Qol.Az

“Prosineçkinin qərarlarına səbrlə yanaşmalıyıq” – Samir Abasov


 

“Prosineçkinin qərarlarına səbrlə yanaşmalıyıq” – <b style="color:red">Samir Abasov</b>

“Sumqayıt” komandasının baş məşqçisi Samir Abasov Qol.az-ın suallarını cavablandırıb

- Topaz Premyer Liqada bir həftəlik fasilə yaranıb. Bu fasilə sizin üçün nə dərəcədə yerinə düşdü?

- Bunun bizə aidiyyatı olmadı. Çünki komandamızın 9 üzvü  Azərbaycan milli komandalarına dəvət olunub. Üç gün müddətində təlim-məşq toplanışında iştirak edəcəklər. İndi 8 nəfərlə məşq edirik. Yığmanın toplanışı uzun müddətli olmadığından yəqin ki, bizim üçün o qədər də problem yaranmaz. Futbolçularımız komandaya qoşulduqdan sonra hər şey öz axarında davam edəcək, məşqlər başlayacaq.

- “Sumqayıt” hər zamankından daha çox bu il Avroliqaya vəsiqə qazanmağa yaxındır. Ümumiyyətlə, hədəfinizdə avrokuboklara düşmək varmı?

- Yox. Amma hər matça qələbə və yuxarı pillələrə yüksəlmək üçün çıxırıq. Avrokuboklara vəsiqə qazanmasaq, faciə, peşmançılıq olmayacaq. Çünki bunu demək üçün ilin əvvəlindən məqsədlər qoyulmalıdır, işlər görülməlidir. Ancaq bütün matçlara qələbə üçün çıxacağıq.

- Martın 9-da millimizin səfərdə Qətərlə yoldaşlıq görüşü olacaq. Sizcə, Almaniya ilə oyun öncəsi bu matç millimizə nə verə bilər?

- Xeyli zamandır milli komanda oynamırdı. Yığmaya bir neçə yeni futbolçu qoşulub. Millimizə legioner həyatı yaşayan futbolçular da dəvət olunub. Qətərlə matç yeni gələn futbolçuların özünü göstərməsi, heyətdə möhkəmlənməsi üçün vacibdir. Bu, onlar üçün əla şansdır.

- Almeydanın millimizə cəlb olunmasına münasibətiniz necədir?

- Əlbəttə, komanda güclənəcək. Ən azı xeyli müddətdir Azərbaycanda olması, millinin heyətində “Qarabağ”lı futbolçuların üstünlük təşkil etməsi milli komandaya tüz uyğunlaşmasına kömək edəcək. Düşünürəm ki, xeyirimizə olan qərardır.

- Millinin baş məşqçisi Robert Prosineçkinin son heyət seçimləri birmənalı qarşılanmır.

- Baş məşqçinin verdiyi qərarlara mən bir şey deyə bilmərəm. Digər futbol adamlarının Prosineçkinin qərarlarını müzakirə etməsi nə dərəcədə düzgündür, bilmirəm. O, hazırda yığmamızı çalışdırır və qərarlarının doğru olub-olmadığını zaman göstərəcək. Onun qərarlarına səbrlə yanaşmalıyıq. Amma mənə elə gəlir ki, bu gün Azərbaycanın ən yaxşı futbolçular, ən yaxşı olmağa namizədlər yığmaya çağrılıb. Nə qədər yeni futbolçu cəlb olunsa belə, yenə köhnə futbolçularımızı meydanda görəcəyimizi düşünürəm.

- Növbəti turda “İnter”lə səfərdə qarşılaşacaqsınız. Oyunla bağlı fikirləriniz necədir?

- Çox çətin və qəliz rəqiblərdən biridir. Son iki matçlarını da izləmişik. “İnter” rəqibin çox qol vəziyyəti yaratmasına imkan verməyən, özü də ən adi bir epizodu yaxşı dəyərləndirib, qola çevirən bir komandadır. Biz səfərdə onlarla oynamışıq. Yəni geriyə bir addım atmağı düşünmürük. Fikirləşməyə də vaxtımız yoxdur. Əlimizdən gələni etməyə çalışacağıq.

Məftun RƏSULZADƏ

 





07.03.2017    çap et  çap et