Mircavadov: "Qarabağ" hücumçu sarıdan əziyyət çəkir"
"Qarabağ"ın "Rəvan"la oyununu izlədim. Komanda böyük ərazi üstünlüyünə malik olsa da, qol vurmaqda çətinlik çəkirdi. "Qarabağ"a mütləq qol vuran oyunçu lazımdır. Bu komanda yenə də hücumçu sarıdan əziyyət çəkir. Çünki saysız qol imkanları yaratsalar da, bunlardan az istifadə edə bilirlər. Avropa klublarında həmişə ən azı bir qol vurmaq bacarığı olan hücumçu olur. Şübhəsiz ki, bu il "Qarabağ" Avropada oynayacaq. Buna görə də komanda hücumçu axtarışında olmalıdır".
Qol.Az saytına açıqlamasında bu söləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.
Təcrübli mütəxəssis çempionatın son turunda baş tutan bəzi oyunlar və komandların hazırkı durumu haqda danışıb:
"Qarabağ" "Rəvan"a rahat qalib gəldi. Demək olar ki, "Rəvan" meydana qapısından az top buraxmaq üçün çıxmışdı. "Qarabağ" hərtərəfli üstün oyun nümayiş etdirdi və qalib gəldi.
"Xəzər Lənkəran"ın öz meydanda "Bakı"ya uduzmağı gözlənilən deyildi. "Bakı" ikinci qolu 90-cı dəqiqədə vurub. Yəqin ki, "Xəzər Lənkəran" hücuma çox aludə olduğu üçün qapısında ikinci qolu görüb. "Xəzər Lənkəran"ın müdafiəçiləri xoşuma gəlmir. Bunu "Qəbələ" ilə qarşılaşmada gördüm. Baxın, hər oyunda top buraxırlar. Bu, yaxşı hal deyil.
"Neftçi" həmişə "İnter"lə yaxşı oynayıb. Ancaq son turda əsas futbolçularından bir neçəsinin olmaması təsirini göstərdi. Bununla belə, bu komanda yaxşı gücə malikdir, potensialı böyükdür. "Neftçi" bu gün "Qarabağ"dan altı xal geri qalır. Ancaq bu komandaların bir-biri ilə qarşıda iki oyunu var. Bu görüşlərdə "Qarabağ" səhvə yol verməsə, liderliyini qoruyacaq.
"Qəbələ"nin oyunu isə iki hücumçu - Sobotiç və Mendinin üzəridə qurulub. Son turda AZAL öz oyunu ilə "Qəbələ"yə qalib gəlməli idi. Ancaq bəxt amili "Qəbələ"nin tərəfində oldu. Demək olar ki, bütün mübarizələrdə AZAL qalib gəlirdi. Sonda isə "Qəbələ" qələbə qazandı. AZAL-ın çatışmazlığı büdcəsinin az olmağıdır. Buna görə də ehtiyat qüvvəsi yoxdur. Ancaq Vaqif Sadıqov yaxşı bir komanda formalaşdırıb.
"Bakı" son dörd oyunda qalib gəlir. Bu komanda aşağı pillələrdən üçüncü yerə qalxmağı bacardı. Həmişə deyirdim ki, çempionluq üç komanda arasında gedəcək. Ancaq indi demək olar ki, 4-5 komanda qızıl medal üçün yarışacaq. Bu, çox yaxşı cəhətdir. Belə gərgin mübarizə çempionatın səviyyəsini artıracaq".