“İki aydır dədən səni görmür, iki ay da sən dədəni görmə” - Aqil Abbas

“İki aydır dədən səni görmür, iki ay da sən dədəni görmə” - Aqil Abbas
ÖLKƏ FUTBOLU 17 May 2020 / 15:28 2363
-  A +

Milli Məclisin deputatı, Azərbaycanın əməkdar jurnalisti Aqil Abbasın müsahibəsi

- Koronavirus səbəbindən artıq iki aydır dünyanın əksər ölkələrində futbol yarışları keçirilmir. Futbolsuz darıxmamısız?

- İdman elə şeydir ki, bir müddət ara verdinsə, məhv olub gedir. Adi bir zədədən sonra iki oyun buraxan futbolçu 4 matça özünü toparlaya bilmir. Bu mənada koronavirus futbola böyük zərbə oldu. Federasiyaların, klubların bu durumdan necə çıxacaqları maraqlıdır. Böyük problemlər yaranacaq. Vəziyyətdən bir ilə çıxacaqlarına belə, şübhə edirəm.

- Klublar böyük məbləğdə maddi itki yaşayacaqlar. Onlar üçün toparlanmaq çətin olmayacaq?

- Əsas gəlir mənbəyi bilet satışı və teleyayımdır. O klublar bunlardan məhrum oldular. Artıq məcburiyyətdən maaşları gecikdirəcəklər, futbolçularını satacaqlar. Azərbaycan klublarının belə bir qorxusu yoxdur. Bizdə oyuna 500 adam gəlir, bir müddət onlar da gəlməsinlər. Hətta bizdə azarkeşlər stadionda 50 metrlik məsafə ilə də otura bilərlər.

- Əksər ölkələrdə heç məşqlər də bərpa olunmayıb. Çempionatların bərpa olunma şansı sanki get-gedə azalır...

- Stadionların 120 metrə qədər uzunluğu var. Komandalarda da 30-a yaxın futbolçu var. Onların məşqini niyə qadağan ediblər? O boyda stadionda hazırlaşsalar, bir-birilərinə 5 metr də yaxınlaşmazlar. Bütün komandanı 14 günlük karantindən keçir, yoxla, məşqə burax da. Futbolçular müntəzəm məşq etməlidirlər ki, başlayanda formadan düşməsinlər. Ən çox ölüm hadisəsi olan ölkələrdən İtaliyada çempionatı bərpa etmək istəyirlər. Çünki futbol gündən-günə məhv olur. Artıq Fransa və Niderlandda mövsüm başa çatdırılıb.

- Azərbaycan Premyer Liqası bərpa olunduqdan sonra necə mübarizə gözləmək olar?

- Ən pisi odur ki, futbolumuz yeni-yeni düzəlirdi. Çempionatımız son bir ildə maraqlı keçirdi. Komandaların hamısı bir-biriləri ilə başabaş mübarizə aparırdılar. Bu futbolçuları artıq əvvəlki formaya qaytarmaq üçün ən azı 2-3 ay vaxt lazımdır. Avropadakı futbolçular yüksək səviyyəlidirlər, onlar tez formaya düşə bilərlər. Amma bizimkilər o səviyyədə deyillər. Məsələn, bütün dünyada komandaların psixoloqları var. Azərbaycanın hansı komandasında psixoloq çalışır? Psixoloq matçdan əvvəl də komandanı hazırlayır, oyun bitdikdən sonra da onları stressdən çıxarmaq üçün bir saat söhbət aparır.

- Bizdə "baş məşqçi özü də psixoloqdur” deyirlər...

- Baş məşqçi psixoloq ola bilməz, heç məşqçiliyi bacarmır, qalmışdı psixoloq olsunlar. Fikir verin, müharibədə iştirak edən adamlar əsəbi olurlar. Çünki onların beynində müharibə sindromu var. Futbolun da sindromu var. Qışqırır, qaçır, yıxılır, zədələnir. 10 dəqiqə qaçanda adamın ciyəri çıxır. Bunlara görə psixoloq lazımdır, amma bizim komandalarda yoxdur.

- Premyer Liqanın iyunun əvvəllərində bərpası gözlənilir. Sizcə çempionatı bitirmək mümkün olacaq?

- İnanmaq istəyirəm ki, tezliklə məşqlər başlayar. Elə çox oyun da qalmayıb. 8 turu ay yarım ərzində bitirmək olar. Məncə, riski gözə alıb davam etdirmək lazımdır. Risk eləməsən şampan içə bilməzsən. Onsuz da, bizdə oyunlara azarkeş getmir. Stadionda iki komandada ümumilikdə 40-50 nəfər adam olur. Testdən keçirilsinlər ki, risk qalmasın. Futbolçular, onsuz da, sağlam olurlar. Guya xaricdə bəzi oyunçularda koronavirus aşkarlayıblar. 10 gündən sonra da deyirlər ki, sağaldı. Bunun hamısı yalandı. Çempionat boyu komandalar öz bazalarında qalsınlar. Yaxşı geniş həyətləri var. Necə ki, iki aydır dədən səni görmür, iki ay da sən dədəni görmə. Dünya dağılacaq? Müvəqqəti çətinlikdir, dözmək lazımdır. Allaha şükür, Azərbaycanda virusa yoluxma dəhşətli dərəcədə deyil. Cənab Prezidentimizin uğurlu işi sayəsində vaxtında bunun qarşısı alındı.

- Siz həm də "Qarabağ”ın azarkeşi kimi tanınırsınız. Bu komandanı yenə çempion hesab etmək olar?

- Oynasalar da, oynamasalar da "Qarabağ” yenə çempion olacaq. Hələ uzun müddət onlara heç kimin gücü çatmayacaq. Futbolçularla əlaqə saxlayıram, hal-əhval tuturam. Futbolçular inanmıram ki, məşqsiz qalalar. Yəqin ki, evlərində hazırlaşırlar (apasport.az).

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı