Hafiz Məmmədov: “Ürəyimə damıb ki, bu gün qələbə qazanacağıq”

Hafiz Məmmədov: “Ürəyimə damıb ki, bu gün qələbə qazanacağıq”
ÖLKƏ FUTBOLU 27 Avqust 2009 / 14:40 2768
-  A +

Bu gün “Bazel”lə qarşılaşacaq “Bakı”nın prezidenti Hafiz Məmmədov Bazeldə olan azərbaycanlı jurnalistlərə müsahibə verib.

 

- Oyunqabağı son məşqi izlədiniz. Komandanın düşərgəsində ab-hava necədir?
- Atmosfer çox əladır. Düzdür, bu gün komandaya çox yaxın getmədim. Bilirsiniz ki, hər zaman nəticədən asılı olmayaraq, komandamı dəstəkləmişəm. “Levski”yə məğlubiyyətdən sonra paltardəyişmə otağına yollandım. Komanda üzvlərinə ürək-dirək verdim. Amma açıq deyirəm, “Bazel”ə Bakıdakı məğlubiyyətdən sonra çox məyus oldum. Məhz bu səbədən də bu gün futbolçularla görüşmədim. Bunu özüm bilərəkdən etdim. Lakin məlumatım var, özüm də şahid oldum ki, əhval-ruhiyyə yüksək səviyyədədir. Onu da deyim ki, ürəyimə damıb - mərhələni keçməsək də, cavab oyununda qələbə qazanacağıq.
- Komanda üçün hər bir şərait yaratsanız da, Bakıdakı oyunda göründü ki, bəzi futbolçular açıq-aşkar şəkildə ümidləri doğrultmadılar. Bu səbəbdən ola bilərmi ki, çempionat öncəsi kimlərsə komandadan getsin?
- Bugünkü oyundan sonra bu məsələni müzakirə edəcəyik. Həqiqətən də bugünkü matçda bir çox futbolçulara qiymət veriləcək. Bu səbədən də onlar özlərini göstərməlidirlər. Bildiyiniz kimi, biz bir çox futbolçuları məhz avrokuboklar üçün transfer etmişik.
- Dediniz ki, futbolçulara qiymət veriləcək. Amma “Bakı”dakı oyundan sonra əksəriyyətin fikrincə, məğlubiyyətin əsas günahkarı baş məşqçidir. Coko Haciyevskinin taleyi necə olacaq? Ümumiyyətlə, siz özünüz Haciyevskini məğlubiyyətin əsas günahkarı hesab edirsiniz?
- Komanda məğlub olubsa, bunda hamının günahı var. Bu səbəbdən əlbəttə ki, baş məşqçi də günahkardır. Oyunun gedişində Haciyevskinin Jabanı əvəzləməsini bizə qaranlıq qaldı. Lakin qarşılaşmadan sonra Haciyevski elan etdi ki, braziliyalı futbolçu özü əvəzlənməsini istəyib. Əgər Haciyevski onu əvəzləməsəydi, peşəkar məşqçiyə yaraşmayan hərəkətə yol vermiş olardı. O ki qaldı məğlubiyyətə, inanın ki, mən özüm də buna təəccübləndim. 7 dəqiqə içərisində 3 qol buraxdıq.  Məğlub olmuşuqsa, həm futbolçuların, həm də baş məşqçinin günahı var. Amma bu o demək deyil ki, “Bazel”lə matçda Haciyevskini təhlükə gözləyir. Belə bir şey yoxdur.
- İlk oyunda Jaba meydandan çıxdıqdan sonra heyətdə onu əvəzləyəcək hücumçu yox idi. Gələcəkdə başqa hücumçunun transfer olunması nəzərdə tutulub?
