"Neftçi"də əvəzedilməz futbolçu yoxdur"

"Neftçi"də əvəzedilməz futbolçu yoxdur"
ÖLKƏ FUTBOLU 27 Noyabr 2013 / 11:15 2649
-  A +

"İnter"ə qarşı yaxşı oyun göstərə bilmədik. Kiminsə adını çəkmək istəmirəm, komanda olaraq çox pis oynadıq. Rəqib üç il ardıcıl bizə məğlub olmuşdu. Ona görə də bu oyuna yaxşı köklənmişdilər. Onları yaxşı stimullaşdırmışdılar. Yəqin ki, onlara hər hansı bir mükafat da vəd olunmuşdu".

Bu sözləri Qol.Az saytına açıqlamasında "Neftçi" klubunun futbolçusu Mirhüseyn Seyidov Topaz Premyer Liqanın 14-cü turunda "İnter"ə məğlub olduqları oyun (1:3) haqda danışarkən deyib.

Gənc yarımmüdafiəçi "İnter"ə məğlubiyyətin səbəblərindən danışıb. Qeyd edib ki, "Neftçi"də "İnter"dən fəqli olaraq istək çatmayıb: "Həmin gün "İnter" bizə nisbətən daha istəkli idi. Neçə ildir ki, "İnter"dən belə oyun görməmişdik. Çox yaxşı taktika seçmişdilər. Bizdə olan boşluqları yaxşı gördülər və istifadə etdilər. Ona görə də qalib gəldilər".

M.Seyidov görüşün 63-cü dəqiqəsində komanda yoldaşı Flavinyonun rəqib futbolçunu vuraraq qırmızı vərəqə aldığı epizod haqda da fikirlərini bildirib: "Hamı bilir ki, Flavinyo topla yaxşı rəftar edir. Buna görə də hər bir baş məşqçi futbolçularına Flavinyoya yaxın oynamağı tapşırır. Bunun nəticəsidir ki, "İnter"in futbolçuları Flavinyoya qarşı çox sərt oynayırdılar, ayağına vururdular. Əslində baş hakim Rəhim Həsənov vaxtında "İnter"in bəzi oyunçularını cəzalandırsaydı, heç bir qalmaqal baş verməzdi".
 
21 yaşlı futbolçu "İnter"lə matçın ardından yaşanan qalmaqal haqda da danışıb: "Oyundan sonra komandalar paltardəyişmə otağına gedərkən "İnter"in 88 nömrəli futbolçusu Denis Silvanın ailəsini təhqir edib. Silva isə bu təhqirlərə dözməyib, ona zərbə vurdu. Biz bununla bağlı Silva ilə danışdıq. Bildirdi ki, rəqibin futbolçusu onu bir neçə dəfə təhqir etdiyi üçün özünü cilovlaya bilməyib. Həm də istər-istəməz uduzanda adam əsəbi olur".

M.Seyidov onu da əlavə edib ki, "Neftçi"nin iki aparıcı üzvü növbəti görüşü buraxsa da, onlar üçün çox da çətin olmayacaq: "Flavinyo "Neftçi"nin əsas fiqurlarından biridir. Ancaq bizim komandada əvəzedilməz futbolçu yoxdur. "Sumqayıt"la oyunun hazırlıqlarına başlamışıq. Yəqin ki, baş məşqçimiz iki əsas futbolçunun yoxluğunda müəyyən taktika seçəcək və onların oynamaması hiss olunmayacaq".

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu