Qol.Az

“İndidən süni məşqçi yaratmaq lazım deyil” - Mütəxəssislər Rəşad haqda


 

“İndidən süni məşqçi yaratmaq lazım deyil” - <b style="color:red"> Mütəxəssislər Rəşad haqda</b>

Son vaxtlar ölkə mətbuatının əsas mövzularından biri Rəşad Sadıqovun milli karyerasını başa vurmasıdır. Kapitanın bu qərarından dərhal sonra müxtəlif fikirlər səslənməkdədir. Hazırda “Qarabağ”ın U-19 komandasının baş məşqçisi də olan Sadıqovun Robert Prosineçkinin gedişindən sonra milli komandanın sükanı arxasına keçməsi üçün təkliflər irəli sürənlər də var.

Düzdür, təcrübəli futbolçu haqqında çıxan bu xəbərləri təkzib edib. O, yığma komandanı çalışdırmağın hələ çox tez olduğunu bildirib. Bundan başqa, Rəşadın Premyer Liqanın klublarından birində baş məşqçi kimi görmək istəyənlər də az deyil.

Bəs, görəsən, bu haqda mütəxəssislər nə düşünür. Qol.az saytı bununla bağlı məşqçilərə müraciət edib.

Vaqif Sadıqov, AFFA Məşqçilər Komitəsinin sədri:

“Milliylə bağlı fikirlər səsləndirmək çox tezdir. Bu cür xəbərlərin hardan çıxdığını, bu təklifləri kimin irəli sürdüyünü mən bilmirəm. Rəşadla Almaniyada olarkən söhbət elədim. Futbolda qalmaq, karyerasını məşqçi kimi davam etdirmək istədiyini bildirdi. Sevindirici haldır ki, Rəşadın böyük hədəfləri var. Amma hələ tezdir. İstənilən futbolçu yaxşı məşqçi olmaq üçün uzun yol keçməlidir. Rəşadın da belə bir istəyi var. Amma indidən süni məşqçi yaratmaq lazım deyil. Rəşad "Qarabağ"ın futbolçusudur və futbolçu karyerasını davam etdirir. Ona görə də bu cür məsələlərə həssas yanaşmaq lazımdır. Tələsmək olmaz. İnanıram ki, o, futbolçu kimi qazandığı uğuru məşqçi kimi də qazanacaq".

Yunis Hüseynov, “Karvan” və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi: "Mən məşqçiliyə gənc yaşlarımda başlamamışam. Əsl vaxtım idi. Hər bir futbolçu karyerasını başa vurduqdan sonra müəyyən bir işlə məşğul olmalıdır. Hər kəs özünə bir yol seçir. Rəşad özünə bu yolu seçib ki, gələcəkdə məşqçi olsun. Məşqçiliyi oxuyub, A kateqoriyası alıb. İndi də Pro kateqoriyasını oxuyur. Məşqçi olmaq istəyir. Uğurlar arzu edirəm. Başqa heç nə deyə bilmərəm. Milli ilə bağlı iddiaları kim ortaya atır, necə atır, bilmirəm. Rəşad bu yolu seçib, ona uğurlar arzu edirəm. Rəşad hələ məşqçi işləməyib ki, onda nəsə potensial görüm”.

Ağasəlim Mircavadov, əməkdar məşqçi: “Hazırda Rəşad üçün ən önəmlisi təcrübə toplamasıdır. Hər şey Rəşadın özündən asılıdır. Amma biri var oyunçu, biri də var məşqçi təcrübəsi. Bunların arasında yerlə göy qədər fərq var. Mən bunu öz təcrübəmdən deyirəm. Rəşad gözəl insan, gözəl oyunçudu. Neçə ildi “Qarabağ”da sabit oynayır. Yaxşı da təcrübə yığıb. Özündən asılıdır. Rəşadı yaxşı tanıyıram. Xarakterli insandı. Nəyə nail olmaq istəyirsə, olur. Hazırda da “Qarabağ”ın U-19 komandasına başçılıq edir. Amma təcrübə mütləq lazımdı. Çünki epizodlar olur ki, təcrübəsizlikdən istəmədiyimiz nəticələr ortaya çıxır”.

 





12.10.2017    çap et  çap et