"Bakı-2015" Avropa Oyunlarının rəsmi loqosu təqdim olundu

"Bakı-2015" Avropa Oyunlarının rəsmi loqosu təqdim olundu
ÖLKƏ FUTBOLU 24 Noyabr 2013 / 18:27 2403
-  A +

Noyabrın 23-də Romada keçirilən Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyası işini başa çatdırıb.

Qol.Az-ın xəbərinə görə, tədbirin son günü “Bakı–2015” Avropa Oyunlarının təqdimatı olub. Təqdimat çərçivəsində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin iyununda Bakıda keçiriləcək birinci Avropa Oyunlarının rəsmi loqosunu təqdim edib.

Azad Rəhimov çıxışında bildirib ki, xalqımız ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməkdən böyük fərəh hissi duyur. O deyib: “Bizim loqomuz xalqımızın idman irsindən qürur duymasını, qonaqpərvərliyə sədaqətimizi, ölkəmizin idman, biznes və turizm mərkəzi kimi mövqeyini əks etdirir”.

Nazir deyib ki, Avropada idmanın gələcəyini formalaşdırmağa töhfə verəcək “Bakı–2015” Oyunları Azərbaycan ictimaiyyəti üçün yeni şəhər, nəqliyyat, iqtisadi mənfəətlər və infrastruktur deməkdir.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki “Bakı–2015” Avropa Oyunlarının rəsmi loqosunun təqdim edilməsinin tədbirə hazırlıq istiqamətində vacib bir mərhələ olduğunu diqqətə çatdırıb. O deyib: “Avropa tarixində ilk dəfə qitə üzrə multi idman tədbiri keçiriləcək. Əksər avropalı atletlər üçün bu tədbir böyük əhəmiyyət daşıyacaq”. Avropa Oyunlarında 49 ölkədən 5400-dən çox atlet 18 idman növü üzrə yarışacaq.
“Bakı–2015” Avropa Oyunlarının Əməliyyat Şirkətinin icraçı direktorunun müavini Cim Şerr bildirib ki, Bakıda sürətlə həyata keçirilən quruculuq işləri, yeni infrastrukturun yaradılması bir daha paytaxtımızın 2015-ci ildə avropalı atletləri qəbul etməyə tam hazır olacağının göstəricisidir.
Sonra Cim Şerr və Milli Olimpiya Komitəsinin beynəlxalq münasibətlər departamentinin direktoru Könül Nurullayeva birgə təqdimatla tədbir iştirakçılarına “Bakı–2015” Avropa Oyunlarına hazırlıq işlərinin aparılması barədə ətraflı məlumat veriblər. Vurğulayıblar ki, Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması üçün Bakıda bütün zəruri tədbirlər həyata keçiriləcək.

Loqo təqdimatı Roma ilə yanaşı, eyni vaxtda Bakıda və Madriddə də nümayiş olunub.

Bakıda keçirilmiş təqdimat mərasimində Azərbaycan atletləri yeni loqonu dərhal qəbul ediblər.

35 yaşlı azərbaycanlı dizayner Adəm Yunisov tərəfindən tərtib edilmiş bu yeni loqo alov, su, əfsanəvi simurq quşu, xalı və nar da daxil olmaqla, ev sahibi ölkənin qədim və müasir mədəniyyətini əks etdirən beş başlıca elementi bir araya gətirib. A.Yunisovun açıq ictimai müsabiqə nəticəsində seçilmiş loqo tərtibatı ölkənin təbii gözəlliklərini, mədəniyyət və irsini, o cümlədən Avropanın ən sürətlə inkişaf edən şəhərlərindən biri kimi Bakının assosiasiyasını təsvir edir. Bu loqo, həmçinin İspaniyanın Atletiko Madrid futbol klubunun oyunçularının idman köynəklərini də bəzəyəcək.
Sonda Azad Rəhimov iclas iştirakçılarını maraqlandıran sualları ətraflı cavablandırıb.

Tədbirdə, həmçinin “Bakı–2015” Avropa Oyunları ilə bağlı stend də qurulub. Milli geyimli gənclər assambleya iştirakçılarına paytaxtımızın görməli yerlərini əks etdirən şəkillərdən ibarət albom, üzərində “Bakı–2015” Avropa Oyunlarının loqosu həkk olunmuş döş nişanı və digər hədiyyələr paylayıblar.

Mənbə: az.itv.az

Daha çox


Son xəbərlər
29.04.24  12:37

Xavinin yeganə ümidi