“Allahın qoyduğu qanuna heç bir heyvan, heç bir varlıq mane ola bilməz”

“Allahın qoyduğu qanuna heç bir heyvan, heç bir varlıq mane ola bilməz”
ÖLKƏ FUTBOLU 2 Yanvar 2014 / 11:30 3446
-  A +

At İlinə qədəm qoyduq. Hamı kimi futbolmütəxəssislərimiz də. Amma onların arasında elələri var ki, həyatlarına elə At İlindən başlayıblar.  Azərbaycan milli komandasının sabiq, Bakının “Rəvan” komandasının hazırkı baş məşqçisi Şahin Diniyev kimi. O, 1966-cı il iyulun 12-də anadan olub. Bu il 48 yaşı tamamlanacaq təcrübəli mütəxəssis Lent.az-a müsahibəsində “At”lardan danışdı...

- Ümumiyyətlə, 12 heyvanlı təqvimlə maraqlanmısınız?
 
- Doğrusu, məlumatım yoxdur. Maraqlanmağa vaxtım olmayıb, bunu astroloqlar daha yaxşı izah edə bilər. Bir şeyi bilirəm ki, Allahın qoyduğu qanuna heç bir heyvan, heç bir varlıq mane ola bilməz. Hər şeyin başında Allah durur. Yəni, mən belə iddiaları ciddi qəbul etmirəm.
 
- 2002-ci il də At İli idi. Həmin ili necə xatırlayırsınız?
 
- Həmin il mən “Qarabağ”ın baş məşqçisi idim. Bu vəzifəyə 2001-ci ilin avqustunda təyin olunmuşdum. Amma 2002-ci ildə nəinki futbolumuzda uğur, ümumiyyətlə, futbol yox idi. Məlum hadisələr üzündən AFFA-nın bayrağı altında keçirilən çempionat 13 ayadək dayanmışdı. Həmin At İlində futbolumuzda durğunluq idi. Yəni, pis dövrə düşdü. Bunun bir daha təkrarlanmasını arzulamıram.
 
- Bəs 1990-cı il yadınızda necə qalıb?
 
- Həmin il də xalqımıza böyük faciə üz verib. 20 yanvar hadisələri olub. O ildə də yaxşı bir şey görmürəm. Bu, faciəli tarix idi. Amma həmin il futbol aləmində uğurlarım olub. Çox yaxşı futbol oynayırdım. Legioner həyatı sürürdüm. 1990-cı ildə Moldova “Nistru”sunun heyətində SSRİ çempionatının I dəstəsində çıxış edirdim. Elə həmin il Rusiya “Fakel”inə keçdim. Futbolçu kimi problemlə üzləşmirdim. Amma ən yaxşı dövrüm 12 yaşımda olub. Ümid edirəm ki, 48 yaşıma təsadüf edəcək 2014-cü il də daha yaxşı olacaq.
 
- 1978-ci ildə nə baş vermişdi ki, həmin ili uğurlu adlandırırsınız?
 
- Həmin il uşaq idim. Öz sahəm üzrə çalışmırdım. Sadəcə, kiçik problemlərim vardı: Dərs oxumaq, “5” almaq. Həqiqətən də yaxşı oxuyurdum, əlaçı idim.
 
- Amma doğum iliniz Azərbaycan futbolu tarixində ən uğurlu dövrə təsadüf edir. 1966-cı il SSRİ çempionatında “Neftçi”nin bürünc medal qazanmasından neçə yaşınızda xəbər tutdunuz?
 
- Bunu orta məktəb illərində eşitmişdim. Lakin 1966-cı ilin futbolumuz üçün nə qədər uğurlu olduğunu ilk dəfə 1983-1984-cü illərdə Anatoli Banişevskidən öyrəndim. Həmin vaxt Banişevskinin rəhbərliyi altında Mingəçevirin “Avtomobilçi” komandasında məşq edirdim. Onun işinə yaxından bələd olduqca anladım ki, doğrudan da ən uğurlu dövrün ən böyük qəhrəmanının rəhbərliyi altında çalışıram.
 
- Ailənizdə Sizdən başqa At İlində doğulanı var?
 
- Nəinki ailəmizdə, ən yaxın qohumlarımız arasında da beləsi yoxdur.
 
- Növbəti ildən nə gözləyirsiniz?
 
- Yeni İllə bağlı arzularımı 3 yerə bölərdim. Əvvəla, ailə, dost-tanış, qohum-əqrəbalarımdan heç kimin səhhət sarıdan əziyyət çəkməmələrini diləyirəm. Çalışdığım sahədə iddialı bir “Rəvan” komandası formalaşdırmağı çox istərdim. Vətənlə bağlı arzum isə Qarabağın Azərbaycana qovuşması, qayıtmasıdır.
 
- “At muraddır” deyiblər...
 
- Atın xüsusiyyətlərini bilirəm. At hər cəhətdən insanlara yaxındır. İt və at ən sadiq heyvanlardırlar. Həm də at - arzu, muraddır. Azərbaycan tarixində olan qəhrəmanların bu adı qazanmasında atların böyük rolu olub. At – qəhrəmanlıq simvoludur.
 
- 2014-cü ilin At İli olması səbəbindən arzularınızın yerinə yetəcəyinə ümid edirsiniz?
 
- İnsanda ən böyük inam Allaha olmalıdır. Dalınca gələn bəzi xırda məsələlər isə ümidlərdir. İnsan həmişə çətin vəziyyətdə olduqda ümidlərə, qurduğu xəyallara, gələcək uğurlara daha çox bel bağlayır. Amma mən deyə bilmərəm ki, bu il hamıya uğur gətirəcək. Həm həyatda, həm də idmanda bəxt də böyük amildir. Xüsusən, məşqçi üçün.
 
- Özünüzü nə qədər bəxtli insan sayırsınız?
 
- Hər insana Allah tərəfindən şans verilir. Sadəcə, bu şansları dəyərləndirmək qabiliyyəti olmalıdır. İndiyədək nəyə nail olmuşamsa, özüm qazanmışam. Kənar qüvvələr sayəsində yox, öz savadım, öz ağlım, öz işim, öz oyunum hesabına əldə etmişəm. Mən özümü xoşbəxt sayıram ki, məhz bu amillər sayəsində buradək gəlib çatmışam. 13 yaşımda Bakıya gəlmişəm. Ailəmiz rayonda, özüm də azyaşlı... Ondan sonra öz həyatımı özüm qurmuşam. Şükür Allaha, indi isti ocağım da, ailəm də var. Bunlara nail olduğum üçün özümü xoşbəxt sayıram. Uğurlarımı bəxt amili ilə izah edərdim. Uğur da, uğursuzluq da bəxtdən irəli gəlir. Hər bir insanın həyatında ağ və qara xətlər olur. Fikrimcə, mənim həyatımda daha çox ağ xətt var. Bura qədər gəlib çatdığım üçün özümü xoşbəxt sayıram.


Daha çox


Son xəbərlər