq. Seriyanı davam etdirmək niyyətindəyik. Məqsədimiz yuxarı yerlərə qalxmaqdır. Ona görə də bizim üçün komandanın fərqi yoxdur. Rəqibdən kimliyindən asılı olmayaraq, meydana yaxşı nəticə üçün çıxacağıq.

- “Qarabağ”la keçirdiyiniz son oyunda 0:6 hesabı ilə uduzmusunuz. Budəfəki qarşılaşmada rəqibə qarşı hər hansı prinsipiallıq, revanş hiss varmı?

- Futbolda belə bir şey var ki, uduzduğun komandaya qarşı revanş hissi olmalıdır. Kim desə ki, bizdə belə bir hiss yoxdur, yalan olar. Çünki bu hiss olmasa, həmin oyunda şansın da olmaz. Bəli, bizdə də revanş hissi var. Çünki böyükhesabla məğlub olmuşuq. Futbolda belə hallar olur. Deyim ki, meydana çıxıb, adi oyun kimi oynayacağıq, yox. Həqiqətən “Qarabağ”a qarşı ciddi mübarizə aparacağıq.

- 0:6 hesabı ilə uduzduğunuz oyunda “Zirə”nin qapısını Anar Nəzirov qorumuşdu. Bu dəfə isə çərçivədə sən olacaqsan. Eyni aqibətlə üzləşməkdən qorxmursan?

- Bunlar futbolda ola bilən şeylərdir. Mən belə şeylərdən çəkinmirəm. Meydana “ötən oyunda “Qarabağ”a 0:6 hesabı ilə uduzmuşuq” fikri ilə çıxmıram. Əsas məqsədimiz qələbə qazanmaqdır.

- Anar Nəzirovun “Qəbələ”yə keçidindən sonra daim start heyətində yer alırsan.. Bu mənada, hardasa Anarın gedişinə sevinirsən?

- Bizim Anarla futboldan kənarda da çox yaxın münasibətimiz var. Anarın 3 il yarım bu komandada çəkdiyi əziyyətləri kimlər bilməsə də, mən yaxşı bilirəm. Anarın getməyinə heç vaxt sevinməmişəm. “Zirə”də olanda o da oynayırdı, mən də. Əlimizdən gəldiyi qədər komandaya kömək edirdik. Mehribanlığımız var idi, bir-birimizi motivasiya edirdik. Komanda daxilində atmosferin qorunmasında, hər ikimizin böyük rolu olurdu. Belə baxanda, uzağa getməyib ki, Azərbaycan çempionatında oynayan “Qəbələ”yə keçib.

- Yaxın dost olduğunuzu bildirdin. Onun“Qəbələ”də ehtiyatda qalmasına münasibətin necədir?

- Bezatosnı “Qəbələ”də sabit oyun göstərir. Belə qapıçını da heç vaxt baş məşqçi dəyişmir. Anarın yüngül zədələri var idi. Artıq bərpa olunub. Yenə əlaqə saxlayır, tez-tez danışırıq. Oynamağa hazırdır. Düşünürəm ki, baş məşqçi ona şans versə, komandaya yetərincə kömək edəcək.

- Nəzirovun gedişindən sonra sabit olaraq, meydana çıxırsan. Milliyə dəvət gözləyirsən?

- 23 yaşımdan bu yana eyni bu sual mənə verilir. Amma bu dəqiqə mənim əsas fikrim “Zirə”nin yuxarı pillələrə getməsidir. Beynimdə başqa fikirlər yoxdur. Çağırsalar, vətənim, xalqım üçün əlimdən gələnin ən yaxşısını etməyə hazıram. Lakin hazırda zərrə qədər də olsa, düşünmürəm ki, məni milliyə dəvət edərlər.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner