Azərbaycan futbolunun ən tanınmış simalarından biri sayılan İsgəndər Cavadovun müsahibəsi
“Məqsədinə çatmaq üçün mütləq bir sıra sınaqlardan və maneələrdən keçməlisən”
- İsgəndər müəllim, Vaqif Cavadovun “Tvente”yə keçidinə sizin də münasibətinizi bilmək maraqlı olardı...
- Əlbəttə ki, çox xoşdur. çünki Vaqifin Azərbaycandan kənara çıxmasını təmin etmək üçün çoxdan idi ki, çalışırdıq. Hər halda, o, artıq burada özünü müəyyən qədər sübut edə bildi. Həm klubunda, həm də milli komandada ortaya qoyduğu oyun və vurduğu qolları ilə nəyə qadir olduğunu göstərdi. Artıq ölkədən kənarda özünü göstərməyin vaxtıdır. Həm də mənim üçün ona görə sevindirici oldu ki, Vaqifin “Tvente”yə keçidi Azərbaycanın da futbol tarixinə düşdü. Səhv etmirəmsə, bizim futbolçuların bu səviyyədə kluba və çempionata transferi olmamışdı.
- Belə düşünürsünüz ki, məhz Hollandiyanı seçməklə Vaqif düzgün addım atdı?
- Hər halda, ən real və yeganə ciddi təklif bu idi. Bu cür şanslar hər zaman ələ düşmür. Odur ki, düşdüyü anda ondan maksimum istifadə etməlisən. Düzdür, Vaqif orada necə oynayacaq, özünü necə göstərəcək, bu, artıq gələcəyin işidir. Bundan sonrası Vaqifin artıq öz əlindədir. Əgər yaxşı oynayacaqsa, hər şey daha yaxşı və gələcək karyerası daha parlaq olacaq. Yox, əgər zəif oynasa və özünü göstərə bilməsə, günahı ancaq özündə görməlidir.
- Necə düşünürsünüz, Hollandiya çempionatına uyğunlaşmaq onun üçün çətin olmayacaq ki?
- Hər şey ola bilər. Həyatda asan heç nə olmur. Məqsədinə çatmaq üçün mütləq bir sıra sınaqlardan və maneələrdən keçməlisən. Əlbəttə, ola bilər ki, ilk vaxtlar uyğunlaşma baxımından müəyyən problemlər olsun. Amma Vaqif gərək bu məsələdə də peşəkarlıq nümayiş etdirsin. Yəni o, əvvəllcədən də bilirdi ki, Hollandiyaya getmək şansı böyükdür. Odur ki, “Tvente”nin oyunlarını izləməli, Hollandiya çempionatının səviyyəsinə bələd olmalı idi. ümumiyyətlə, istənilən futbolçu getməmişdən bir müddət əvvəl gedəcəyi ölkəni, klubu öyrənməlidir ki, sonradan oraya uyğunlaşmaq asan olsun. Aydın məsələdir ki, Azərbaycan çempionatı ilə Hollandiya çempionatının səviyyəsi eyni deyil. Hər halda, inanıram ki, Vaqif Hollandiyada uğur qazana biləcək.
- Maraqlıdır, bu söhbət ortaya çıxanda sizinlə məsləhətləşdimi?
- Məsləhətləşdi. öncə telefonla söhbətimiz oldu, sonradan üz-üzə oturub danışdıq. Təkcə mən yox, atası Füzuli Cavadov da bu söhbətdə iştirak etdi. çünki Vaqif hər zaman bizimlə məsləhətləşib, sonra addım atır. Bu dəfə də bizdən məsləhət aldı və ona dedik ki, belə şans hər zaman ələ düşmür və onu mütləq dəyərləndirmək lazımdır. Həm də ona başa saldım ki, ora artıq Azərbaycan çempionatı deyil. Hollandiya dünyanın futbol ölkələrindən sayılır. çempionatının səviyyəsi də yuxarıdır. Həmin ölkədə uğur qazanmaq istəyirsənsə, ilk növbədə əsl peşəkar olmalısan.
