Ruslan Əmircanov: "Tam başqa "İnter" görəcəksiniz"

Ruslan Əmircanov: "Tam başqa "İnter" görəcəksiniz"
ÖLKƏ FUTBOLU 7 Noyabr 2013 / 18:05 4923
-  A +

"İnter" klubunun müdafiəçisi Ruslan Əmircanovun Qol.Az saytına müsahibəsi

- Əvvəlcə ötən tur "Rəvan"la çətin oyununuz (3:2) haqda təəssüratlarını bilmək istərdik.

- "Rəvan"a yeni baş məşqçi gələndən sonra dəyişikliklər görünür. Şahin Diniyev komandanı inkişafa doğru aparır. Onların son oyunlarını izlədikdən sonra bildik ki, bizi çox çətin qarşılaşma gözləyir.  Ona görə çox ciddi hazırlaşmışdıq. Bu mövsüm doğma meydanda qələbə qazanmamışdıq. Bu da bir tərəfdən məsuliyyətimizi artırırdı. Bunun nəticəsində ilk dəqiqələrdən rəqibi açılmağa qoymadıq və iki qol vurduq. Sonradan biraz boşaldıq, qapımızda bir qol gördük. İkinci hissədə hesabı artırdıq. Son dəqiqələrdə isə "Rəvan" qapımıza yenə yol tapdı. Buraxdığımız qol heç də yorğunluğumuza görə deyil. Komandamız fiziki cəhətdən yaxşı vəziyyətdədir. Deyərdim ki, bu cəhətdən digər komandaları üstələyirik. Cari mövsümdə öz meydanımızda ilk qələbəmizi qazandığımız üçün çox sevinirik. İnşallah ardı gələcək.

- Artıq "İnter"in özünə gəldiyini demək olar. Bu, baş məşqçinizin hansısa taktiki dəyişikliyi sayəsində oldu?

- Uduzduğumuz oyunlarda komanda yoldaşlarımla oturub müzakirə edirdik ki, niyə belə oldu, harda səhv etdik? Özümüz də səbəbini tapa bilmirdik ki, niyə uduzuruq. Son oyunlarda baş məşqçimiz taktikanı dəyişdi. Artıq keçən il oynadığımız taktikaya keçmişik. Oyunçularda da dəyişiklik oldu. Bəzi futbolçular əvəzləndi. Yeni sistemlə bizdə irəliləyiş görünür. Burada baş məşqçinin böyük rolu var. Ancaq baş məşqçi özü futbol oynamır, onun tapşırıqlarını biz yerinə yetiririk. İndi biz dərədən dağın başına doğru addımlayırıq.  Oyundan-oyuna biz də hiss edirik ki, komanda özünə gəlib. Qış fasiləsində yəqin ki, heyətimizi yaxşı futbolçularla gücləndirəcəyik. Artıq III dövrədə tam başqa "İnter" görəcəksiniz.

- "Qarabağ" və "Neftçi" "İnter"dən fərqli olaraq stabil çıxışları ilə ilk pillələrdə qərarlşıb. Bu komandalara çatmaq "İnter" üçün nə dərəcədə asan olacaq?

- "İnter" həmişəki kimi iddialıdır. Yenə də ilk yerlər uğrunda mübarizə aparırıq. Məqsədimiz çempionluq, ya da avrokuboklara vəsiqə qazanmaqdır. "Qarabağ" və "Neftçi" ilə hələ üç oyunumuz var. Aramızda 20-30 xal fərqi yoxdur ki, deyək çətin olacaq. Cəmi 10-12 xal fəqimiz var ki, bu da futbolda cüzi fərqdir. Özümüzə inanmalı və mübarizə aparmalıyıq.

- Növbəti turda sizi "Simurq"la səfər oyunu gözləyir. Bu görüş haqda nə düşünürsünüz?

- Bilirik ki, "Simurq" heç də zəif komanda deyil. Həmişə deyirlər ki, guya "Simurq" "İnter"ə dost komandadır. Həmişə "Simurq"la oyundan qabaq belə söz-söhbətlər yayılır. Ancaq digərləri kimi bu komanda da bizim rəqibimizdir.  Çalışacağıq ki, istədiyimiz nəticəni qazanaq. Əgər 90 dəqiqə ərzində oyuna canımızı qoymasaq, heş kim bizə oyun verən deyil.

- Birinci dövrədə "Simurql"a oyununuz prinsipial olmuşdu və uduzmuşdunuz.

- Bəli, öz meydamızda "Simurq"a məğlub olmuşduq. Özünüz də gördünüz ki, bu komanda heç  də zəif deyil. Çalışacağıq ki, "Simurq"dan revanş alaq.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər