Sabahın ulduzları

Sabahın ulduzları
ÖLKƏ FUTBOLU 13 Yanvar 2010 / 19:24 7077
-  A +

Azərbaycanda xeyli yeniyetmə istedadlı futbolçu var. Mütəxəssislərin fikrincə, onlardan biri də 11 yaşlı Rafiq Zöhrabovdur. Futbolçu bir sıra keyfiyyətlərinə görə seçilir və onun gələcəyinin parlaq olacağını deyirlər. Rafiq 6 ildir futbolun sirlərini mənimsəməyə çalışır. Onun ilk məşqçisi Fazil Abbasov olub. Hazırda o, “Neftçi” İdman Sağlamlıq Mərkəzində məşqçi Ramiz Səadətovun başçılığı ilə futbolun sirlərinə yiyələnir...  
Gəlin, Rafiq Zöhrabovla yaxından tanış olaq.
Əvvəlcə Rafiqin təhsil aldığı Sabunçu rayonunda yerləşən şəhid Fikrət Tağıyev adına 72 saylı liseyə baş çəkirik. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Qabil Abbasov və bədən tərbiyəsində baş müəllim Tofiq Nəsibovu dinləyirik. Q.Abbasov bunları deyir: “İdman sağlamlıqdır. Sağlam bədəndə sağlam ruh olar. İdmanla məşğul olan şagirdlərin idrak qabiliyyətləri, fiziki sağlamlıqları təhsil sahəsində müvəffəqiyyət qazanmalarına müsbət təsir göstərir. Respublikamızda idmana dövlət qayğısının nəticəsində mötəbər yarışlarda ölkəmiz layiqincə təmsil olunur. Bilirsiniz ki, futbol dünyada ən populyar idman növüdür. Məhz diqqət və qayğının nəticəsində ölkəmizdə gündən-günə bu sahəyə maraq daha da artır. Bizim məktəbdə futbol diqqət mərkəzindədir. İdman zalı və meydançalarımız var. Müəllimlərimiz üzərilərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlirlər. Komandalarımız rayon və şəhər yarışlarında uğurla çıxış edir. Məktəblərdə futbol dərslərinin keçirilməsi ilə bağlı AFFA və Təhsil Nazirliyi arasında anlaşmanı alqışlayırıq. Bu, futbolun inkişafına böyük təkan verəcək. Rafiq Zöhrabova gəlincə o, həm dərslərində, həm də futbol oynamaqda seçilir. İnanırıq ki, onun gələcəyi parlaq olacaq”.        
T.Nəsibov bildirir ki, məktəbdə ən çox maraq futboladır: “Məktəbimizdə şagirdlərin futbola böyük həvəsi var. Rafiqi çoxdan tanıyıram. O, İsmət Qayıbov adına stadionunda futbolla müntəzəm məşğul olur. Rafiq istedadlıdır, məşqlərinə ciddi yanaşır. İnanıram ki, belə davam etsə, o çox yaxşı futbolçu olacaq. Bu il Sabunçu rayonunda keçiriləcək spartakiadaya futbol komandamızın heyətində onu da mütləq aparacağam”. 
Ardından İsmət Qayıbov adına stadiona üz tuturuq. Məşqdən sonra “Neftçi” İSM-in məşqçisi Ramiz Səadətovla görüşürük. Maraqlı bir faktı nəzərinizə çatdıraq ki, bu gün “Qarabağ”da parlayan Maksim Medvedyev, Rauf Əliyev və “Bakı”da oynayan Elvin Əliyev bu mütəxəssisin yetirmələridir. 13 ildir ki, futbolun sirlərini aşılayan məşqçi Ramiz Səadətov da Rafiq Zöhrabov haqqında müsbət fikirdədir: “Rafiq perspektivli futbolçudur, yaşıdları arasında seçilir, istər futbol dünyagörüşü, istərsə də fiziki göstəriciləri yaxşıdır. Onun ən üstün xüsusiyyətlərindən biri xarakterli olmasıdır. Rafiqi texniki cəhətdən də hazırlayacağıq. Onun gələcəyinin parlaq olacağına ümidim böyükdür”. 
Sonda “Sabahın ulduzları” yarışında komandasının uğurları üçün çalışan və məşqdə diqqət mərkəzində olan Rafiqlə söhbətləşdik. “Futbola böyük istək və marağım var. Müdafiə xəttində oynayıram. Ən böyük arzum ulduz futbolçu olmaqdır. Azərbaycan futbolunda kumirim Rəşad Sadıqov, dünyada isə Karles Puyoldur. Əlbəttə, yaxşı başa düşürəm ki, belə futbolçu olmaq çox çətindir. Ancaq həyatda əlçatmaz heç nə yoxdur. Arzuma çatmaq üçün əlimdən gələni edirəm. Hətta elə vaxtlar olub ki, qızdırmalı halda oyuna çıxmışam”.
Balaca futbolçunun hədəfləri sırasında “Neftçi” klubunun formasını geymək, həmçinin Azərbaycan milli komandasının şərəfini qorumaq durur.
Ölkəmizdə azarkeşlik etdiyi komandalar “Neftçi” və “Qarabağ”dır. Avropa milli çempionatlarını da diqqətlə izləyən istedadlı futbolçu “Barselona”nın qarşılaşmalarına maraqla baxdığını dedi.

ANAR

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...