Azərbaycan futbolçularının danışıq qabiliyyəti niyə pisdir?

XƏBƏR 21 Yanvar 2009 / 11:24 3535
-  A +

Bunu əsasən jurnalistlər daha yaxşı bilir: Azərbaycan futbolçularının böyük əksəriyyətinin nitq qabiliyyəti aşağı səviyyədədir. Bəziləri isə ümumiyyətlə, media ilə ünsiyyətdə olanda bir cümləni belə qoşub danışmaqda aciz qalır. Şübhəsiz ki, bunu təkcə futbolçulara şamil etmək doğru olmazdı. Danışıq qabiliyyəti çox pis olan neçə-neçə digər idmançılar da rastımıza az çıxmayıb. Amma bütün hallarda bu problem nədən qaynaqlanır?
Qol.Az-ın əməkdaşı bununla əlaqədər futbol mütəxəssisləri, jurnalistlər və ziyalılar arasında sorğu keçirib.

 

YAŞAR, yazıçı

- Azərbaycanla yanaşı, Rusiyada da əksər futbolçuların nitq qabiliyyəti aşağı səviyyədədir. Bir dəfə ANS-də gürcü futbolçu Adamiyanın rus dilində çıxışına baxdım. İnanın ki, onunla müqayisədə futbolçularımız yüz dəfə yaxşı danışırlar. Keçmiş SSRİ dövründə hərbi xidmət zamanı dil qabiliyyətini müəyyən qədər itirirdik. Gah rus, gah da öz dilimizdə danışırdıq, ən primitiv, qaba, kobud sözləri götürürdük. Hesab edirəm ki, futbolçuların da karyerası hərbi xidmət kimi bir şeydir. Onlar peşələri ilə əlaqədar çox vaxt hazırlıq prosesində olurlar, bu səbəbdən mütaliəyə, televizora baxmağa lazımı vaxt ayıra bilmirlər. Digər tərəfdən, futbolçu əsasən, «ayağı» ilə düşünür. Bu halda, dilində qüsurlar olur. Futbolçular karyeralarını bitirdikdən sonra çatışmazlıqları aradan qaldıra bilirlər. Xaricdə elələri var ki, aparıcılıq, şərhçilik edirlər. Ona görə ki, özlərinə lazımı vaxt ayıra bilirlər.

 

Qalib TOĞRUL, Qol.Az saytının eksperti

- Mən futbolçuların, bütövlükdə idmançıların danışa bilməməsini qətiyyən onların çoxunun ali təhsilinin olmaması və ya formal ali təhsilli olması ilə bağlamazdım. Bizdə nəinki univesitet qapısından içəri keçməmiş futbolçular danışanda, hətta ömrünün 5-6 ilini auiditoriyalarda «çürütmüş» digər peşə sahiblərimiz belə ağzını açanda adamın ürəyi üzülür. Deməli, məsələ təhsildə deyil. Bəs onda nədədir?
Məncə, fikrini ifadə edə bilməməyin əsas səbəbi ya ümumiyyətlə, bədii ədəbiyyat mütaliə etməmək, ya da az oxumaqdar. Xüsusən, nitqin formalaşmağa başladığı orta məktəb illərində oxunanlar daha çox yadda qalır, sonralar dada çatır.
Digər bir səbəb isə futbolçulardan asılı deyil. Bizdə futbol jurnalistikası son illər inkişaf etməyə başladığından konkret terminlərin dilimizdəki qarşılığı təzə-təzə formalaşır və yaşamaq hüququ qazanır. Məhz elə buna görə də, geniş müsahibə bir yana, oyundan sonra futbolçu konkret oyun epizodunu izah etmək istəyəndə «kotan daşa ilişir».
Deməli, futbolçuların yaxşı danışa bilməsi üçün həm biz jurnalistlər (xüsusən idman jurnalistləri) çalışmalı, çevik şərh dili yaratmalı, həm də futbolçular mütaliə etməli, bədii ədəbiyyat olmasa da, heç olmasa, qəzet, jurnal oxumalıdırlar.
Belə olsa, jurnalistlər sözü futbolçuların ağzından «kəlbətinlə almazlar».

 