- Konkret olaraq ona həm əmi, həm də veteran futbolçu kimi hansı məsləhəti verərdiniz? Yəni ilk növbədə nə etməlidir ki, Hollandiyada uğur qazana bilsin?
- İlk növbədə ona məsləhətim budur ki, pul dalınca qaçmasın, karyeranı düşünsün. Sən yaxşı oynayandan sonra pul öz-özünə gələcək. Həm də Vaqif başa düşməlidir ki, o, artıq orada bütün Azərbaycanı təmsil edir. Əgər yaxşı oynayıb özünü yaxşı tərəfdən göstərsə, futbolumuz haqqında da müsbət fikirlər formalaşdıracaq. Bununla həm də digər azərbaycanlı gənc futbolçuların Avropaya yolu açılacaq. Son 20 ildə Azərbaycandan heç bir futbolçu Avropaya çıxa bilmirdi. İş elə gətirdi ki, bu il mümkün oldu. Amma mən düşünürəm ki, bu cür transferlər ən azından 10 il bundan qabaq olmalı idi. Yəni çox gecikmişik. Odur ki, bu cür fürsətləri anında dəyərləndirmək lazımdır.
- Vaqifi klubda bir mövqedə oynadırlar, yığmada bir başqa. Siz necə düşünürsünüz, onun üçün ən ideal mövqe hansıdır? Yarımmüdafiənin cinahlarında oynamaq, yoxsa sırf hücumda?
- Bilirsiniz, hər məşqçinin öz oyun sistemi, futbol fəlsəfəsi var və oyunçuları buna uyğun mövqelərdə oynadır. Odur ki, bu suala cavab verməkdə çətinlik çəkirəm. “Tvente”nin baş məşqçisinə bu sualı versəniz, o daha dolğun cavab verə bilər. Yəqin ki, o, Vaqifin oyununu izləyib. Bundan başqa, özündən də hansı mövqedə daha rahat oynayıb-oynaya bilməyəcəyini soruşacaq. Bir də ki, ora Avropadır. Hər mövqeyə hazır futbolçular olur. Odur ki, mütləq rəqabət aparmalısan. Amma mənim mövqeyimi bilmək istəyirsinizsə, şəxsən mən yarımmüdafiədə oynamasının tərəfdarıyam. çünki o, bu mövqedə özünü göstərə bilib. Bilirsiniz, sırf hücumçu oynamaq çox çətindir. çünki müdafiəçilərin təzyiqini birbaşa hiss edirsən, işin ikiqat çətinləşir. Amma yarımmüdafiədə çıxış edəndə imkanların bir qədər geniş olur. Arxadan oyunu yaxşı “oxuya” bilirsən, qol vurmaq daha rahat olur. Burada baş məşqçinin seçimindən də çox şey asılıdır. Bizim dövrümüzdə elə futbolçu olurdu ki, hücumçu ola-ola baş məşqçi onu yarımmüdafiəyə çəkirdi və həmin futbolçu o mövqedə kifayət qədər güclü təsir bağışlayırdı.
“Mircavadovun ən böyük səhvi İlqarla dil tapa bilməməsi oldu”
- Vaqiflə bağlı bu qədər. Bir neçə kəlmə də bacınız oğlu İlqar Qurbanov haqqında soruşmaq istərdik. Etiraf edək ki, hər kəs İlqarın potensialından danışanda, Vaqifi heç tanıyan yox idi. Amma hazırda hər şey əksinədir. Vaqif Hollaniyaya, İlqar isə günü-gündən geri gedir...
