Milan Baroş: "Kəpəz" haqda məlumatım yoxdur"
"Artıq az yaşım yoxdur. Bu mənada növbəti mövsüm mənim üçün sonuncu ola bilər".
Qol.az-ın məlumatına görə, bunu Çexiya millisinin sabiq hücumçusu Milan Baroş ölkəsinin mətbuatına açıqlamasında deyib. Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"nin potensial rəqibi olan "Mlada Boleslav" klubundan ayrılan 34 yaşlı futbolçu karyerasını "Slovan"da davam etdirəcək.
Baroş Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibləri "Admira" və "Kəpəz" haqda da danışıb: "Mən komandama kömək etmək istəyirəm. Bunun üçün də hər zaman sağlam qalmalıyam. Hər bir futbolçu mövsüm ərzində 20 qol vurmaq istəyir. Mənim isə heç vaxt belə məqsədim olmayıb. Komandama kömək etmək istəyirəm, əgər qol vursam, daha da xoşbəxt olaram. Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərimizə gəlincə nə "Admira", nə də "Kəpəz" haqda məlumatım yoxdur. Azərbaycanla müqayisədə Avstriyaya səfər etmək daha yaxşı olardı. Ancaq baş məşqçi istənilən rəqibə qarşı bizi hazırlayacaq".
Qeyd edək ki, "Kəpəz" - "Admira" cütünün qalibi III təsnifat mərhələsində "Slovan"la qarşılaşacaq.