Rövşən BİNNƏTLİ, «Lider» telekanalının idman redaksiyasının baş icmalçısı

- Bizdə elə futbolçular var ki, danışanda çətinlik çəkirlər. Onların arasında hətta hətta normal səviyyədə danışmağı belə bacarmayanlar var. Uzun müddət qəzet jurnalistikasında çalışdığım dövr bunun şahidi olmuşam. Qonşu Türkiyənin telekanallarını izləyəndən futbolçuların əsl peşəkar kimi danışdığını görürük. Demirəm ki, bizdə belələri yoxdur. Məsələn, Tərlan Əhmədovu nümunə kimi göstərərdim. O, hər zaman qaneedici tərzdə danışır. Geniş anlamda danışsaq, çatışmazlıqlar və qüsurlar çoxdur. Uzun illər bizdə deyilirdi ki, futbolla zəif oxuyanlar məşğul olub, təhsilə lazımı diqqət yetirməyiblər. Ən əsası, bu gün futbolçularımızda kompleks şəkildə ziyalılıq çatışmır. Söhbət təkcə danışıqdan deyil, bütövlükdə davranışdan gedir. Fikrimcə, klublardan çox şey asılıdır. Hər şey sıfırdan başlayır, inkişaf edərək peşəkarlıq da formalaşır. Burda bir məsələni qeyd etmək istərdim ki, bu da azsaylı uşaq məşqçilərimizin kiçik yaşlı futbolçularla kobud danışıq tərzidir. Bu, uşaqlarda qeyri-etik və qaba xarakter formalaşdırır. Gələcəkdə bunun mənfi nəticələri olur. Elə etmək lazımdır ki, 6-8 yaşlı uşaq gələcəkdə hansısa klubu və milli komandanı təmsil edəcəyini indidən bilsin. Buna layiq olmaq mədəniyyətə, əxlaqa və kompleks ziyalılığa bağlanır. Bizdə bu sahədə heç bir iş görülmür. Hətta futbolçuların özündən soruşmaq olar ki, niyə danışa, fikrini izah edə bilmirsən, sənə nə mane olur? Mütəxəssislər arasında da belələri var. Bizdə məşqlər zamanı futbol terminlərinin çoxu rus dilində işlədilir. Nəticədə xoşagəlməz vəziyyət yaranır. Klublar uşaqların həm futbolçu, həm də vətəndaş kimi yetişməsinə çalışmalıdırdlar. Jurnalistlərin də üzərinə böyük məsuliyyət düşür. Hamımız öz dilimizi sevdirməyə çalışmalıyıq. Hətta əcnəbilərə də. Qeyd edim ki, voleybolçumuz Yelena Şabovtanın türk dilində danışmasından çoxları xəbərsizdir. Türkiyəyə yeni gələn xarici idmançıya dərhal bir neçə söz öyrədilir və o, bunları deməyə məcbur olur.

 

Ağasəlim MİRCAVADOV, Azərbaycanın əməkdar məşqçisi:

- Mən bu fikirlə tam razılaşmıram. Düzdür, futbolçuların təhsili, elmi və dünyagörüşündən çox şey asılıdır. Əsasən gənc oyunçular ola bilər ki, ekran qarşısında danışarkən nədənsə çəkinirlər, utanırlar. Ümumiyyətlə, beş barmağın hamısı eyni ola bilməz. Peyğəmbərimiz Məhəmməd (s.ə.s) çox gözəl deyib ki, beşikdən qəbrədək elm öyrənin. Mütaliə etmək, filmlərə baxmaq lazımdır. İndi futbolçuların çoxu kompüterdən istifadə edir. Öyrənmək üçün utanmaq lazım deyil. 

Çingiz İSMAYILOV, AFFA-nın sabiq baş katibi, keçmiş telejurnalist

- Razıyam ki, əksər futbolçularımızın nitq qabiliyyəti ürəkaçan deyil. Məsələn, mən AFFA-da çalışdığım vaxt qapıçı Cahangir Həsənzadə yaxşı danışa bilmirdi. Təəssüf ki, bəzilərinin nitq qabiliyyəti çox aşağı səviyyədədir. Ədəbi dildə yox, loru ildə danışırlar. Mənə elə gəlir ki, onların arasında kitab, qəzet oxuyan az da olsa var. Futbolçunun karyerası 30-35 yaşınadək olur. Məsləhət görərdim ki, gələcəklərini düşünsünlər. Təkcə futbol oynamaqla kifayətlənmək olmaz. Cəmiyyətə hərtərəfli inkişaf etmiş insanlar lazımdır. Nitq qabiliyyətində mütaliə, söz ehtiyatı böyük rol oynayır. Teatra getmək lazımdır. Hər gün televiziyaya, videoya baxmaqla iş bitmir. Öldürmək, dəhşətlə bağlı filmlərə baxmağın nə faydası var? Klassik filmlərə baxılması məsləhətdir. Vaxtilə hətta idman cəmiyyətlərinin rəhbərləri futbolçuların təhsil alması üçün əllərindən gələni edirdilər. Hətta bəzi futbolçular iki ali təhsil ocağının məzunu olurdular.  

 

Vaqif SADIQOV, Azərbaycan milli komandasının keçmiş baş məşqçisi

-  Futbolçularımızın danışıq səviyyəsindən ciddi narazılığım yoxdur. Onların özlərinə görə savadları, anlayışları var. Milli komandada çalışdığım dövrdə bunun şahidi olmuşam. Bəzi türkiyəli futbolçu və məşqçilərdə danışıq zamanı artistizm olur. 

 


Son xəbərlər