- Bildiyiniz kimi, avrokuboklarda hər mərhələdə yalnız bir futbolçunu sifariş etmək mümkündür. İmkanımız, daha çox futbolçu sifariş etmək hüququmuz olsaydı, üç hücumçu transfer edərdik. Jaba da yaxşı oynadı. O meydanı tərk edəndən sonra komandamızın nəinki hücum, heç yarımmüdafiə xətti oynaya bilmədi. Müdafiəçilərimiz isə imkanlarından aşağı səviyyədə çıxış etdilər. Mənim yanımda bəzi yoldaşlar oturmuşdular. İnanırsınız, ilk iki qolda onlar özlərini saxlaya bilməyərək, “qoyma, vur, topu çıxar” deyə qışqırırdılar. İsveçrəli dostlarım məktub yazaraq dedilər ki, ölkə mətbuatı “Bazel”in çox bərbad oynayaraq qalib gəlməsindən yazır. 3 oyunu təhlil edirik, 9 qol buraxmışıq. Sissoko kimi qapıçı qapısında 9 qol görüb. Bu 9 qolun demək olar ki, hamısı 60-cı dəqiqədən sonra vurulub. Bu da fiziki durumla bağlı deyil. Sadəcə olaraq, təcrübəsizlikdən irəli gəlir.
- Ötən mövsüm “Neftçi” avrokuboklarda 6 oyun keçirdikdən sonra ölkə çempionatının startında çox uğursuz çıxış etdi. Eyni halın “Bakı”da təkrarlanacağından ehtiyatlanmırsınız?
- Bununla razı deyiləm. Çempionata gələndə hesab edirəm ki, ən güclü heyət indiki halda “Bakı”dadır. Avrokuboklarda komandamızın 3 mərhələdə oynaması çox yaxşı haldır. Böyük təcrübə topladıq. İstəyirəm ki, Azərbaycanda hər il 3-4 klub bu mərhələyə kimi gəlib, çıxa bilsin. Bizim çıxışımızda təcrübəsizlik də öz sözünü dedi. Bəzi səhvlərimiz oldu. Amma səhvlərimizdən nəticə çıxararaq, növbəti mövsümdə daha yaxşı çıxış edəcəyik. Artıq özüm də kifayət qədər təcrübə toplamışam. Avropada iki adlı-sanlı kluba qarşı oynadıq. Bu isə böyük təcrübə deməkdir. Bütün bunları nəzərə alaraq, istəyirəm ki, digər klublarımız da bizim kimi təcrübə toplasınlar. Bildiyiniz kimi, bizim “Böyük Bakı - 2012” lahiyəsi var. Mən özüm-özümə sual verdim, biz artıq bu lahiyə çərçivəsində qarşımıza qoyulan məqsədlərdən birini reallaşdırmağa - qrup mərhələsinə vəsiqə qazanmağa çox yaxınıq. Eyni zamanda uşaq futboluna böyük diqqət ayırırıq. İnanın mənə, 2012, 2014-cü illərdə həmin uşaqlar çox yüksək səviyyəyə çatacaqlar. Həmin vaxt məhz o uşaqların sayəsində Avropada uğur qazanacağıq.
- Bu yaxınlarda legioner limiti dəyişdirildi. Bu qərara münasibətinizi bilmək maraqlı olardı.
- Həmin qərarı qəbul edənlərdən biri mənəm. Lakin həmin qərarın əleyhinəydim. Tam demokratik şəraitdə iclas keçdi. Limit məsələsini çox geniş müzakirə etdik. İsgəndər Cavadovla fikirlərimiz üst-üstə düşmədi. O futbol sahəsində daha təcrübəlidir. Yerli oyunçuların daha çox oynamasını istəyir. Amma mən məsələyə digər tərəfdən - iş adamı kimi yanaşıram. Səviyyəli legionerlər gətirməliyik. Məsəlçün Feliksi götürək. “Ekranas”la oyunlardakı çıxışıyla çoxlarının sevgisini qazandı. Uzun müzakirələrdən sonra “8+3”-ü qəbul etdik. Onu da deyim ki, meydana 4, hətta 5 yerli futbolçunun çıxmasını istəyənlər də var idi.
- Bu qərar klubunuzun gələcək siyasətinə təsir edə bilər?
- Xeyr. “Bakı” klubunda 24-25 futbolçu var ki, onlar arasında həm yerli, həm də xaricilər var. Legioner limiti istər “8+3” olsun, istər “7+4” olsun, biz öz siyasətimizi davam etdirəcəyik.
