"Qarabağ"a qalib gələcəyimizə inanıram"

"Qarabağ"a qalib gələcəyimizə inanıram"
ÖLKƏ FUTBOLU 10 Dekabr 2013 / 16:20 2640
-  A +

"Bakı" klubunun müdafiəçisi Şəhriyar Əliyevin Qol.Az saytına müsahibəsi

- Ötən tur "Sumqayıt" üzərində qələbə qazandınız. Bu görüş haqda fikirlərini bilmək istərdik.

- Bəlkə də çempionatda ən ağır oyunumuz oldu. Külək imkan vermirdi ki, matçı istədiyimiz kimi keçirək. İkinci hissədə isə ümumiyyətlə topu hərəkət etdirmək olmurdu. Şükürlər olsun ki, çətinliyə baxmayaraq, 2:1 hesabı ilə qələbə qazandıq.

- Uzun müddətdir zədədən əziyyət çəkirdin. "Sumqayıt"la oyunda 20 dəqiqə meydanda oldun. Öz çıxışın haqda nə deyə bilərsən?

- Ardıcıl bir neçə dəfə zədələndim. Buna görə də əvvəlki oyunumu tez bir zamanda bərpa etmək çətindir. Ancaq ezliklə həmin formama qayıdacağam. Məşqlərdə özümü yaxşı tərəfdən göstərirəm. Baş məşqçimiz də sağolsun artıq iki oyundur mənə şans verir. Belə davam etsəm, tez bir zamanda formamı yığacam.

- Növbəti turda sizi "Qarabağ"la çətin oyun gözləyir...

- "Qarabağ" Azərbaycanın ən güclü komandalarından biri, bəlkə də birincisidir. Oyunlarına nəzər yetirdikdə güclü hücum xətlərinin olduğunu görürük. Hər oyun rəqib qapısına 3-4 qol vururlar. Ancaq qol da buraxırlar. Yəni bu, o demək deyil ki, "Qarabağ"a qalib gəlmək olmaz. Həm də biz öz meydanımızda oynayacağıq. Bu da bizim üçün bir üstünlükdür.

- "Qarabağ"ın "Neftçi"yə qalib gəlməyi sizi daha da ehtiyatlanmağa vadar edirmi?

- Bir futbolçu kimi bütün oyunları izləyirik. Bilirik ki, hansı komandaya qarşı oynayırıq. Rəqibin əsasən hücum xəttini qeyd etmək istəyirəm ki, hər oyunda çox kəsərli hücumlar sayəsində böyük hesabla qalib gəlirlər. Çalışacağıq ki, ilk növbədə "Qarabağ"ın hücum xəttini zərərsizləşdirək.

- Yəni heç-heçə də sizi qane edir?

- "Qarabağ"a qalib gəlmək mümkündür. Bizim komanda da tədricən öz oyununu tapır. Gördüyünüz kimi çətin "Xəzər Lənkəran"ı 3:0 hesabı ilə məğlub etdik. İnşallah "Qarabağ"a da qalib gələrik. Komandamızın qələbəsinə inanıram.

- "Qarabağ" "Bakı" ilə oyunda Rəşad Sadıqov, Almeyda, və Reynaldo kimi futbolçuların xidmətindən yararlana bilməyəcək. Qələbəyə əmin olmağın bundan irəli gəlir? 

- Qeyd etdiyiniz futbolçular hamısı "Qarabağ"ın aparıcı üzvüləridir. Almeyda və Reynaldo təkbaşına oyunun taleyini həll edə biləcək futbolçulardır. Buna görə bəlkə də bir qədər üstünlüyümüz var. Ancaq həmin futbolçular olmadan da "Qarabağ" güclüdür. Sadəcə mən öz komandamıza güvənirəm.

- Artıq 2013-cü il sona çatır. Başa çatmaqda olan ili "Bakı" üçün necə dəyərləndirmək olar? "Bakı"nın bu gün 5-ci pillədə qərarlaşmağı nə dərəcədə qaneedicidir?

- Bu il bizə yeni baş məşqçi gəldi. O, komandanı yaxşı tanımırdı. Ancaq tədricən hər şey qaydasına düşür. Qış fasiləsindən sonra komandamız tam formalaşacaq, baş məşqçi artıq futbolçulara daha yaxından bələd olacaq. Hələ ki, 5-ci pillədə olmağımız pis nəticə deyil. Çünki qarşıda çox qarşılaşmalar var. Fasiləyə qədər iki oyunumuz olacaq. Hər ikisində qalib gəlsək, dördüncü pillədə qərarlaşa bilərik.

Ramiq AĞAMƏMMƏDOV  

Daha çox


Son xəbərlər