"Neftçi" "Fənərbaxça"dan üstün komandalarla oynayıb"

"Neftçi" "Fənərbaxça"dan üstün komandalarla oynayıb"
ÖLKƏ FUTBOLU 8 Yanvar 2014 / 15:32 3904
-  A +

"Neftçi" klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidovun Qol.Az saytına müsahibəsi


- Başa çatan ili həm özün, həm də "Neftçi" üçün necə dəyərləndirirsən?

- 2013-cü il bizim üçün yaxşı keçdi. Çünki hemin il çempionluğu qeyd etdik. Daha sonra yeni mövsümə başladıq və gərgin oyunlarımız oldu. İlk turlarda yaxşı çıxış etsək də, qış fasiləsinə az qalmış bəzi oyunlarda məğlub olduq və vacib xallar itirdik. Bunun nəticəsidir ki, liderliyi əldən verib, üçüncü pillədə qərarlaşdıq. Ancaq hələ heç nə itirilməyib. Öz çıxışlarıma gəldikdə isə ötən il "Neftçi"nin heyətində az oynadım. Ancaq milli komandada müntəzəm çıxış etdim və oyun təcrübəsindən korluq çəkmədim. Klubumda isə özümü o qədər də göstərə bilmədim. Bu da baş məşqçi dəyişiklikləri ilə bağlı oldu. Komandaya yeni baş məşqçi gəldi və özümü göstərmyə kifayət qədər vaxt olmadı. Qarşıda bizi təlim-məşq toplanışı gözləyir. Orada özümü sübut etməliyəm. 2013-cü ildəkindən daha çox çalışmalıyam ki, əsas heyətdəki yerimi qaytarım.

- "Neftçi" ötən mövsümlə müqayisədə zəif təsir bağışlayır. Bunun başlıca səbəbini nədə görürsən?

- Qeyd etdiyim kimi bizdə baş məşqçi dəyişiklikləri oldu. Bu da istər-istəməz komandanın oyununa, nəticələrə təsir edir. Hər bir məşqçinin öz oyun üslubu var. Baş məşqçi oyun fəlsəfəsini komandaya çatdırmaq üçün xeyli vaxt lazım olur. Ancaq bu gün lider "Qarabağ"dan bizi cəmi iki xal ayırır. Əsas məqsədimiz odur ki, növbəti dövrədə ötənilki çıxışlarımızı bərpa edək və məğlub olduğumuz oyunların əvəzini çıxaq.

- Ötən mövsüm "Neftçi" və "Qarabağ" çempionluğa ən iddialı rəqib sayılırdı. Bu mövsüm isə mütəxəssislər "Qarabağ"ın adını çox çəkir...

- Hər bir komandada eniş dövrü olur. Ötən ilin sonlarında bizdə də bu, baş verdi. Düzdü, bu mövsüm "Qarabağ" bizə qalib gəldi. "Qarabağ" çempionluğa ən iddialı komandalardandır. Ancaq sırf bir oyunla heç nə demək olmaz. Çünki "Qarabağ" "Rəvan" və "Simurq" kimi klublarla xal itirib. Bizim də sonuncu pillələrdə yerləşən komandalarla çətinliklə qələbə qazandığımız oyunlar olub. Onu da nəzərə almaq lazımdır ki, "Neftçi" ardıcıl üç ildir  çempion olur. Buna görə də bütün komandalar bizimlə oyuna əlavə motivasiya ilə çıxırlar. 

- Ola bilərmi ardıcıl üç çempionluqdan sonra "Neftçi" futbolçularında əvvəlki istək olmasın?

- Hər bir futbolçu dəfələrlə çempion olmaq istəyir. Çempionluq şirindir, hamı onu çox dadmaq istəyir. Biz çempion olduqca məsuliyyətimiz daha daha da artıb. Çempion komanda fikirləşir ki, geriləmək olmaz, keçənilki uğuru təkrarlamaq lazımdır. Ancaq digər klublar da iddiasından geri qalmır, bəziləri bizim ardıcıl çempion olmağımızı həzm edə bilmir, başqa komandanın çempion olmağını istəyir. Bütün bunlar rəqabəti artırır. "Neftçi" asan qırağa çəkilməyəcək, çempionluq üçün sona qədər mübarizə aparacaq və öz sözünü deyəcək.

- Türkiyədə keçiriləcək təlim-məşq toplanışında "Fənərbaxça" ilə yoldaşlıq oyunu keçirəcəksiniz. Bu oyuna necə yanaşırsınız?

- Demək olar ki, iki ölkənin ən güclü komandası qarşılaşacaq. Azarkeşlər tərəfindən də bu oyuna böyük maraq var. Yoxlama oyunu olsa da, hər bir komanda öz ölkəsini təmsil edir. Reklam baxımından da bu oyunun əhəmiyyəti böyükdür. Sevindirici haldır ki, "Fənərbaxça" kimi klub bizə yoldaşlıq oyun keçirmək üçün bizə təklif göndərdi. Yəqin "Neftçi"ni layiqli rəqib hesab edirlər ki, belə addım atıblar. "Fənərbaxça" ilə oyuna yaxşı motivasiya olmuşuq. Sanki çempionatın hansısa lider komandası ilə oynayacağıq. Qalib gəlmək ehtimalımız da var. Çünki "Neftçi" "Fənərbaxçadan" üstün komandalarla oynayıb. Avroliqadakı rəqiblərimiz olan Milan "İnter"i ilə "Rubin" "Fənərbaxça"dan adlı-sanlı komandadır. 

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
topaz banner