"Qəbələ"nin "Keşlə" ilə 43-cü qarşılaşması
Martın 13-də Topaz Premyer Liqasda 20-ci tura start veriləcək.
Qol.az-ın məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki son tur “İnter Arena”da başlayacaq. “Qəbələ” Bakıdakı qarşılaşmada “Keşlə”nin qonağı olacaq.
Bu, komandalar arasında 43-cü dueldir. İlk qarşılaşması 11 il əvvələ - 2006/07 mövsümünə təsadüf edən rəqiblər indiyədək 42 dəfə üz-üzə gəliblər. “Qəbələ” 14 qələbə qazanıb, 13 heç-heçə edib və 15 matçdan məğlub ayrılıb. 100 qolun vurulduğu görüşlərdə paytaxt klubu üstünlüyə malikdir – 55:45.
Əvvəlki 42 matçdan 38-i çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 11 qələbəsi olan “qırmızı-qaralar” 13 heç-heçə edib və 14 dəfə uduzub. 38 dəfə rəqib qapısına yol tapan "Qəbələ" 49 qol buraxıb.
22-ci dəfə “Keşlə”nin qonağı olacaq “Qəbələ” səfərdəki 21 matçdan 6-da qalib gəlib. Səfərdə 5 bərabərliyi olan “qırmızı-qaralar” 10 dəfə məğlubiyyətə üzülüblər. Rəqib meydanında 20 qolun sevincini yaşayan əyalət təmsilçisi 35 top buraxıblar.
“Keşlə” ilə görüşlərdə “Qəbələ”nin ən məhsuldar oyunçusu Daniel Subotiçdir. O, 5 dəfə fərqlənib. Son iki qarşılaşmanı qolsuz tərk etməyən Filip Ozobiçin hesabında isə 4 top var.
“Qəbələ” artıq 11 matçdır “Keşlə”yə uduzmur. Son 6 qarşılaşmada qalib gələn komanda bu matçlarda ən azı 2 qol vurub.
Xatırladaq ki, Bakıdakı “İnter Arena”da keçiriləcək “Keşlə” - “Qəbələ” qarşılaşması martın 13-ü, saat 15:30-da start götürəcək.