- İlqar çox istedadlı futbolçudur, onun böyük potensialı var. Ancaq heyf ki, bizim məşqçilər onunla dil tapa bilmədilər. Məsələn, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova hörmətimiz var. Amma biz o vaxt ona demişdik ki, ilk növbədə futbolçu ilə dil tapmalısan. Futbolçunun üstünə qışqırmaq olmaz. Gərək hər futbolçu ilə onun psixologiyasına, xarakterinə uyğun davranasan. Bəli, elə futbolçu var ki, onun üstünə qışqırmalısan. Eləsi də var ki, onun başını sığallaya-sığallaya yola gətirməlisən. Vaqifin, İlqarın üstünə qışqırmaq olmaz. çünki onların xarakteri tamam başqadır. Məsələn, İlqarın üstünə qışqırsan, o, dərhal küsəcək. Amma o vaxtı Ağasəlim Mircavadovun ən böyük səhvi onda oldu ki, o, İlqarla dil tapa bilmədi. Mən də başa düşürəm ki, baş məşqçi ilə futbolçu arasında hansısa narazılıq, problem yarana bilər. Amma baş məşqçi gərək oyunçusunun səhvini təklikdə onun üzünə desin. Yoxsa camaatın içində qışqırmaq, söymək, döymək düzgün addım deyil.
- Yeri gəlmişkən, deyilənə görə “Xəzər Lənkəran”ın çempion olduğu 2007-ci ilin mayında Qəbələdə keçirilən oyundan sonra Mircavadov İlqarı vurmuşdu. Həqiqətən belə bir hadisə olmuşdumu?
- Açığı, həmin vaxt orada olmadığımdan, dəqiq bir söz deyə bilmərəm. Ancaq onu bilirəm ki, məşqçi futbolçu ilə münasibət qurmağı bacarmalıdır, əsl psixoloq olmalıdır. Bu sözüm təkcə Mircavadova aid deyil. Mən bütün məşqçilərimizə bunu tövsiyə edirəm. Baş məşqçi gərək özü futbolçular arasında hörmət qazansın ki, ona da hörmət qoysunlar. Əhməd Ələsgərov niyə Əhməd Ələsgərov oldu? Bu xüsusiyyətlərə malik olduğu üçün.
- Amma deyilənə görə, Ələsgərov ən kobud sözlərlə futbolçuları söyürdü...
- Bəli. Belə şeylər də olurdu. Lakin Ələsgərov bu qədər sərt xarakteri olmasına baxmayaraq, futbolçular arasında böyük hörmətə malik idi. çünki bunu qazanmağı bacarmışdı.
- Sizcə, Nazim Süleymanovun gəlişi İlqarın oyununa müsbət mənada təsir edəcəkmi?
- Nazimi tanıyırıq, şəxsən mənimlə bir yerdə futbol oynayıb. Hiss edirəm ki, o gələndən sonra İlqara daha çox oynamaq şansı verir. İnanıram ki, Qurbanov üçün hər şey daha yaxşı olacaq. İlqar hələ gəncdir, cəmi 23 yaşı var. Bu mənada onun da potensialından gərək istifadə edələr.
“Fakt odur ki, “Neftçi” öz sözünü deyə bilmir”
- Çempionatımızın səviyyəsi haqqında hansı fikirdəsiniz?
- Orta səviyyəli çempionat demək olar. Yüksək fikirlər söyləməyə çəkinirəm. Siz məndən də yaxşı izləyirsiniz və səviyyəyə də bələdsiniz. çempionat o vaxt mənim xoşuma gələr, o vaxt məni razı salar ki, stadiona azarkeş gələr. çünki futbolun inkişafını göstərən əsas faktor məhz azarkeşdir. Siz deyin, bu gün bizim stadionlara azarkeş gəlirmi? Azarkeş gəlmirsə, o zaman hansı inkişafdan danışmaq olar? Azarkeşsiz futbol kimə lazımdır? Təsəvvür edin ki, müğənni oxuyur, amma ona qulaq asan yoxdur. Bir də etiraf edək ki, bizim futbolçuların səviyyəsi o dərəcədə oynamağa da imkan vermir.
- Cari mösümdə Peşəkar Futbol Liqası “altılıq” sistemini tətbiq etdi və bu da böyük narazılıqla qarşılandı. Sizcə, bu, düzgün qərar idi?