- Son zamanlar iki yerli oyunçu komandadan getdi. Ramazan Abbasov “Xəzər-Lənkəran”a keçdi, Səbuhi Həsənov isə “Muğan”a icarəyə verildi. İndi də Elvin Əliyevin komandadan gedəcəyi barədə məlumatlar yayılıb...
- Onların rəhbərliklə heç bir problemləri olmayıb. Futbolçudurlar, oynamaq istəyirlər. Amma niyə tələsirlər? Qarşıda gör, nə qədər oyun var. Mən də istəyirəm, onlar oynasınlar. Amma məşqçiyə deyə bilmərəm axı onu oynatma, bunu oynatma. Gedənlər üçün qapımız açıqdır. Amma onlar tələsirlər. Çünki çempionat uzun marafondur, kubok qarşılaşmaları da var.
- “Bakı”nın startdakı oyunları təxirə salındı. Bu, komandaya necə təsir edəcək?
- Üçüncü oyunun təxirə salınmasına razılıq verənlərdən də biri mənəm. Bunu millinin naminə etmişik. Amma ilk iki matçı oynamaq da olardı. Düzdür, bəlkə də kimsə zədə ala bilərdi. Amma oyun praktikası komandaya çox lazım idi. Çünki məşq oyun praktikasını verə bilməz. 
- Bu gün əsas müzakirə olunan məsələlərdən biri də millinin baş məşqçisi Berti Foqtsun ölkəmizdəki fəaliyyətini davam etdirib-etdirməməsiylə bağlıdır. İcraiyyə Komitəsinin üzvü kimi bu haqda nə düşünürsünüz?
- Mən belə hesab edirəm ki, Foqtsun da zamanı azdır. Milli onun rəhbərliyi altında on-on beş oyun keçirib cəmi. Həm də Foqtsun əlində material yoxdur. Ona zaman verməliyik.
- Deyirsiniz ki, Foqtsun zamana ehtiyacı var. Amma Haciyevskinin rəhbərliyi altında millimiz 10-15 günlük hazırlıqdan sonra səfərdə Finlandiyaya qarşı çox gözəl oynamışdı. Lakin həmin oyunu biz hələ də Foqtsun rəhbərlik etdiyi millinin ifasında görməmişik...
- Niyə? Almaniyayla oyunu unutdunuz? Həmin görüşdə uşaqlar çox yaxşı mübarizə apardılar.
- “Bakı” “Bazel”lə oyunda mübarizəni dayandırsa, cari avrokuboklar mövsümünü komandanız üçün uğurlu hesab edəcəksiniz?
- Əlbəttə! Əvvəlcədən də demişdim ki, minimum məqsədimiz bir mərhələ keçməkdir. Amma biz bu gün play-offdayıq. Yalnız “Bazel”lə ilk oyunda 3 qol buraxmağımıza heyfslənirəm. Bu gün qədər avrokuboklarda “Bakı” heç vaxt öz meydanında uduzmamışdı. Bu mənə pis təsir etdi. Heç Bakıda iki qol da buraxmamışdıq. Bugünkü gündə “Bazel”in bərbad vəziyyətdə olmasını bazellilər özləri deyir. Vallah, inanın, şansımız var hələ də “Bazel”i keçməyə. Ürəyimə də damıb ki, bu gün qələbə qazanacağıq. Vaqif Sadıqovun dediyi kimi, həm “Bakı”, həm də “Qarabağ”ın futbolçularının şəxsiyyətə çevrilmək imkanı var. Onu da deyim ki, Azərbaycan futbolu düz yoldadır. Dövlət başçımız, Rövnəq müəllim, futbola böyük diqqət ayırır. Biz də çalıçacağıq ki, prezidentimizi sevindirək. Dövlət başçımız “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova zəng edib, onu təbrik etməklə bir daha futbolumuza necə böyük diqqət ayırdığını sübuta yetirdi. Azərbaycan futbolu bu gün inkişaf edir. Mən inanıram ki, yaxın gələcəkdə bizim də futbolumuz yüksək səviyyəyə çatacaq.  

Daha çox


Son xəbərlər
21.01.25  16:25

"Barselona"da itki

21.01.25  15:40

"Səbail"də ayrılıq