"Neftçi TV" beynəlxalq oyunları yayımlaya bilər" - Rüstəm Allahverdiyev

"Neftçi TV" beynəlxalq oyunları yayımlaya bilər" - <b style="color:red"> Rüstəm Allahverdiyev</b>
ÖLKƏ FUTBOLU 29 İyul 2020 / 16:38 2541
-  A +

Bugünlərdə "Neftçi"nin klub televiziyası fəaliyyətə başlayıb. “Neftçi TV” gündəlik 4 saat olmaqla Yutub üzərindən yayımlanır. Kanalın fəaliyyətində əsas məqsəd isə komanda və klub haqqında ətraflı informasiyaları azarkeşlərə çatdırmaqdır.

Qol.az-ın müxbiri bu yeni layihə ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə danışıb. O, “Neftçi TV”nin azarkeşlərin istəklərini qarşılaya biləcəyini deyib. Qeyd edib ki, məqsədləri gələcəkdə kabel televiziyası yayımına keçməkdir: 

"Uzun müddətdir belə planımız var idi ki, klub televiziyası yaradaq. Həm klubun markası olsun, həm kub haqqında azarkeşlərə bütün informasiyaları birə-bir çatdıraq. Bilirsiniz ki, böyük klubların televiziya kanalları var. "Neftçi" də ölkəmizin böyük bir klubudur. Ona görə biz də istədik ki, ilkə imza ataq və klub televiziyası yaradaq. Hazırda gündəlik 4 saat Yutub üzərindən yayımımız gedir. Bəzi günlər istisna olacaq. Yəni, oyun günlərində əlavə yayımlar olacaq. Hazırda bu şəkildə davam edirik. Gələcəkdə isə kanal formalaşandan, öz yerinə oturandan sonra kabel televiziyasına keçmək planlarımız var. İzləyici sayı barədə isə  müsbət fikir deyə bilmərəm. Çünki hazırda qarşımıza qoyduğumuz hədəfə çatmamışıq. Bu, həm də pandemiya ilə əlaqədardır. Komandadan uzaqda qalmışıq, komanda haqqında daha çox informasiya verə bilmirik. Yəni, hesab edirəm ki, əsas səbəblərindən biri budur. Çünki azarkeş əsas komanda haqqında xəbərlər, məşqlərdən xəbərlər, oyunçuların müsahibələrini və s. tələb edir. Təlabat daha çox onadır. Biz də məlum səbəblərdən bunu edə bilmirik. Nə vaxtsa  komandaya qoşulduqdan sonra, gündəlik məşqlərdən məlumatlar, görüntülər, futbolçulardan və məşqçilərdən müsahibələr verdikdə izləyici kütləsi daha da artar. Nəzərə alaq ki, indi akademiyada da məşqlər dayandırılıb. Heç bir informasiya verə bilmirik. Gündəlik canlı yayım vaxtı "Neftçi" haqqında yazılan yazıların müzakirəsi olur. Amma yeni məhsullar ortaya çıxarmaq istəyirik. Bunlar yalnız komanda haqqında deyil, ümumiyyətlə, "Neftçi" ilə, onun keçmişi ilə bağlı olacaq. Yəni, məlumatlara daha çox ehtiyac var. Amma indiki vəziyyətdə biz bunu edə bilmirik".

Hazırda yayım üçün ən ideal yerin “Bakcell Arena” olduğunu deyən Rüstəm Allahverdiyev bəzi azarkeşlərin "Neftçi"nin loqosunun oturacaqlara vurulmasına görə etiraz etməsinin düzgün olmadığını da vurğulayıb: "İndiki vəziyyətdə bizim üçün ən yaxşı  yer “Bakcell Arena” idi. Gələcəkdə, bizim baza hazır olduqdan sonra yalnız studiya qalacaq, qalan şeylər bazaya köçəcək. Bazanın hazır olmasını gözləsəydik, məsələlər uzanardı. Buna görə də bu işi görmək üçün ən doğru yer “Bakcell Arena” idi.

Azarkeşlərin fikirlərinə hörmətlə yanaşırıq. Amma belə deyək, bütün böyük təcrübələrə baxdıqda klub atributları hər kəs üçün doğmadır. Biz də istəyirik ki, bu atributlar hər yerdə olsun. Bu, markanın simvoludur və bu simvol dünyanın hər yerində "Neftçi"ni xatırlatmalıdır. Bütün dünyada bu təcrübə var. Məsələn, "Barselona"da meydançanın kənarında, "Yuventus"da futbolçuların çıxdığı dəhlizdə yerə vurulub. Hesab edirəm ki, etiraz edənlər böyük bir kütlə deyil. 2-3 nəfər şəxsdir. Fikirlərini səsləndirdilər. Hesab edirəm ki, belə şeylərə önəm vermək lazım deyil. Yəni, gərək loqo insanların baxdıqda gördükləri yerdə  olsun. Dünyada belə təcrübə var. Nəyə görə Azərbaycan istisna olunmalıdır, bunu başa düşmürəm. Təbii ki, biz onların fikirlərinə hörmətlə yanaşırıq".

R. Allahverdiyev komandanın yoldaşlıq oyunlarının “Neftçi TV” vasitəsi ilə yayımlanmasının mümkün olduğunu söyləyib və kanalın gələcək hədəflərindən də danışıb: "Bilirsiniz ki, çempionatın oyunlarının yayım hüququ “CBC Sportda”dır. Buna görə də biz komandanın çempionatdakı rəsmi matçlarını yayımlaya bilmərik. Amma yoldaşlıq görüşlərini rahat bir şəkildə yayımlaya bilərik. Həmçinin də beynəlxalq oyunlar. Ola bilər ki, onları Azərbaycanda heç bir kanal yayımlaya bilmir. Ötən il bizim başımıza gəldi. Moldovada hər şeyi biz təşkil etdik. Amma yayımı “CBC Sport”a verdik. Gələcəkdə belə bir problem yaranarsa, bizim hazırkı materiallarımız, vasitələrimiz görüşü yayımlamağa icazə verir. Bundan başqa, təbii ki, bizim əvəzedici heyətin, aşağı yaş qrupu komandaların matçlarının yayımlanması planlaşdırır.

Bizim üçün əsas olan bu idi ki, başlayaq. Başladıqdan sonrakı ən böyük hədəfimiz isə odur ki, azarkeş kütləsi toplayaq və daha da böyüyək. Yerimizdə durub, saymaq istəmirik. Kanalın kiçik bir heyəti var. Əsas məqsədimiz budur ki, həm kanalın özünü böyüdək, həm də yayım müddətini artıraq".


 

Daha çox


Son xəbərlər
05.08.20  22:41

PSJ-də ciddi itki

05.08.20  19:07

8 qol vurdu, 1-ci oldu