- Bilirsiniz, mövsüm öncəsi bu, müzakirə olundu və belə qərara alındı ki, “altılıq” sistemi tətbiq edilsin. Görünür, belə düşünülüb ki, “altılıq” düzgün sistemdir. Müəyyən müddət sonra bilinəcək ki, doğrudur, ya yox. Onsuz da 15 ildir eksperiment edə-edə hər il bir formatda çempionat keçiririk. Bu da olsun onlardan biri (gülür).
- Çoxları belə düşünür ki, cari mövsümdə oyun alveri də artıb...
- Burada artıq AFFA yox, klublar günahkardırlar. çünki oyun alqı-satqısını klublar öz aralarında aparırlar. Yaxud hansısa futbolçunun əli ilə bunu həll edirlər. Sadəcə, fakt olmadığından belə şeyləri sübut etmək də çətin məsələdir.
- Sonda “Neftçi”nin hazırkı durumuna da münasibətinizi bilmək maraqlı olardı.
- Bu faktdır ki, “Neftçi”nin oyunu heç kimi qane edə bilməz. Bu klub 75 illik tarixə malikdir. Azərbaycanın ən köklü komandasıdır, böyük azarkeş ordusu var. Ancaq fakt odur ki, bu gün öz sözünü deyə bilmir. ümumiyyətlə, təkcə bu gün yox, 2-3 ildir ki, heç bir uğur qazana bilmir. Orada hansı proseslər gedir, səbəb nədir, bunu artıq deyə bilmərəm. İnanıran ki, yeni rəhbərlik komandanı bu vəziyyətdən çıxara biləcək. Yəqin ki, onlar da futbolçuları, məşqçilər korpusunu yığıb klubun hazırkı durumunu birgə müzakirə edəcəklər. Yeri gəlmişkən, onlara da uğurlar arzulayıram.
Mənbə: "Çempion" qəzeti
"Neftçi" yeni ev formalarını təqdim etdi - Şəkillər
"Mingəçevir" yeni transferini açıqladı
"Rəqibi ciddi şəkildə təhlil etmişik" - Valdas Dambrauskas
VAR qaydalarında dəyişiklik ola bilər
"Sumqayıt"dan yeni transfer - Rəsmi
"Zirə" Türkiyə klubuna qalib gəldi
İspaniya nəhəngi onun transferini açıqladı
"İnter Mayami" "Atletiko" ilə razılaşdı
Sabiq baş məşqçi "Karvan"ın vitse-prezidenti oldu
“Qəbələ” üçün əlimdən gələni edəcəyəm"
"Latsio" azarkeşlərindən kütləvi etiraz aksiyası
10 illik dövr başa çatdı - "Real"dan getdi
"Qarabağ" qrup mərhələsində son matçına çıxdı
Azərbaycan çempionu müəyyənləşdi
“Qəbələ”dən ayrılan futbolçu Türkiyə klubunda
"Mançester Yunayted"in səfər formaları - Şəkillər
Misli Premyer Liqa klubuna yeni baş məşqçi təyin edildi
"Atletiko" yarımmüdafiəçi aldı
"Zirə" Türkiyə klubunu belə məğlub etdi - Video
"İmişli"dən yeni transfer
ÇL-də 2-ci mərhələyə adlayan 12 komanda
"Qarabağ" İsveçdə heç-heçə etdi
"Zirə"nin rəqibindən qələbə
İngiltərə klubunun yeni baş məşqçisi açıqlandı
"Qarabağ" "Zalsburq"a uduzdu
"Sabah"dan "Sumqayıt"a - Rəsmi
"Napoli"yə "hə" dedi
Ötən mövsüm ən çox oynayan futbolçular
"Neftçi"dən günün daha bir transferi
"Zirə" Türkiyə klubuna qalib gəldi
"Arsenal" 8 futbolçunu göndərir
İngiltərə millisinin üzvünün maşınına hücum etdilər - Video
Niko Uilyams yeni müqaviləsi haqda danışdı
"Everton" qapıçı transferini gerçəkləşdirdi
"Zirə" onunla yollarını ayırdı
"Neftçi" növbəti transferini reallaşdırdı - Rəsmi
UEFA 9 klubumuza ödəniş etdi